Milli Məclis ilə ATƏT-in Parlament
Assambleyası
arasında qurumun 23-cü illik
sessiyasının
Bakıda keçirilməsinə
dair saziş imzalanmışdır
Aprelin
16-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov
Monteneqro parlamentinin sədri, ATƏT Parlament
Assambleyasının prezidenti Ranko Krivokapiçin
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşmüşdür.
AzərTAc
xəbər verir ki, görüşdə Oqtay Əsədov bu
səfərin parlamentlərarası əlaqələrin daha da
inkişafına töhfə verəcəyini demişdir. O, Azərbaycan
ilə Monteneqro arasında münasibətlərin yüksək
səviyyədə olduğunu bildirmişdir. Qeyd edilmişdir
ki, qarşılıqlı səfərlər və
keçirilən görüşlər, imzalanmış sənədlər
əməkdaşlığımızın hərtərəfli
inkişafı üçün möhkəm hüquqi baza
yaradır.
Milli
Məclisin sədri son 10 ildə Azərbaycanda bütün sahələrdə
əldə olunan sürətli inkişafdan da söhbət
açmışdır.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsindən
danışan Oqtay Əsədov bildirmişdir ki, BMT Təhlükəsizlik
Şurasının problemin həlli ilə bağlı qəbul
etdiyi dörd qətnaməyə, o cümlədən digər
beynəlxalq təşkilatların müvafiq sənədlərinə
məhəl qoymayan Ermənistan torpaqlarımızın 20
faizini işğal altında saxlayır. Təəssüf ki,
işğalçı dövlətə qarşı heç
bir sanksiya tətbiq edilmir.
Ranko
Krivokapiç Azərbaycan ilə Monteneqro arasında əməkdaşlığın
genişləndirilməsi üçün yaxşı
imkanların olduğunu qeyd etmişdir.
Dağlıq
Qarabağ münaqişəsinə toxunan R.Krivokapiç ATƏT-in
Minsk qrupunun problemin həlli istiqamətində vasitəçilik
səylərinin daha da fəal olmasına
çalışdıqlarını söyləmişdir. O
demişdir: “Qafqazda sabitliyin bərqərar olması
üçün birgə səylər göstərəcəyik.
Münaqişələrin həlli bizim vəzifələrimiz
arasında prioritet məsələ olmalıdır”.
Görüşün
sonunda Azərbaycan Respublikasının Milli Məclisi ilə
ATƏT Parlament Assambleyası arasında qurumun 23-cü illik
sessiyasının Bakıda keçirilməsinə dair
saziş imzalanmışdır.
Sazişi
Milli Məclisin sədri Oqtay Əsədov və ATƏT
Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç
imzalamışlar.
Azərbaycan.-2014.- 17 aprel.- S.3.