Azərbaycanın müdafiə naziri İranda bir sıra görüşlər keçirmişdir
İranın
müdafiə və Silahlı Qüvvələrə dəstək
naziri Hüseyn Dehqanın dəvəti ilə Tehranda rəsmi
səfərdə olan Azərbaycanın müdafiə naziri,
general-polkovnik Zakir Həsənovun başçılıq
etdiyi nümayəndə heyəti bu ölkənin
vitse-prezidenti İshaq Cahangiri ilə görüşmüşdür.
Görüşdə
İ.Cahangiri demişdir ki, Azərbaycan Prezidenti İlham
Əliyevin ötən həftə Tehrana rəsmi səfəri
ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin
başlanğıcı olmuşdur. İran istəyir ki,
qonşuluqda ortaq tarixi, mədəni və dini dəyərləri
paylaşan Azərbaycan kimi güclü dövlət olsun. Hər
iki dövlət iqtisadi və ticarət əlaqələrini
gücləndirmək əzmindədir. Prezidentlər İlham
Əliyevin və Həsən Ruhaninin iştirakı ilə
imzalanmış sənədlər bu prosesə böyük təkan
verəcəkdir.
General-polkovnik Z.Həsənov bildirmişdir ki, əlaqələrimizin bütün istiqamətlərdə, o cümlədən təhlükəsizlik sahəsində inkişafı hər iki ölkənin maraqlarına cavab verir.
Həmin gün Azərbaycanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-mayor Həsən Firuzobadi ilə görüşmüşdür.
Görüşdə İran ilə Azərbaycan arasında təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılmışdır.
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov görüşlərdə iştirak etmişdir.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun
başçılıq etdiyi nümayəndə
heyətinin Tehrana səfəri aprelin 15-də başa
çatmışdır.
Azərbaycan.-2014.- 16 aprel.- S.2.