Azərbaycanın müdafiə naziri İrana rəsmi səfərə
gəlmişdir
Azərbaycan
Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun
başçılıq etdiyi nümayəndə heyəti
İran İslam Respublikasının müdafiə və
Silahlı Qüvvələrə dəstək naziri,
general-mayor Hüseyn Dehqanın dəvəti ilə Tehrana rəsmi
səfərə gəlmişdir.
AzərTAc
xəbər verir ki, aprelin 14-də İranın Müdafiə
Nazirliyində general-polkovnik Zakir Həsənovun
qarşılanma mərasimi olmuşdur.
Sonra
iki ölkənin nümayəndə heyətlərinin
geniş tərkibdə keçirilən
görüşündə regional təhlükəsizlik və
digər məsələlər müzakirə edilmişdir.
İranın
dost və qardaş ölkə Azərbaycan ilə əlaqələrinin
yüksələn xətlə inkişaf etdiyini vurğulayan
H.Dehqan ötən həftə Prezident İlham Əliyevin
Tehrana rəsmi səfərinin bu münasibətlərin bariz
nümunəsi olduğunu bildirmişdir.
Müdafiə
naziri Z.Həsənov əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulmuş Azərbaycan-İran
dostluq əlaqələrinin bütün sahələrdə, o
cümlədən müdafiə sahəsində uğurla davam
etdirildiyini diqqətə çatdırmışdır. Bu əlaqələrin
möhkəmlənməsinin bölgədə sülhə və
təhlükəsizliyə mühüm töhfə
olduğunu qeyd edən Azərbaycanın müdafiə naziri
iki dost ölkənin müvafiq nazirlikləri arasında
birbaşa əlaqələrin qurulmasının 10 illiyinin
tamam olduğunu demişdir.
Zakir
Həsənov Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi nəticəsində Ermənistanın
20 ildən artıq müddətdə Azərbaycan
torpaqlarının 20 faizini işğal altında
saxladığını, bir milyondan çox azərbaycanlının
yurd-yuvalarından didərgin düşdüyünü bildirərək
problemin tezliklə həll edilməsinin bölgədə
sülhün və sabitliyin bərqərar olmasına töhfə
verəcəyini demişdir.
Müdafiə
naziri Z.Həsənov general-mayor H.Dehqanı Azərbaycana səfərə
dəvət etmişdir.
Sonra
Azərbaycanın müdafiə nazirinin
başçılıq etdiyi nümayəndə heyəti
İranın müdafiə sənayesi sərgisi ilə
tanış olmuşdur.
General-polkovnik
Z.Həsənov Azərbaycanın İrandakı səfirliyinə
gələrək ulu öndər Heydər Əliyevin
büstü önünə əklil qoymuşdur.
Müdafiə
naziri, general-polkovnik Zakir Həsənovun İrana rəsmi səfəri
aprelin 15-dək davam edəcəkdir.
Oqtay Bayramov
AzərTAc-ın xüsusi
müxbiri,
Tehran
Azərbaycan.-2014.- 15 aprel.- S.6.