Beynəlxalq konfrans öz işinə başlayıb

 

Aprelin 14-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 40 illiyi ilə əlaqədar bu ali məktəbdə "Su təsərrüfatı və mühəndis kommunikasiyanın müasir problemləri və ekologiya" mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlamışdır.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova müasir dövrdə su təsərrüfatı və meliorasiya, həmçinin ətraf mühitin mühafizəsi problemlərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Rektor bu istiqamətdə respublikamızda aparılan dövlət siyasətindən, həyata keçirilən mühüm layihələrdən  danışmışdır.

Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkə iqtisadiyyatında, o cümlədən meliorasiyasu təsərrüfatının davamlı inkişafında, tikinti və şəhərsalma sahəsində böyük nailiyyətlər əldə edilmişdir.

Nəzərə çatdırılmışdır ki, ümummilli liderin siyasətinin  layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı istiqamətində reallaşdırılan dövlət proqramları, ümumilikdə, ölkə iqtisadiyyatının inkişafına güclü təkan vermişdir.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramını qəbul etməklə ölkənin inkişaf konsepsiyasının parametrlərini müəyyənləşdirən dövlət başçısı respublika iqtisadiyyatının yeni mərhələ üzrə inkişafına nail olmuş, Azərbaycanı regionda qüdrətli dövlət kimi tanıtmışdır.

Beynəlxalq konfransın universitetin 40 illik yubileyi ərəfəsində keçirildiyini diqqətə çatdıran G.Məmmədova onun yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, bu illər ərzində universiteti bitirmiş minlərlə mütəxəssis nəinki respublikamızda, eləcə də xarici ölkələrdə uğurlar qazanmış,  məzun olduqları ali təhsil müəssisəsinin adını uca tutmuşlar.

Milli Məclisin deputatı Mixail Zabelin məzunu olduğu universitetlə bağlı xatirələrini bölüşmüş, azərbaycanlı mütəxəssislərin xarici ölkələrdəki fəaliyyətini yüksək qiymətləndirmişdir.

Konfransda "Çay sularından elektrik enerjisinin alınması" mövzusunda məruzə ilə çıxış edən Belqrad Universitetinin su təsərrüfatı və kommunikasiya sistemləri fakültəsinin professoru Jovan Despotoviç ölkəsinin bu sahədəki təcrübəsindən danışmış, qarşıya çıxan problemlərin həllindən söz açmışdır.

Konfransda "Müasir tikintidə istilik enerjisinin nəzəri və praktiki aspektləri, Azərbaycanın su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi üzrə fəaliyyət planının məqsəd və  vəzifələri", "Kür-Araz düzənliyinin suvarılan torpaqlarının drenaj təminatının və meliorasiya vəziyyətinin qiymətləndirilməsi" və digər mövzularda məruzələr dinlənilmişdir.

Sonra konfrans işini bölmələrdə davam etdirmişdir.

Konfransda Təhsil Nazirliyinin, "Azərsu", "Azərbaycan MeliorasiyaSu Təsərrüfatı" açıq səhmdar cəmiyyətlərinin və digər dövlət qurumlarının nümayəndələri, bir sıra xarici ölkələrin ali təhsil müəssisələrindən olan alim və mütəxəssislər iştirak edirlər.

Konfrans aprelin 15-də başa çatacaqdır.

 

Azərbaycan.-2014.- 15 aprel.- S.8.