Azərbaycan-İran münasibətləri yüksək səviyyədədir

 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov aprelin 16-da İran İslam Respublikasının səhiyyə nazirinin xüsusi nümayəndəsi, Təbriz Tibb Elmləri Universitetinin rektoru Məhəmmədhüseyn Sominin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, Əli Həsənov görüşdə Azərbaycan ilə İran arasında münasibətlərin inkişafından danışmışdır. Bildirilmişdir ki, son günlər ölkələrimiz arasında yüksək səviyyəli görüşlərin keçirilməsi münasibətlərin dinamik inkişafının bariz göstəricisidir.  Diqqətə çatdırılmışdır ki, dərin köklərə malik olan əlaqələrimiz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf etmişdir. Ümummilli liderin siyasətini layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də ölkələrimiz arasında əlaqələri uğurla inkişaf etdirir. Azərbaycan Prezidentinin İrana son səfəri münasibətlərin ən yüksək səviyyədə olduğunu bir daha göstərdi. Azərbaycan və İran dost, qardaş ölkələr, mehriban qonşulardır.

Baş nazirin müavini bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün xalqımızın ən ağrılı və yeganə problemidir. O, dünya dövlətlərinin işğalçı Ermənistana heç bir təzyiq göstərməməsinin Azərbaycana qarşı ədalətsizlik olduğunu bildirmişdir.

Komitə sədri diqqətə çatmışdır ki, Azərbaycan xalqı 70 il sovet imperiyasının tərkibində olsa da öz adət-ənənələrini, dinini, dilini qoruyub saxlamışdır. Azərbaycan bu gün bütün sahələrdə sürətlə inkişaf edir, müasirləşir, dünyada baş verən inkişafdan geri qalmır. Bu inkişafın bünövrəsi xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur və Prezident İlham Əliyev bu siyasi kursu uğurla davam etdirir. Müstəqil siyasət yürüdən Azərbaycan dünya dövlətləri ilə dostluq münasibətlərinə xüsusi önəm verir və əksər ölkələrlə əməkdaşlıq edir.

Əli Həsənov İranın İmdad Komitəsinin Azərbaycanda gördüyü işləri yüksək qiymətləndirmiş və humanitar fəaliyyətlərinə görə minnətdarlığını ifadə etmişdir.

Məhəmmədhüseyn Somi Azərbaycan-İran münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd etmişdir. Qonaq ulu öndər Heydər Əliyevin ölkələrimiz arasında əlaqələrin inkişafında böyük xidmətləri olduğunu demişdir. O, Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin son görüşünün əlaqələrin daha da inkişafına böyük təkan verəcəyinə əminliyini bildirmişdir.

M.Somi demişdir ki, Azərbaycana səfərində məqsəd ölkələrimiz arasında səhiyyə sahəsində əməkdaşlığı gücləndirməkdir. O, iki ölkə arasında səhiyyə sahəsində təcrübə mübadiləsinin aparılmasının önəmini vurğulamışdır.

Sonda qonaqlara "Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı" kitabı, Ermənistanda azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətini və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrini əks etdirən disk təqdim edilmişdir.

 

Azərbaycan.-2014.- 17 aprel.- S.3.