Aqrar sahədə idarəetmənin
təkmilləşdirilməsi və institusional
islahatların sürətləndirilməsi
ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq kənd təsərrüfatının institusional inkişafını təmin etmək, aqrar sahədə idarəetməni müasir dövrün tələblərinə uyğunlaşdırmaq, o cümlədən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunu və fəaliyyətini təkmilləşdirmək məqsədi ilə qərara alıram:
1. Rayonlar üzrə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin təşkili, aqrar sahə ilə bağlı problemlərin həllində müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə səmərəli əməkdaşlığın qurulması məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri yaradılsın.
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:
2.1. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə aqroparkların yaradılması barədə təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. beynəlxalq təcrübəyə əsaslanmaqla aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək üçün "elektron kənd təsərrüfatı" informasiya sisteminin üç il müddətində mərhələlərlə yaradılmasını təmin etsin və həyata keçirilən tədbirlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi, yenidən təşkili və idarəetməyə verilməsi barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.4. xarici investorları cəlb etməklə respublikada kənd təsərrüfatı təyinatlı texnikanın istehsalının təşkilinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.5. tabeliyindəki laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsi və onların beynəlxalq akkreditasiyadan keçməsinin təmin edilməsi istiqamətində tədbirlər görsün;
2.6. heyvandarlığın mövcud vəziyyəti barədə etibarlı məlumat bazasının formalaşdırılması məqsədi ilə kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı sisteminin üç il müddətində mərhələlərlə yaradılmasını təmin etsin və həyata keçirilən tədbirlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.7. qeyri-dövlət fitosanitar xidmətlərinin, o cümlədən bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı, idxalı, satışı və saxlanılmasının xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.8. Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsinə dair təkliflərini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.9. aqrar elmin inkişafı konsepsiyasının layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.10. "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin beynəlxalq lizinq standartlarına uyğunlaşdırılması sahəsində tədbirlər görsün;
2.11. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə aqrar sahədə kadr hazırlığı və təminatı sisteminin yaxşılaşdırılmasını təmin etsin, aqraryönümlü orta ixtisas və peşə təhsili müəssisələrinin fəaliyyətinin təşkilinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birlikdə torpaqların münbitliyinin qorunması və artırılması, şoranlaşmış və şorakətləşmiş, eroziyaya uğramış torpaqların sağlamlaşdırılması tədbirlərini ölkədə aparılan iqtisadi strategiyaya uyğun olaraq müvafiq proqramlar əsasında həyata keçirsin.
4. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə xarici investorların kənd təsərrüfatına cəlb edilməsi məqsədi ilə bu sahədə yaradılacaq aqrobiznes qurumlarının nizamnamə kapitalında "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin iştirakını təmin etsin.
5. Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası
altı ay müddətində:
5.1. kəndli fermer
təsərrüfatlarının daha iri kənd
təsərrüfatı müəssisələri
formasında birləşmələrinin
iqtisadi stimullaşdırılmasını
nəzərdə tutan
"Kənd təsərrüfatı
kooperasiyası haqqında"
qanun layihəsini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
5.2. istehlak bazarında
qiymət sövdələşməsinin
qarşısının alınması
məqsədi ilə antikartel fəaliyyətini
tənzimləyən normativ
hüquqi aktların layihələrini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin.
6. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
6.1. üç ay müddətində:
6.1.1. Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyinin yeni strukturu və işçilərinin say həddi
barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
6.1.2. Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların siyahısını
təsdiq etsin;
6.1.3.
"Aqrolizinq" Açıq
Səhmdar Cəmiyyətinin
və rayon aqroservis filiallarının istifadəsində
olan, cəmiyyət tərəfindən yeni alınan, lizinqə verilmiş və lizinq yolu ilə
satılan texnikaya tətbiq edilə biləcək güzəştlərə,
eləcə də
mineral gübrələrin satışı
üzrə dövlət
tərəfindən tətbiq
olunan güzəştin
həcminin artırılmasına
dair təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
6.1.4.
"Dövlət əmlakının
özəlləşdirilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununda
baytarlıq xidmətlərini
həyata keçirən
idarə və müəssisələrin özəlləşdirilməsinə
yol verilməsi ilə bağlı müvafiq dəyişikliklər
edilməsi barədə
təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
6.1.5. kənd təsərrüfatı
sahəsində sığorta
mexanizminin təkmilləşdirilməsinə
və bu sahədə prosedurların
sadələşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
6.1.6. kənd təsərrüfatı
təyinatlı torpaqların
zəbt olunmasına və ya onlardan
qanunsuz istifadə edilməsinə görə
məsuliyyəti müəyyən
edən qanun layihəsini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
6.1.7. Azərbaycan Respublikası
Prezidentinin aktlarının
bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
6.1.8. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
6.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
6.3. bu fərmanın 2.2-ci bəndində nəzərdə
tutulan "elektron kənd təsərrüfatı"
informasiya sisteminin təşkilini və fəaliyyətini, o cümlədən
Azərbaycan Respublikası
Əmlak Məsələləri
Dövlət Komitəsinin,
Azərbaycan Respublikası
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar
Cəmiyyətinin informasiya
resursları ilə inteqrasiyasını təmin
etmək məqsədi
ilə "elektron kənd təsərrüfatı"
informasiya sistemindən
istifadə qaydalarını
altı ay müddətində
müəyyən etsin;
6.4. bu fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
7. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
16 aprel 2014-cü il
Azərbaycan.-2014.- 17 aprel.- S.1.