«Təhsilimi yarımçıq qoydum ki, el-oba köməksiz qalmasın...»

 

Milli Qəhrəmanlarımız

 

Rövşən adi kənd uşaqlarından biri kimi böyümüşdü. Ağdamın Quzanlı kəndində doğulmuşdu. Orta məktəbi bitirəndən sonra təhsilini davam etdirmək üçün Bakıya yollanmışdı. Əslində onu paytaxta böyük arzuları, istəkləri çəkib gətirmişdi. Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olandan sonra qəti qərara gəlmişdi ki, təhsilini başa çatdırıb doğma Quzanlıya qayıtsın. Rövşən Hüseynov atası Şəmil kişiyə yazdığı məktubda da dönə-dönə etiraf edirdi ki, ona Bakıdan çox Ağdamda, doğma kəndində ehtiyac var. Çünki təhsil aldığı orta məktəbdə fizika müəllimi çatışmırdı: "Ona görə də mütləq o yerlərə dönməliyəm, təki salamatlıq olsun!"

Elə atası da bu yolda ona xeyir-dua vermişdi. Demişdi ki, sizi ona görə halallıqla böyütdüm ki, vaxtında-vədəsində el-obanın harayına çata biləsiniz.

Sən demə, təkcə arzulamaqla bitmir,  gərək alın yazısı, qismətlə barışasan. Rövşən universitetin sonuncu kursunda oxuyanda Ağdamdan həyəcanlı xəbərlər gəlirdi. Boya-başa çatdığı el-oba təhlükəli günlərini yaşayırdı. Kəndlər erməni quldurları tərəfindən vəhşicəsinə işğal olunurdu, günahsız adamlar yurdundan-yuvasından didərgin düşürdü. Hər tərəfdə şəhid anasının fəryadı, ah-naləsi eşidilirdi. Artıq təhlükə o həddə çatmışdı ki, adamlar canlarını qurtarmaq üçün ev-eşiklərini tərk edirdilər. Rövşən xatirələrində yazırdı ki, qədər vahiməli günlər yaşasaq da, atam bizə ürək-dirək verirdi, doğma ocağını tərk etmirdi. Deyirdi ki, bu yerlərdə atamın-anamın ruhu dolaşır, onları tənha qoyub getmək elə ölümə bərabərdir. Gərək sonadək dözüm göstərək! Onda Rövşən tələbə dostları ilə birləşib könüllülərdən ibarət bir batalyon yaratdı. Cəmi iki ay hərbi hazırlıq kursu keçəndən sonra Ağdama yollandılar. Rövşən Hüseynov o günləri belə xatırlayırdı: "Gecə yuxularımda da doğma Quzanlını görürdüm. Elə bilirdim ki, böyüklü-kiçikli hamı bizi köməyə çağırır. Əslində bizi ona görə böyütmüşdülər ki, çətin gündə el-obanın harayına çataq. Təhsilimizi başa vura bilmədik. Əgər məni böyüdən, ərsəyə gətirən adamlar hər gün səngər döyüşlərində düşmənlə vuruşurdularsa, biz döyüşçü paltarı geyməliydik, başqa yolumuz yox idi. Ucqar kəndin köməksiz adamları ümidlərini bizə bağlamışdılar".

Ağdam uğrunda gedən döyüşlər səngimək bilmirdi. Ona görə Rövşənin yuxusu ərşə çəkilmişdi. Doğmaları çətin günlərin sınağını yaşayırdı. Sonralar bir yuxusunu olduğu kimi xatırlayırdı: "Gecə yarısı ayılıb yerimin içində oturdum. Yuxuda görmüşdüm ki, Quzanlıda qohum-əqrəbamın çoxu yaralıdır. Heç mal-qaranı da örüşə ötürə bilmirlər. Erməni quldurları hər yeri nişangaha çeviriblər. Onda öz-özümü məzəmmət etdim, qınadım ki, gəlib yataqxana künclərində gizlənmişik. Doğmalarımız, yaxınlarımız köməksiz, silahsız qalıblar. Ermənilər fürsətdən istifadə edib heç kəsə güzəştə getmir, əli silahlı quldurlar kəndin bu başından girib o başından çıxırlar. Onda biz nəyə gərəyik? Yurdsuz-yuvasız bu təhsilin faydası var? Atamın-anamın, lap qoca nənəmin fəryadını elə bil lay divarın o tərəfində eşidirdim. Ona görə gecənin yuxusunu yata bilmədim..."

Onda əsl həqiqət belə idi: paytaxtdan kömək gəlirdi, baş qərargahdan, Müdafiə Nazirliyindən. Adamlar köməksiz qalmışdılar. Uşaqları, qocaları təhlükəsiz sığınacaqlara çatdırmaq üçün yollar arayırdılar. Ağdam ən çətin günlərini yaşayanda Bakıda vəzifə, kreslo uğrunda açıq ya gizli mübarizə gedirdi. O tərəfdə vahimədə qalan adamlar az qala unudulmuşdular...

Rövşən tələbə dostları Goranboy uğrunda gedən döyüşlərə cəlb olunmuşdular. Rövşən Hüseynovun xatirələrundə oxuyuruq: "Holandağ yüksəkliyi uğrunda ölüm-dirim savaşı gedirdi. Qüvvəmiz az olsa da, düşmənin müqavimətini qırmaq üçün qətiyyən geri çəkilmirdik. Yaxşı xatırlayıram, xəbər gəlmişdi ki, erməni qoşunları 300 nəfərlə Ağcakənd istiqamətindən hücuma keçib. qədər çətin olsa da, həmin döyüşdə düşməni məğlub edə bildik".

Onun döyüş bioqrafiyasına belə qələbələrin izi çox düşüb. Amma hər an qeyri-bərabər qüvvələr üz-üzə gəlirdi. 1992-ci ildə Şıxarx uğrunda gedən döyüşlərdə Rövşən xüsusi qəhrəmanlıq göstərdi. Köməyə gəlmiş Mingəçevir alayının 27 əsgəri düşmən mühasirəsində qalmışdı. Onları xilas etmək üçün yollar axtarırdılar. Bu döyüşə Rövşən onun tələbə dostları yollandılar. Düşmənin xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv etdilər. Erməni quldurları məcbur olub geri çəkildilər. Mühasirədə olan döyüşçülər xilas olsalar da, Rövşən ağır güllə yarası aldı. bundan sonra qədər cəhd etsə , döyüşü davam etdirə bilmədi... Göstərdiyi igidliklərə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Cəmi 25 yaşı vardı Rövşənin. Amma qəhrəmanlığı bu yaşın çərçivəsinə sığmırdı. Atası Şəmil kişi deyir ki, Rövşən təhsilini yarımçıq qoyub cəbhəyə yollananda etiraz etmişdim. Qısaca söhbətimiz olmuşdu: "...Ay oğul, bütün kənd ayaq üstədir. Gücümüz-taqətimiz çatana qədər vuruşuruq. Heç olmasa sən təhsilini yarımçıq qoyma".

Ömründə bircə dəfə mənim fikrimi inadkarlıqla qarşıladı:  "Yox, - dedi. - Təhsilimi üç il, beş il sonra da davam etdirə bilərəm. Amma bu el-obanı, məni böyüdən adamları köməksiz qoya bilmərəm. Bu yerləri heç kəs bizdən yaxşı tanımır. Hər cığırına, hər qarışına bələdəm. Ona görə biz öndə getməliyik..."

Şəmil kişi kövrələ-kövrələ çox şeydən danışır. Amma son ucunda qürurla deyir ki, Rövşən seçimində haqlı idi. O, sonuncu gülləsi ilə düşməni susdurandan sonra ölümə təslim olub, amma mühasirədən çıxa bilib. Bu xəbər ailəmizi qədər sarsıtsa da, bircə təsəllimiz vardı ki, Rövşən doğmalarını darda qoymadı. Elə bu gün bizi yaşadan, sabaha ümidimizi artıran da böyütdüyümüz övladların layiqli varis olmasıdır.

O, nağıl qəhrəmanları kimi yaşadı. Yarımçıq arzularını ipə-sapa düzsək, bəlkə təzə bir ömür başlamalıyıq. Bu ömrü sona qədər yaşamaq ona qismət olmadı. Yaxınları, doğmaları onun şəkilləri ilə üz-üzə qalıb dərdləşəndə o qədər xatirələr yada düşür ki... Nişanlı qalan bir qızın da taleyinə müharibə belə zərbə vurdu. Onun da qismətinə, alın yazısına müharibənin qara möhürü düşdü...

Bakı Dövlət Universitetinin həyətində Rövşən Hüseynovun xatirə büstü var. Elə bil hər gün tələbələrlə dərdləşir, mübahisə edir, diskussiyalara qoşulur. Başa vura bilmədiyi tələbə ömrünü belə yaşayır. Deyirlər ki, universitetdə onun adına Gənc Fiziklər Klubu yaradılıb. Tələbələr Rövşənin adını qəhrəmanlıq ənənələrini layiqincə yaşadır, onu əsl örnək kimi qəbul edirlər. Hər kəs inanır ki, Milli Qəhrəmanın başladığı mübarizə yolu qələbə ilə başa çatacaq. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: "Mən tam inanıram ki, Azərbaycanın artan gücü, bizim potensialımız xarici siyasətlə bağlı apardığımız düşünülmüş, ölçülüb-biçilmiş siyasət bizə imkan verəcək ki, ərazi bütövlüyümüzü bərpa edə bilək. Bunun başqa yolu yoxdur. Tarixin gedişatı bizim demoqrafik inkişafımız, iqtisadi potensialımız bunu deməyə əsas verir ki, Azərbaycanın milli bayrağının Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil".

Rövşənin atası Şəmil kişi o xoş günlərin ümidi, sorağı ilə yaşayır. Deyir ki, biz bu yolda qəhrəman oğullar, igid övladlar itirdik. O böyük itkilərin əlacı zədəli torpaqlarımızın xilasından, ərazi bütövlüyümüzün bərpasından başlayır.

 

Bəşir ŞƏRİFLİ,

Azərbaycan.-2014.- 16 aprel.- S.6.