Dini etiqad
azadlığının hüquqi təminatı
haqqında faydalı nəşr
Azərbaycan Respublikası haqlı olaraq bütün dünyada müxtəlif dinlərə sərbəst və azad etiqadın təmin edildiyi bir ölkə kimi tanınır. Tolerantlıq və dözümlülük bir tərəfdən xalqımızın milli xüsusiyyəti kimi ortaya çıxsa da, digər tərəfdən dövlətimizin bu sahədə apardığı məqsədyönlü və ardıcıl siyasətin nəticəsidir. "Yüz illər boyu yüksək mənəvi-əxlaqi dəyərlərin və etnik-dini tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycan cəmiyyətində ayrı-ayrı xalqlar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət, etimad və qardaşlıq münasibətləri mövcud olmuşdur. Biz bunu milli dövlətçiliyimizin böyük uğuru kimi qiymətləndirir, tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunmasını, multikulturalist ənənələrə söykənən ictimai münasibətlərin təbliğini və təşviq edilməsini fəaliyyətimizin başlıca istiqamətlərindən biri hesab edirik" (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın Pravoslav xristian icmasına 03.05.2013-cü il tarixli təbrikindən). Vicdan azadlığının təmin edilməsinə yönəlmiş müvafiq qanunvericilik bazasının formalaşdırılması, onun mütəmadi olaraq təkmilləşdirilməsi və uğurlu tətbiqinə nail olunması da müstəqil Azərbaycan dövlətinin əsas fəaliyyət istiqamətlərindən biri kimi daim diqqət mərkəzindədir.
Ölkəmizdə vicdan azadlığının təmin edilməsinə yönəldilmiş normativ hüquqi aktların içərisində "Dini etiqad azadlığı haqqında" qanun xüsusi yer tutur. Aktın preambulasında göstərildiyi kimi, bu qanun Azərbaycan Respublikasında dini etiqad azadlığının Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq surətdə həyata keçirilməsi üçün təminatlar yaradır, dini qurumların statusunu, hüquq və vəzifələrini müəyyənləşdirir, dini qurumların fəaliyyəti ilə bağlı yaranan münasibətləri tənzimləyir. Bu cür həssas, vacib, eyni zamanda kütləvi münasibətləri nizamlayan aktın hər bir normasının düzgün başa düşülməsi və anlaşılması onun uğurlu tətbiq edilməsinin əsas şərtlərindən biridir. Bu baxımdan tanınmış hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru Simran Həsənovun bu günlərdə "Elm və təhsil" nəşriyyatında işıq üzü görmüş "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun kommentariyası" kitabını faydalı bir nəşr kimi dəyərləndirmək lazımdır. Adıçəkilən qanunun doktrinal və praktik şərhinə həsr edilmiş bu kitabın aktuallığı bir sıra obyektiv səbəblərə söykənir.
Belə ki, qanunun qəbul edildiyi vaxtdan ötən 20 ildən artıq müddət ərzində ölkə həyatının bütün sahələrində olduğu kimi, dini etiqad azadlığının təmin olunması istiqamətində də əhəmiyyətli müsbət dəyişikliklər baş vermiş, bu sahədə dövlət siyasətinin əsasları təkmilləşdirilmiş, yeni idarəçilik prinsipləri formalaşmışdır. Bu prosesə əsas insan hüquq və azadlıqlarının təsbit olunduğu yeni Konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi, Azərbaycan Respublikasının vicdan azadlığı ilə bağlı müddəaları da özündə əks etdirən bir çox beynəlxalq konvensiyalara qoşulması amilləri də öz pozitiv təsirini göstərmişdir. Bütün bunların, habelə dövlət tərəfindən bu sahədə düzgün və çevik qanunvericilik siyasətinin həyata keçirilməsinin nəticəsidir ki, ötən müddət ərzində dini qurumların, xüsusilə ölkə əhalisinin böyük əksəriyyətinin etiqad etdiyi islam dini təşkilatlarının cəmiyyət həyatındakı rolu keyfiyyətcə dəyişmiş və müasir, sivil dövlət-din münasibətlərinin tələb etdiyi bir səviyyəyə yüksəlmişdir.
Dini etiqad azadlığı ilə bağlı ictimai münasibətlər sahəsinin dinamik inkişafı və "Dini etiqad azadlığı haqqında" qanunun tənzimlədiyi münasibətlərin ciddi kəmiyyət və keyfiyyət dəyişikliyinə məruz qalması onun qəbul edilməsindən sonra həmin akta çoxsaylı əlavə və dəyişikliklərin olunmasını zəruri etmiş, bu da öz növbəsində ictimai həyatın bir çox yeni sahələrinin bu qanunun hüquqi tənzimləmə predmetinə daxil olmasına, bəzi sahələrin isə əksinə, oranı tərk etməsinə gətirib çıxarmışdır. Məsələn, qanun qüvvəyə mindikdən sonra onun vəzifələri haqqında 3-cü maddə, dini qurumların nizamnaməsinin (əsasnaməsinin) qeydə alınmasından imtina edilməsi haqqında 13-cü maddə, dini qurumların fəaliyyətinə xitam verilməsi haqqında 14-cü maddə, dini qurumların qeydə alınması və fəaliyyətinə xitam verilməsi barədə şikayətlərə baxılması haqqında 15-ci maddə mətndən çıxarılmış, peşəkar dini fəaliyyət və din xadimləri haqqında 4-1-ci maddə və dini qurumun ləğv edilməsi haqqında 12-1-ci maddə oraya əlavə edilmişdir. 4-cü maddə (Dini mənsubiyyətindən asılı olmayaraq şəxslərin hüquq bərabərliyi), 9-cu maddə (Dini idarələr və mərkəzlər), 12-ci maddə (Dini qurumların nizamnamələrinin (əsasnamələrinin) qeydə alınması), 22-ci maddə (Dini ədəbiyyat və dini təyinatlı əşyalar), 27-ci maddə (Dini qurumlarda işləyən vətəndaşların sosial təminatı və sosial sığortası) tamamilə, bir sıra digər maddələr isə qismən yeni redaksiyada verilmişdir.
Hər dəfə yeni normaların qəbul edilməsi isə, təbiidir ki, bəzi hüquqtətbiq problemlərinin yaranmasını qaçılmaz edir. Bu cür vəziyyətdə müvafiq sahədə elmi-praktik araşdırmaların aparılması ortaya çıxan çətinliklərin qarşısını almağa kömək edə bilər. Belə araşdırmaların nəticəsi olan bu kitab qanunun uğurlu tətbiq prosesinə, qənaətimizə görə, müsbət təsir göstərməlidir.
Qanunun praktik kommentariyasının hazırlanması həm də ona görə dəyərlidir ki, onun mətnində digər normativ hüquqi aktlara çoxsaylı göndərici və blanket normalar yer almışdır. Bu da dini etiqad azadlığı ilə bağlı hüquq münasibətlərinin sistemli xarakterindən, habelə onların bir neçə hüquq sahələrinə, o cümlədən konstitusiya hüququ, mülki, inzibati, beynəlxalq və digər hüquq sahələrinə aid olan normalarla tənzimlənməsi zərurətindən irəli gəlir. Burada əksini tapmış istənilən normanın tam və hərtərəfli dərk edilməsi üçün həm şərh edilən qanunun digər maddələrini, həm də göstərilən hüquq sahələrinin ən azı bir neçəsinin müvafiq müddəalarını qarşılıqlı şəkildə tədqiq etmək zərurəti yaranır. Kifayət qədər peşəkar hazırlıq olmadan bu normaların sistemli təhlilinə və tətbiqinə nail olmaq prinsipcə qeyri-mümkün görünür. Kitabın sonuna əlavə edilmiş siyahıdan da göründüyü kimi, müəllif qanunun normalarının izahı üçün 80-dən çox normativ hüquqi akta, beynəlxalq sənədlərə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) qərarlarına istinad etmişdir. Bu isə, fikrimizcə, oxucuları xeyli vaxt aparan və xüsusi hazırlıq tələb edən bir əməkdən azad etmişdir.
Hüquqi şəxslərin fəaliyyətində daxili (lokal) sənədlərin, xüsusilə onların "konstitusiyası" hesab edilən nizamnamələrin əvəzsiz rolu vardır. Mülki hüquq normalarına görə, hüquq subyektləri bu sənədlər vasitəsilə qanunvericiliyə zidd olmayan istənilən məsələni tənzimləyə bilərlər. "Din dövlətdən ayrıdır" konstitusion prinsipinə görə, dövlətin dini qurumların fəaliyyətinə normativ "müdaxiləsi" məhdud olduğu üçün həmin sənədlər sonuncuların fəaliyyətinin tənzimlənməsində xüsusi əhəmiyyət kəsb edir. Kommentariyada müəllif müxtəlif dini konfessiyalara aid olan daxili (lokal) sənədlərə kifayət qədər tez-tez istinad edir ki, bu da nəşrin praktik əhəmiyyətini artırır.
Dini etiqad azadlığının hüquqi təminatı, din-dövlət münasibətlərinin optimal tənzimlənməsi, dini təşkilatların hüquqi vəziyyəti ilə bağlı müxtəlif ölkələrin hüquq ədəbiyyatında bir sıra mübahisəli məqamlar da mövcuddur. Bu da ilk növbədə ölkələrdəki müvafiq qanunvericilik aktlarının fərqliliyi, müxtəlif hüquq məktəblərinin və yanaşmaların mövcudluğu, habelə qanunvericilikdəki boşluq və ziddiyyətlərlə əlaqədardır. Kitabda yeri gəldikcə bu cür elmi-nəzəri problemlərin, xüsusilə vicdan azadlığı ilə bağlı mövcud diskussiyaların təhlilinə geniş diqqət yetirən müəllif həm də mübahisə və boşluqların aradan qaldırılması üçün konkret mülahizələr, o cümlədən qanunvericilikdə dəyişikliklər edilməsi barədə təkliflər irəli sürür.
"Dini etiqad azadlığı haqqında" qanun kifayət qədər özünəməxsus bir sahəyə aid olan ictimai münasibətləri tənzimlədiyi üçün burada leqal parametrləri müəyyən edilməmiş bir çox ifadə və məfhumların (məsələn, "dini ayin", "dini mərasim", "ibadətgah", "ziyarətgah" və s.) istifadəsi də qaçılmazdır. Kitabda bu cür ifadə və məfhumların nəzəri ədəbiyyatda formalaşmış, bu da mümkün olmadıqda müəllifin özü tərəfindən tərtib olunmuş anlayışları təqdim edilir. Düşünürük ki, bu, qanunun müddəalarının normativ funksiyalarının daha dəqiq dərk edilməsində oxuculara yardımçı olacaq.
Kitabın elmi-praktik baxımdan faydalı ola biləcəyinə həm də belə bir amil əminlik yaradır ki, onun müəllifi Qafqaz regionunun ən iri dini mərkəzlərindən biri olan Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri vəzifəsində çalışır və şərhi verilən qanunun tətbiqi prosesinin bilavasitə iştirakçılarından biridir. Bununla yanaşı, Simran Həsənov həm də Bakı Dövlət Universitetinin Hüquq fakültəsində korporativ hüquqdan mühazirələr oxuyur (Mülki hüquq nəzəriyyəsində dini qurumlar korporasiyaların ən geniş yayılmış növlərindən biri hesab olunur).
Kitabın sonunda istifadə edilmiş ədəbiyyatın, istinad edilmiş normativ hüquqi aktların və İHAM-ın müvafiq qərarlarının siyahısı təqdim edilir ki, bu da, fikrimizcə, nəşrdən istifadəni asanlaşdıracaq.
Yuxarıda sadalananlar bizdə bu nəşrin müvafiq ixtisas üzrə təhsil alan tələbələr, tədqiqatçılar, din xadimləri, müvafiq dövlət orqanlarında çalışan dövlət qulluqçuları, hüquqşünaslar və bu sahə ilə maraqlanan digər mütəxəssislər üçün faydalı ola biləcəyinə ümid yaradır.
Çingiz QƏNİZADƏ,
Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru
Azərbaycan.-2014.- 16 aprel.- S.6.