Monteneqro Azərbaycan ilə iqtisadiyyatın müxtəlif

sahələrində əlaqələrin inkişafında maraqlıdır

 

Aprelin 17-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Monteneqro əlaqələrinin inkişaf etdiyini vurğulamış, ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırmışdır.

Bu ilin mart ayında Azərbaycan nümayəndə heyətinin Monteneqroya səfərini xatırladan nazir Şahin Mustafayev səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclasının, görüşlərin, həmçinin adamlarının iştirakı ilə biznes forumun keçirildiyini qeyd etmişdir. Bildirilmişdir ki, ikitərəfli siyasi əlaqələrin yüksək səviyyədə olması və ölkələrimizin potensialı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır.

Diqqətə çatdırılmışdır ki, ötən il TAP layihəsi üzrə imzalanmış Anlaşma Memorandumu Azərbaycan və Monteneqro arasında enerji sahəsində əməkdaşlıq üçün gözəl imkandır. Hazırda iki ölkə arasında bir sıra investisiya layihələri nəzərdən keçirilirbu layihələrin uğurlu icrası dövlətlərimiz arasında əlaqələrin inkişafına xidmət edəcəkdir. Ölkələrimiz arasında kənd təsərrüfatı, turizm, infrastrukturinvestisiya qoyuluşu sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial vardır.

Nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, soydaşlarımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını bir daha vurğulamışdır. Nazir təəssüflə qeyd etmişdir ki, münaqişə ilə bağlı hələ də ikili standartlar tətbiq olunur, işğalçı Ermənistanın və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki qondarma rejimin nümayəndələrinə Avropaya səfər etmək üçün vizalar verilir, beynəlxalq tribunalarda onlara çıxış etmək imkanı yaradılır. Şahin Mustafayev beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquqa əsaslanan prinsipial mövqe nümayiş etdirməsinin vacibliyini qeyd etmişdir.

Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç inkişaf edən Azərbaycan-Monteneqro əlaqələrindən məmnunluğunu ifadə etmiş, respublikamızın dinamik inkişafının ölkəsinin diqqət mərkəzində olduğunu demişdir.

Monteneqro barədə məlumat verən R.Krivokapiç ölkəsinin Azərbaycan ilə iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafında, xüsusilə də investisiya qoyuluşu sahəsində maraqlı olduğunu diqqətə çatdırmışdır.

 

Azərbaycan.-2014.- 18 aprel.- S.3.