ABŞ dövləti erməni
uydurmalarına görə
türk dünyası ilə münasibətləri
pozmaz
Senatın Xarici əlaqələr komitəsinin qərar
layihəsini
gündəliyə salmaması da bunu təsdiq etdi
Xəbər verdiyimiz kimi, ABŞ Senatının Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı" iddialarını dəstəkləyən qərar layihəsini qəbul etmişdi. Ermənipərəst senatorlar Robert Menendezin və Mark Kirkin təklifi ilə gündəmə gətirilən qərar layihəsinin lehinə 12, əleyhinə isə 5 senator səs vermişdi. Türkiyədə, Azərbaycanda və ümumilikdə, türk dünyasında birmənalı şəkildə "böyük tarixi səhv" adlandırılan bu qərar Senatın gündəliyinə salınmadığına görə dünya erməniliyi kifayət qədər məyus olub. Doğrudur, bu məsələ aprelin sonlarında yenidən gündəliyə gətirilə bilər. Ancaq aprelin 24-dək nəyəsə nail olmaq istəyən Amerika erməniləri hələlik böyük peşmançılıq içərisindədirlər.
Senatın Xarici əlaqələr komitəsinin qəbul etdiyi qərarın mahiyyətinə və həmin qərarın ABŞ-Türkiyə münasibətlərinə göstərəcəyi təsirə gəlincə isə, ümumi fikirlər belədir ki, bu hadisə Amerikanın imicinə ciddi zərbədir. Çünki əgər söhbət xalqlara qarşı ədalətin bərpa olunmasından gedirsə, senatorlar əvvəlcə 1992-ci ildə Xocalıda baş verən soyqırımı faktına diqqət yetirməli idilər. Real faktları bir tərəfə qoyub, tarixin qaranlıq səhifəsində "baş verən" hadisələri "soyqırımı" kimi təqdim etmək məsələyə ikili standartla yanaşmanın göstəricisidir. Ekspertlər hesab edirlər ki, ABŞ Senatının rəhbərliyi qondarma "erməni soyqırımı" iddialarını dəstəkləyən qərar layihəsinin qəbul olunmasına göz yummaqla ikili standarta yol verib.
Maraqlıdır ki, Vaşinqton ilə Ankara il ərzində, demək olar ki, bütün diplomatik-siyasi, hərbi məsələlərdə eyni mövqedən çıxış edir, bir-birinə açıq və dolayı yolla dəstək verirlər. Ancaq hər il aprel ayı gələndə, necə deyərlər, münasibətlərdə "fırtına" qopur. Bunun əsas səbəbi ermənilərin qondarma "soyqırımı" məsələsini hər il gündəmə gətirmələridir. Bu məsələ gündəmə gələn kimi, ABŞ və Türkiyə qarşılıqlı olaraq bir-birini təhdid edir, bir-birinə eyhamla dolu mesajlar göndərirlər. Bu mənada, Vaşinqtonda yol verilən ikili standartlara qarşı Ankaranın "səs tonunu" yüksəltməsi və cavab xarakterli addımlar atması qəbul edilən diplomatik gedişlərdir.
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Senatının Xarici əlaqələr komitəsində "erməni soyqırımı" ilə bağlı qəbul olunan qətnaməyə kəskin reaksiya verib. Türkiyə XİN-in bəyanatında bildirilir ki, Senat komitəsi tələskənliklə və qeyri-peşəkarlıqla hazırlanmış qeyri-ciddi qərar layihəsini qəbul etməklə öz səlahiyyətləri və cavabdeh olduğu sahə ilə ziddiyyət təşkil edən bir addım atıb. Bəyanatda deyilir: "Tarixi təhrif edən bu siyasi məqsədli addımı rədd edir, qeyri-hüquqi və qərəzli təşəbbüsə müəlliflik edənləri qınayırıq. İnsanlığa böyük acılar yaşadan Birinci Dünya müharibəsi dövründə cərəyan edən faciəvi 1915-ci il hadisələrinə dair ədalətli bir mövqeyə bu ortaq tarixin sahibləri olan türklər və ermənilər tərəfindən birgə dialoq və etimad yolu ilə necə nail oluna biləsəyi hərtərəfli araşdırılmaqdadır. Türkiyə-Ermənistan protokollarında da əksini tapmış, tarixçilərdən ibarət birgə komissiyanın qurulması təklifimiz bu çərçivədə hələ gündəmdədir. Önümüzdəki dönəmdə ABŞ Konqresinin bu cür qeyri-konstruktiv təşəbbüslərlə ABŞ-Türkiyə əlaqələrinə zərbə vurmaq əvəzinə, mövcud konyukturda hər zamankından daha çox önəm kəsb edən müttəfiqlik və ortaqlığımızı möhkəmləndirməyə yönəlmiş cəhdlər göstərməsi, bənzər qərar layihələrinin qanunvericilik planında irəliyə aparılmaması önəm daşıyır".
Türkiyə XİN-in bəyanatında işarə edildiyi kimi, Ermənistan, Türkiyə, Rusiya, Fransa və digər dövlətlərin arxivlərində olan tarixi sənədlər araşdırılarsa, ermənilərin iddialarının heç bir əsası olmadığı ortaya çıxacaqdır. Əslində, dünyadakı əksər tarixçilər də, siyasətçilər də yaxşı anlayırlar ki, ermənilər "soyqırımı" iddiasını məqsədli şəkildə ortaya atıb və bəzi dövlətlər həmin iddialardan öz çirkin məqsədləri üçün istifadə edirlər. Faktlara müraciət etsək görərik ki, bu iddiaların tarixi hətta Birinci Dünya müharibəsindən əvvələ gedib çıxır.
"Erməni soyqırımı" iddiasını ilk dəfə İngiltərə gündəmə gətirib və Osmanlı imperiyasına qarşı təbliğat məqsədi ilə istifadə edib. Buna "müharibə təbliğatı" da demək olar. Təbliğatın müharibə boyu davam etməsi də bunu göstərir. Yəni iddialar Osmanlı imperiyasında 1915-ci il aprelin 24-də verilən təhcir qərarından ("təhcir" sözü ərəbcə olub, insanları bir yerdən başqa yerə köçürmək, yer dəyişdirmək mənasına gəlir) əvvəl meydana çıxmışdı.
Qondarma "soyqırımı" iddialarının məhz 1950-ci ildən sonra dünyada daha tez-tez gündəmə gətirilməsi də maraqlı məqamlardan xəbər verir. Belə ki, Türkiyənin Şimali Atlantika Alyansına - NATO-ya tamhüquqlu üzv olmaq üçün müraciət etməsi həmin dövrə təsadüf edir. 1952-ci il fevralın 18-də bu müraciətə müsbət savab verildi. Məhz bu ərəfədə NATO-ya üzv olan dövlətlərdə rəsmi Ankaraya qarşı erməni təbliğat maşınının işə düşməsi düşündürücüdür. Bir sıra ekspertlər bunun keçmiş Sovet İttifaqı rəhbərliyinin göstərişi ilə baş verdiyini iddia edirlər. Guya, bu yolla Moskva Türkiyənin NATO-ya yaxınlaşmasının qarşısını almağa çalışıb. Digər ekspertlər isə belə bir fikir yürüdürlər ki, uydurma erməni iddialarının gündəmə gətirilməsində məhz Şimali Atlantika Alyansına üzv olan bəzi ölkələrin rəhbərləri maraqlı olublar. Guya, islamafobiya, ksenofobiya xəstəliyinə düçar olmuş siyasətçilər əhalisi müsəlman olan Türkiyənin xristian ölkələrindən ibarət NATO-ya üzv olmasını həzm edə bilməyiblər. Bu yolla, həm də Ankaranı əsaslı güzəştlərə getməyə vadar etmək mümkün idi.
Bəlkə də bu iddiaları səsləndirənlər haqlıdırlar. Çünki proseslərə nəzər salanda görürük ki, Türkiyə 1963-cü ildə Avropa İqtisadi Birliyi ilə (indiki Avropa İttifaqı) sıx əməkdaşlıq etmək barədə müqavilə imzalayandan qısa vaxt sonra, yəni 1965-ci ildə ilk dəfə Uruqvayda "erməni soyqırımı" tanındı. Maraqlı burasıdır ki, 1987-ci ildə quruma tamhüquqlu üzv olmaq üçün müraciət etdikdən sonra rəsmi Ankaraya qarşı erməni təbliğatı daha geniş miqyas aldı. Əgər 1987-ci ilədək qondarma "soyqırımını" Uruqvay və Sənubi Kipr tanımışdısa, bundan sonrakı illərdə 20-dək ölkə bu iddiaları dəstəklədi. Rusiya və Livan istisna olmaqla, həmin ölkələrin demək olar ki, hamısının Avropa və Amerika qitəsindəki dövlətlər olması isə onu deməyə əsas verir ki, erməni lobbisi, həmçinin Qərb müasir, demokratik, qüdrətli Türkiyənin dünyanın güclü siyasi-iqtisadi, hərbi qurumlarına üzvlüyündən və burada aparıcı mövqedə olacağından narahatdır.
Bu gün Ermənistan Respublikası və dünya erməniliyi Qərbdə Tükiyəyə qarşı qısqanc münasibətdən meydana gələn ikili standartların mövcudluğundan maksimum dərəcədə faydalanaraq, Ankaranı "4 T" adlanan tələbləri yerinə yetirməyə vadar etməyə çalışır. Bu tələblər isə qondarma "erməni soyqırımı"nın dünyada və Türkiyədə tanınması, guya "soyqırımı"na məruz qalmış ermənilərin varislərinə təzminat ödənilməsi, qardaş ölkənin şərq vilayətlərində ermənilərə torpaq verilməsidir.
Təbii ki, bu, baş
tutan sevda deyil. Birincisi, ona görə
ki, iddialar heç bir tarixi fakta söykənməyib.
İkincisi, 1915-ci ildə Osmanlı
imperiyasının şərq
vilayətlərində baş
verən erməni üsyanları zamanı yüzlərlə türk-müsəlman,
hətta, yəhudi qətlə yetirilib.
Hər bir dövlət əlinə silah alıb ona qarşı
döyüşən, onun
vətəndaşlarını vəhşiliklə qətlə
yetirən hərbi dəstələri zərərsizləşdirmək
hüququna malikdir.
Osmanlı imperiyası da
dövlətə qarşı
yaranmış təhlükəni
dəf etmək və əhalini qorumaq üçün bu hüquqdan istifadə edib. Yəni necə deyərlər, əlində silah olan quldur dəstələrini
heç bir dövlət gül-çiçəklə
qarşılamadığı kimi, Osmanlı imperiyası da haqlı olaraq, çar Rusiyası, İngiltərə və Fransa tərəfindən silahlandırılan erməni
quldur dəstələrinə
qarşı mübarizə
aparıb. Müharibənin sərt qanunlarından biri də budur
ki, əlində silah olan, döyüşən
heç bir əsgərin və ya döyüşçünün
ölümü soyqırımı
sayıla bilməz.
Digər tərəfdən, Osmanlı
imperiyası tabeliyindəki
bütün millətlərin
nümayəndələrinə xoş münasibət göstərib. Tarixə nəzər yetirsək görərik ki, imperiyada erməni paşaların, saray məmurlarının, nazirlərin,
hətta, baş nazirlərin belə sayı az
olmayıb. Bu, həm də osmanlının erməni azlığa göstərdiyi
diqqətin, etibarın,
münasibətin nəticəsində
mümkün olmuşdur.
Ona görə də 1915-ci il
aprelin 24-də Osmanlı
sultanının "təhcir"
fərmanını "soyqırımı
fərmanı" kimi
qiymətləndirmək ən
azı ədalətsizlikdir.
Çünki bu addımın
atılmasının digər
bir səbəbi də, erməni ailələrini qəzəblənmiş
kütlələrdən qorumaq
olub. Məsələ burasındadır ki, erməni silahlı dəstələri
türk-müsəlmanlara qarşı
kütləvi qırğınlar
törətmişdilər və
bundan qəzəblənmiş
kütlə qisas almaq məqsədi ilə yaxınlıqdakı
erməni kəndlərinə
hücum edə bilərdi. Buna görə də erməni ailələrinin
daha təhlükəsiz
vilayətlərə köçürülməsi
zərurətə çevrilmişdi.
Bu isə həmin
dövr üçün,
necə deyərlər,
qanın su yerinə axdığı
bir vaxtda çox humanist bir addım hesab edilməlidir, nəinki,
"soyqırımı".
Belə
olan halda, Türkiyəyə qarşı
aparılan bu kampaniyanın siyasi müstəviyə çıxarılması
və ona hüquqi don geyindirilməyə
çalışılmasının səbəbi nədir? Diqqət etsək görərik ki, hər il aprel
ayında bu şəkildə davam edən hər prosesin sonunda Ankara Vaşinqtona "borclu" qalır. Yəni Türkiyə "soyqırımı" bəlasından
xilas olmağın müqabilində bir sıra güzəştlərə
getməli olur. Ankara rəsmi sənədlərlə,
imzalarla təsdiq edilməsə də, Vaşinqton qarşısında
bəzi öhdəliklər
götürür. Ancaq bu zaman münasibətlər
də əvvəlki kimi isti olmur.
Sonralar isə sanki heç bir şey olmamış kimi yenidən əlaqələr normallaşır.
Son illər bəzi qlobal güc mərkəzləri "soyqırımı" məsələsindən istifadə edərək Türkiyəyə daha ağır zərbələr vurmağa çalışırlar. Ermənilərin dünyanın müxtəlif ölkələrində qurduqları lobbilər üçün şərait yaradılır və buna görə də onlar cəsarətlə hərəkət edirlər. ABŞ-dakı ermənilər də hər il Vaşinqtona təzyiqləri artırırlar. Bunun qarşılığında Vaşinqtonun lobbiyə qarşı "müqaviməti", guya, getdikcə azalır. Ancaq ABŞ-dakı siyasi dairələr deyəsən, bəzi məsələləri diqqətdən qaçırırlar. Bu məsələlər hansılardır?
Əvvəlcə onu qeyd edək ki, dünyanın tək supergücü ilə strateji tərəfdaşlıq qurmaq hər ölkəyə nəsib olmur. Türkiyə-ABŞ münasibətləri də bu baxımdan çox əhəmiyyətlidir. ABŞ-ın dünyaya səs salan güclü ordusu və geniş siyasi-diplomatik, iqtisadi imkanları var. Ancaq işin bir başqa tərəfi də var: Vaşinqton ilə Ankara arasındakı əlaqələrin iqtisadi tərəfini araşdırsaq, onda çox qəribə bir mənzərə ilə qarşılaşarıq. Görərik ki, dünyanın ən varlı ölkəsi ilə Türkiyə arasındakı ticarət əlaqələri 19 milyard ABŞ dollarından bir az çoxdur. Xarici ticarət dövriyyəsi 400 milyard dollara çatan Türkiyə üçün bu, o qədər də böyük rəqəm deyil.
Digər tərəfdən, Türkiyənin Rusiya ilə ticarət əlaqələrinə diqqət yetirək. Görərik ki, Rusiya ilə ticarətin həcmi 40 milyard dolları ötüb və yaxın perspektivdə bu rəqəm 60 milyarda çatacaq. Bu zaman belə bir sual yaranır: hansı dövlətlə əlaqə daha önəmlidir? Belə olan halda, kağız üzərində qalan və hər gün "içi boşalan" strateji tərəfdaşlıq daha önəmli olur, yoxsa 50-100 milyard dollar həcminədək artma potensialı olan ticarət əlaqələri? Burada Türkiyənin ABŞ və ya Rusiya ilə əlaqələrinin əhəmiyyətini azaltmaq və ya artırmaq fikrimiz yoxdur. Bu dəqiqdir ki, 19 milyard dollardan bir az çox olan Amerika-Türkiyə ticarət əlaqələri vaxt gələr ki, 50 milyard dolları da ötə bilər. Ancaq hər halda sadaladığımız bu faktlar ABŞ rəhbərliyinin diqqətindən yayınmamalıdır. Vaşinqton unutmamalıdır ki, Rusiya coğrafi baxımdan Türkiyəyə Amerikadan daha yaxındır. Avropa İttifaqının "öhdəliklər", ABŞ-ın isə "soyqırımı" oyununu davam etdirməsi nəticəsində, Rusiya ilə coğrafi yaxınlıq amili hərbi-siyasi münasibətlərdə də özünü göstərə bilər. Suriya, Ukrayna məsələləri kimi ciddi problemlərin yaşandığı bir regionda etibarlı tərəfdaşa çox ehtiyac vardır. Bu tərəfdaş isə, birmənalı şəkildə, diz çökmüş Ermənistan deyil, qüdrətli Türkiyədir.
AzərTAc
Azərbaycan.-2014.- 15 aprel.- S.9.