Çexiya Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

 

 

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov aprelin 15-də Çexiya Parlamenti Senatının Avropa İttifaqı məsələləri üzrə komitəsinin rəhbəri Miroslav Kreyçanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Oqtay Əsədov Azərbaycanın Çexiya ilə əlaqələrin inkişafına önəm verdiyini söyləmişdir. O, əməkdaşlığın inkişafında yüksək səviyyəli rəsmi səfərlərin, parlamentlərarası əlaqələrin, imzalanmış hüquqi sənədlərin rolunu xüsusi qeyd etmişdir.

Milli Məclisin sədri Azərbaycanın inkişaf yolundan, əldə etdiyi uğurlardan, ölkəmizdə həyata keçirilən layihələrdən söhbət açmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Oqtay Əsədov Çexiyanın bu problemin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirmişdir.

Azərbaycana ilk dəfə səfər etdiyini söyləyən Miroslav Kreyça ölkəmizdə gördüyü inkişafın onda və nümayəndə heyətinin üzvlərində dərin təəssürat yaratdığını bildirmişdir. O, səfər zamanı keçirdikləri görüşlərin əhəmiyyətindən bəhs etmişdir. M.Kreyça Çexiyanın Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulamışdır.

Görüşdə ölkələrimiz arasında gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2014.- 16 aprel.- S.1.