Çexiya parlamentinin nümayəndə heyəti

Milli Məclisdə bir sıra görüşlər keçirmişdir

 

 

Azərbaycanda səfərdə olan Çexiya Parlamenti Senatının Avropa İttifaqı məsələləri üzrə komitəsinin sədri Miroslav Kreyçanın başçılıq etdiyi nümayəndə heyəti aprelin 15-də Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, komitənin sədri Səməd Seyidov iki ölkə arasındakı dostluq münasibətlərindən, qarşılıqlı səfərlərin əlaqələrin inkişafına verdiyi töhfələrdən danışmışdır.

Miroslav Kreyça son illər Azərbaycanda müşahidə olunan sürətli inkişafı, əldə edilən uğurları yüksək qiymətləndirmişdir. M.Kreyça bu səfərin parlamentlərarası əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümidvar olduğunu demişdir.

Sonra nümayəndə heyəti Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşmüşdür.

Qrupun üzvü Sahibə Qafarova iki ölkə arasındakı dostluq münasibətlərinin məmnunluq doğurduğunu söyləmişdir. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin daha da inkişafında oynadığı roldan danışmışdır.

S.Qafarova qonaqlara Azərbaycanın iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdəki sürətli inkişafı haqqında da məlumat vermişdir. Azərbaycan və Çexiya parlamenti üzvlərinin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiklərini vurğulayan S.Qafarova Dağlıq Qarabağ münaqişəsində rəsmi Praqanın daim obyektiv mövqedən çıxış etməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini vurğulamışdır.

Miroslav Kreyça hər iki ölkəni birləşdirən ortaq dəyərlərin mövcud olduğunu bildirmişdir. O, ölkələrimiz arasında əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2014.- 16 aprel.- S.1.