NATO öz arqumentləri
ilə 1991-ci ildə Dağlıq Qarabağda
keçirilmiş qondarma
«referendum»un qanunsuz olduğunu rəsmən
etiraf etmişdir
Bu günlərdə Şimali Atlantika bloku öz rəsmi veb-səhifəsində Moskvanın Rusiya və NATO arasında münasibətlərə aid tezislərinə cavablar yerləşdirmişdir (bax: http://www.nato.int/cps/ru/natolive/topics_109141.htm). Suallardan biri bu ilin mart ayında Ukraynanın Krım Muxtar Respublikasında keçirilmiş qondarma "referendum"un qeyri-legitimliyi barədədir. Sənəddə, xüsusi halda, deyilir:
"Rusiya rəsmiləri iddia edirlər ki, martın 16-da Krımda keçirilmiş qondarma referendum qanuni olmuşdur.
Ukrayna Konstitusiyasına əsasən, həmin referendum qanunsuz olmuşdur, çünki bu Konstitusiyanın 73-cü maddəsində təsbit edilmiş müddəaya görə, "Ukraynanın ərazisinin dəyişdirilməsi haqqında məsələlər yalnız ümumukrayna referendumu yolu ilə həll edilir". Krım Ukraynanın tərkib hissəsi kimi, muxtar respublika statusuna malikdir, lakin onun səlahiyyətləri barədə bütün məsələlər Ukrayna Parlamenti tərəfindən həll edilməlidir (maddə 134) və onun konstitusiyası Ukrayna Parlamenti tərəfindən bəyənilməlidir (maddə 135).
Bundan başqa, qondarma referendum hökumət binaları tutulandan sonra bir neçə həftə ərzində Krımın silahlı Rusiya hərbçiləri tərəfindən təyin olunmuş qondarma rəhbərliyi tərəfindən təşkil edilmişdir".
Beləliklə, NATO öz arqumentləri ilə 1991-ci il dekabrın 10-da Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) keçirilmiş qondarma "referendum"un da qanunsuz olduğunu rəsmən etiraf etmişdir.
Azərbaycan Respublikasının sərhədlərini dəyişdirməyə yönəlmiş bu aksiya o vaxt hələ qüvvədə olan SSRİ Konstitusiyasının 78-ci və 79-cu maddələrinə zidd olduğundan onun heç bir qanuni əsası yox idi.
Xüsusi halda, SSRİ Konstitusiyasının yuxarıda qeyd olunan maddələrində deyilirdi:
"Maddə 78. Müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Müttəfiq respublikaların arasındakı sərhədlər müvafiq respublikaların qarşılıqlı razılaşması üzrə dəyişdirilə bilər, bu razılaşma SSR İttifaqı tərəfindən təsdiq edilməlidir.
Maddə 79. Müttəfiq respublika öz diyar, vilayət, mahal, rayon bölgüsünü müəyyən edir və inzibati ərazi quruluşunun başqa məsələlərini həll edir".
Bundan başqa, Ermənistan rəhbərliyinin qanunsuz keçirilmiş referenduma hansısa qanuni don geyindirmək üçün "Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında" 1990-cı il 3 aprel tarixli SSRİ Qanununun müddəalarına istinad etmək cəhdləri tamamilə əsassızdır. Çünki bu qanun 1991-ci il sentyabrın 5-6-da keçirilmiş SSRİ Xalq Deputatlarının növbədənkənar qurultayı tərəfindən müttəfiq respublikanın SSRİ tərkibindən çıxmasının yeni qaydasını müəyyən etmiş "SSRİ prezidentinin və müttəfiq respublikaların ali rəhbərlərinin birgə bəyanatından və SSRİ Ali Sovetinin növbədənkənar sessiyasının qərarlarından irəli gələn tədbirlər haqqında" qərar qəbul edilməsi nəticəsində öz qüvvəsini itirmişdi. Əslində, bu qərar olmasa belə, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətində qondarma referendum o vaxt artıq öz aktuallığını itirmiş 1990-cı il 3 aprel tarixli SSRİ Qanununun bir neçə maddəsi kobud şəkildə pozulmaqla keçirilmişdi (bununla əlaqədar, müəllifin apardığı ekspert təhlili ilə tanış olmaq üçün bax: http://aze.az/id/50938 və http://aze.az/id/50939).
Nəzərə almaq lazımdır ki, SSRİ-nin mövcudluğunun son anına qədər ölkədə ali hakimiyyət müttəfiq respublikaların (xüsusən muxtar respublikaların) hakimiyyət orqanlarının qərarları deyil, ittifaq hakimiyyət orqanlarının qərarları hesab edilirdi. Buna görə də ölkə daxilində inzibati sərhədlərin istənilən dəyişikliyi yalnız SSRİ-nin qüvvədə olan Konstitusiyasına əsasən və ittifaq hakimiyyət orqanlarının razılığı ilə həyata keçirilə bilərdi.
SSRİ tarixində ittifaqın ali hakimiyyət orqanlarının ən son qərarı isə SSRİ Dövlət Şurasının "Dağlıq Qarabağ Muxtar Vilayətinin SSRİ Konstitusiyasında təsbit edilmiş hüquqi statusunu dəyişdirən" bütün aktları qeyri-konstitusion hesab etmiş və "DQMV ərazisində konstitusion qaydanın bərpa edilməsini" qərara almış "Dağlıq Qarabağ Muxtar Vilayətində və Azərbaycan Respublikası ilə Ermənistan Respublikasının sərhəd rayonlarında vəziyyətin sabitləşdirilməsi üzrə tədbirlər haqqında" 1991-ci il 27 noyabr tarixli qərarı və SSRİ Konstitusiya Nəzarəti Komitəsinin Ermənistan SSR Ali Sovetinin "Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşdirilməsi haqqında" 1989-cu il 1 dekabr tarixli qərarının və Ermənistan SSR MSK-nın DQMV ərazisində Ermənistan SSR Ali Sovetinə seçkilər üzrə seçki dairələrinin yaradılması haqqında qərarının SSRİ Konstitusiyasına və SSRİ qanunlarına zidd, Azərbaycan Respublikası Ali Sovetinin DQMV-nin ləğv edilməsi haqqında 1991-ci il 23 noyabr tarixli qərarının isə SSRİ Konstitusiyasının 86-cı və 87-ci maddələrinə uyğun gəlməyən hesab etmiş "SSRİ Ali Sovetinin və onun Rəyasət Heyətinin, Azərbaycan SSR (Azərbaycan Respublikası) Ali Sovetinin və Ermənistan SSR (Ermənistan Respublikası) Ali Sovetinin Dağlıq Qarabağ Muxtar Vilayətinə dair aktları haqqında" 1991-ci il 28 noyabr tarixli qərarı olmuşdur.
1991-ci il 27 noyabr və 1991-ci il 28 noyabr tarixli bu iki qərar 1991-ci il sentyabrın 2-də DQMV-nin və Azərbaycan SSR-in bir sıra başqa rayonlarının yerində qondarma "Dağlıq Qarabağ Respublikası" yaradılması haqqında özbaşına bəyannaməni ləğv edərək, DQMV-nin Azərbaycan SSR tərkibində statusunu təsdiq etmişdir.
Beləliklə, Dağlıq Qarabağ regionu de-jure məhz Azərbaycan Respublikasının tərkibində qalmaqla, SSRİ-dən çıxmış və beynəlxalq hüququn uti possidetis juris prinsipi üzrə beynəlxalq birlik, o cümlədən BMT tərəfindən, istisna olaraq Azərbaycan dövlətinin tərkib hissəsi kimi tanınmışdır.
Qanunsuz olan təkcə 1991-ci il dekabrın 10-da Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətində keçirilmiş qondarma "referendum" deyildi, əgər bundan sonra da birtərəfli qaydada "referendum" keçirilərsə, o da qanunsuz sayılacaqdır. Çünki o, Azərbaycan Respublikasının (tərkibinə Dağlıq Qarabağın de-jure daxil olduğu dövlətin) qüvvədə olan Konstitusiyasının 3-cü maddəsinə zidd olacaqdır. Həmin maddədə göstərilir ki, "Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər" və "Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi məsələsi yalnız referendumla həll oluna bilər".
Nəzərə alsaq ki, NATO Krımda "referendumu" qanuni saymaqdan onun məhz Ukrayna Konstitusiyasına zidd olması səbəbindən imtina etmişdir, buradan belə hasil olur ki, eyni səbəbə görə NATO oxşar qayda ilə 1991-ci ildə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində keçirilmiş qondarma "referendumu" da qanunsuz və onun statusu üçün heç bir hüquqi nəticəyə malik olmayan aksiya hesab edir.
Vüqar SEYİDOV,
AzərTAc-ın xüsusi müxbiri
Berlin
Azərbaycan.-2014.- 15 aprel.- S.9.