AzərTAc ilə Skandinaviyanın ən böyük informasiya
agentliyi arasında əməkdaşlıq
imkanları müzakirə edilmişdir
Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov İsveç informasiya agentliyinin (Tidningarnas Telegrambyra-TT) rəhbəri Yonas Erikson ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, görüşdə informasiya sahəsində münasibətlərin inkişafı, eləcə də Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və TT agentliyi arasında əməkdaşlıq imkanları barəsində fikir mübadiləsi aparılmışdır.
Rəhbərlik etdiyi agentliyin tarixi ilə bağlı səfirə ətraflı məlumat verən Yonas Erikson bildirmişdir ki, 1921-ci ildə yaradılmış TT Skandinaviyada ən böyük agentlikdir və hazırda 400-dək əməkdaşı vardır. İsveç agentliyinin rəhbəri xüsusilə 2012-ci ildə Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsindən sonra İsveç cəmiyyətində Azərbaycana marağın artdığını qeyd etmişdir.
Daha sonra Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov görüş iştirakçılarına ölkəmizin tarixi, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat vermişdir. Səfir qeyd etmişdir ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi - Dağlıq Qarabağ və onun ətrafındakı yeddi inzibati rayon işğal edilmiş, bir milyondan çox soydaşımız qaçqına və məcburi köçkünə çevrilmişdir. Səfir vurğulamışdır ki, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələbi ilə dörd qətnamə qəbul etmişdir. Lakin Ermənistan bu sənədlərə etinasızlıq göstərməkdə davam edir.
Sonra Adış Məmmədov İsveçin TT agentliyinin nümayəndələrinə Azərbaycan Dövlət Teleqraf Agentliyi barəsində məlumat verərək demişdir ki, AzərTAc Azərbaycanın aparıcı informasiya agentliyi, yeganə rəsmi informasiya mənbəyidir. Agentlik sutka ərzində Azərbaycan, ingilis, rus, fransız, alman və ərəb dillərində müxtəlif mövzularda etibarlı informasiya yayır. AzərTAc Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı, Avropa Xəbər Agentlikləri Alyansı və digər bu kimi qurumların üzvüdür. Onun dünyanın 30-dan çox informasiya agentliyi ilə ikitərəfli müqavilələri və İsveç də daxil olmaqla 20 ölkədə müxbir məntəqələri vardır.
Sonda iki agentlik arasında birbaşa əlaqələrin qurulması imkanları müzakirə edilmişdir. TT agentliyinin nümayəndələri bu cür əməkdaşlığa hazır olduqlarını bildirmişlər.
Rauf ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Stokholm
Azərbaycan.-2014.- 15 aprel.- S.9.