Azərbaycan ilə Monteneqro və ATƏT-in Parlament Assambleyası arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunmuşdur

 

Aprelin 16-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, Baş nazir Artur Rasizadə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirmişdir. Birgə əməkdaşlığın inkişafının böyük maraq doğurduğu, bunun üçün hər iki ölkənin geniş imkanlara malik olduğu diqqətə çatdırılmışdır.

Baş nazir Azərbaycanın iqtisadi və sosial sahələrdə əldə etdiyi uğurlar barədə məlumatları Monteneqro parlamentinin sədrinin diqqətinə çatdırmışdır.

Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə qonağa ətraflı məlumat verən Baş nazir Artur Rasizadə bildirmişdir ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, 1 milyondan çox vətəndaşımız etnik təmizləmə siyasətinə məruz qalmışdır. Baş nazir Azərbaycanın bu problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdar olduğunu diqqətə çatdırmışdır.

Görüşdə ölkələrimiz arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2014.- 17 aprel.- S.2.