Gündəmi Azərbaycan müəyyənləşdirir
Prezident Azərbaycanın prioritetini bəyan
etdi:
Biz
daha da güclü olmalıyıq və olacağıq da!
Azərbaycan Prezidentinin sədrliyi ilə hər rüb keçirilən Nazirlər Kabinetinin iclasları ölkə ictimaiyyətinin daim diqqət mərkəzində olur. Bu iclasların ümumi təyinatı "ötən dövrdə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir" kimi səciyyələnsə də, mahiyyətcə ölkədə və dünyada baş verən ictimai, iqtisadi, siyasi proseslərə Azərbaycanın baxışını, mövqeyini və gözləntilərini əks etdirir. Prezident İlham Əliyevin fikirləri, bəyanatları, mülahizələri isə əslində ölkə ictimaiyyəti ilə yanaşı, - bəlkə də ondan daha çox, - məhz rəsmi Bakının addımlarını zərrəbinlə müşahidə edən aşkar və gizli dairələrə yönəlmiş mesajlar olur. Elə Nazirlər Kabinetinin 2014-cü ilin ilk rübündə keçirilən son iclası da bu kontekstdə xüsusi əhəmiyyət daşıyırdı.
2014-cü ilin ilk hesabatı:
inkişaf dinamik, uğurlar davamlıdır
Öncə qeyd edək ki, hələ ötən ilin
yekunlarına, cari ildə qarşıda duran vəzifələrə
həsr olunmuş və üç ay əvvəl
keçirilmiş iclasda dövlət başçısı
inkişafın ümumi istiqamətləri və
proqnozlaşdırılan layihələr barədə konkret
tapşırıqlar vermişdi. Son iclası da bu baxımdan həm də
tapşırılan işlərin və
planlaşdırılan uğur göstəricilərinin vəziyyəti ilə
tanışlıq, daha doğrusu bu barədə Prezidentə
ilkin hesabatın verilməsi kimi dəyərləndirmək
olar.
İnkişaf isə davamlılığını,
dinamikliyini ötən dövrdə tamamilə qoruyub. Prezidentə təqdim olunan
hesabat, elə dövlət başçısının
özünün vurğuladığı rəqəmlər
ötən üç ay ərzində də ölkədə
bütün işlərin rəvan getdiyinə dəlalət
edirdi:
*
İqtisadiyyatımız, yəni ÜDM-in həcmi 2,5 faiz artaraq 13 milyard manatı ötüb;
*
Qeyri-neft sektorunda inkişaf 8,8 faiz olaraq, 7
milyard manat təşkil edir;
*
Əhalinin pul gəlirlərinin 4,5 faiz artması fonunda
inflyasiyanın səviyyəsi cəmi 2 faiz olub, beləliklə,
əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən
çox üstələyir;
* Kənd
təsərrüfatında artım 3 faizdən çoxdur;
* Ölkənin
valyuta ehtiyatlarına transferlər artıb, nəticə
etibarilə bu vəsait 53 milyard dollara çatıb;
*
Əhalinin banklarda əmanətləri 20 faizdən çox
artıb;
* Orta əməkhaqqı
7 faiz artaraq 430 manata (550 dollar) çatıb;
* Dövlət
büdcəsinə daxilolmalar 106 faiz yerinə yetirilib;
* Büdcə
xərclərinin sosialyönümü 6,5
faiz, təhsil xərcləri 8,5 faiz, səhiyyə istiqaməti
isə 18,6 faiz artıb;
* Maliyyə
mənbələrindən əsas kapitala yönələn vəsaitlər
7 faiz artaraq 3 milyard manatı ötüb;
* 1014
sahibkara 44,7 milyon manat güzəştli
kredit verilib və bunun hesabına 2400-dən çox yeni
iş yeri yaradılıb;
*
Regionlarda 100-ə yaxın sənaye, kənd təsərrüfatı,
xidmət və ticarət müəssisəsi fəaliyyətə
başlayıb, 500-dək müəssisənin tikintisi isə
davam etdirilir;
* ötən üç ay ərzində 29 minə
yaxın yeni iş yeri açılıb;
* 10 milyon
562 min ton xam neft, 7 milyard 677 milyon kubmetr təbii qaz hasil edilib;
* "Qərbi
Çıraq" platformasından ilk neft hasil olunub;
*
Prezidentin təşəbbüsü ilə başlayan və
iki aydır davam edən əhalinin dispanserizasiya proqramı
çərçivəsində dörd milyon insan tibbi
müayinədən keçib;
* Məktəbəqədər
təhsil müəssisələri, uşaq
bağçaları və körpələr evləri 10 il müddətinə bütün vergilərdən
azad edilib;
*
Prezidentin Davos Dünya İqtisadi Forumunda və Dünya
Nüvə Sammitində iştirakı, NATO-nun mənzil-qərargahına
və İrana səfərləri, həmçinin Türkiyənin
Baş nazirinin Azərbaycana gəlişi xarici siyasətin
uğurlu gedişini tənzimləyib;
*
Bütün bu inkişaf göstəricilərinin təməl
sütunu olan ictimai sabitlik, milli birlik qorunub saxlanıb,
xalqın hakimiyyətə etimadı güclənib.
Qeyd olunanlar, şəksiz ki, nailiyyətlərdir,
özü də üç ay ərzində əldə olunan
böyük uğurlardır. Bu nailiyyətlərin
"mühüm" və "böyük" ifadələrlə
əks olunmasının səbəbi isə ümumilikdə
dünyada baş verən qlobal iqtisadi-maliyyə-siyasi
böhranın nəticəsində onlarla dövlətin hələ
də tənəzzüldən çıxa bilməməsi,
onların iqtisadiyyatlarının davamlı olaraq itkilərlə
üzləşməsidir. Yəni bu eniş göstəriciləri
ilə müqayəsidə həttə 0,1
faizlik artım da uğur sayılmalıdır ki, biz də
haqlı olaraq 7-10-20 faizlik yüksəlişi qürurla
dünyaya elan edirik.
Siyasətdə şərəf məsələsi
Prezident
İlham Əliyevin çıxışının leytmotivində
əsas vurğu yenə də dəyişməmişdi:
bütün uğurların rəhni müstəqilliyimizdir,
müstəqil siyasətimiz artan gücümüzü təmin
edir və çox böyük bir miqyası əhatə edən
bölgədə gündəmin artıq Azərbaycan tərəfindən
müəyyənləşdirilməsi üçün tarixi
şərait yaradılıb.
Bir məqamı da xatırladaq ki, İlham Əliyevin
müstəqillik və müstəqil siyasət mövzusuna əlahiddə
münasibəti onun yalnız xalqın lideri kimi
daşıdığı hüquqi, siyasi məsuliyyətə
əsaslanmır. O, həm də peşəkar diplomat kimi həssaslıqla
dünyada, ətraf bölgədə gedən ziddiyyətli
prosesləri təhlil edir və mesajını - Azərbaycanın
mövqeyini məlum nöqtələrə mütəmadi
olaraq ünvanlayır.
Prezident
Azərbaycan siyasətinin əsas konturlarını bir daha dəqiqliklə
cızdı: Azərbaycan etibarlı müttəfiqdir, beynəlxalq
öhdəliklərə sadiq qalan tərəfdaşdır,
beynəlxalq hüququn tələblərinə əməl edən
ölkədir, hər hansı bir layihənin icrasında
yolundan sapmadan axıra qədər dürüstcəsinə
gedən partnyordur, sözünə və imzasına sahib
çıxan dövlətdir.
Prezidentin
haqlı olaraq "dünyanın yeni enerji xəritəsini
müəyyənləşdirən layihə"
adlandırdığı "Şahdəniz-2", TANAP layihəsinin
bu gün uğurla gerçəkləşməsinin və daha öncədən siyasi tərəfdaşların
öz öhdəliklərinə sahib çıxmaması nəticəsində
NABUCCO kimi iflas olan layihələrin
müqayisəsində Azərbaycanın öz liderinin
timsalında necə qətiyyətli siyasət yürütməsi
tam aydınlığı ilə nəzərə
çarpır.
Bu gün Avropanın ən böyük infrastruktur layihələrinin
uğurla həyata keçməsinin təminatçısı
yalnız Azərbaycanın enerji resursları deyil, həm də
və əslində daha çox məhz cəsarətli
mövqeyidir.
Prezidetin
təbirincə desək, Azərbaycan bu layihənin
icrasında liderlik keyfiyyətlərini nümayiş etdirir:
"Hesab edirəm, tam əminəm və bilirəm ki, bizim
siyasətimiz, enerji siyasətimiz cəsarətli siyasət
olmasa idi, bu layihə heç vaxt reallaşa bilməzdi. Bu layihələrin təşəbbüskarı Azərbaycandır.
Əsas rol oynayan da Azərbaycandır. Bütün riskləri Azərbaycan öz üzərinə
götürübdür. Maliyyə risklərini,
texniki risklərin hamısını Azərbaycan öz üzərinə
götürüb. Əminəm ki, biz bu
layihəni də uğurla icra edəcəyik. Çünki bu günə qədər təşəbbüskarı
olduğumuz bütün enerji layihələrində biz
uğur qazanmışıq. Bakı-Supsa,
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri
artıq reallıqdır. Uzun illər fəaliyyət
göstərir. Ona görə əminəm
ki, biz bu böyük layihələri də şərəflə
icra edəcəyik".
Bəli,
məhz şərəflə! Nəzərə alsaq ki,
dünyanın müasir siyasi proses-ziddiyyətlərində
"şərəf", "ədalət", "sözünün
ağası olmaq", "vədinə əməl etmək"
və bu kimi dəyərləri əks etdirən ifadələr
artıq sıradan çıxıb, onda Azərbaycanın və
onun liderinin yürütdüyü siyasətin möhtəşəmliyi
tam aydın olur.
Və bu
yerdə Azərbaycan Prezidentinin siyasi fəaliyyət fəlsəfəsini
bir daha yada salmaq yerinə düşər: Bizim
üçün siyasət intriqa və çirkli, qaranlıq
oyunlar deyil, şəffaf prosesdir, biz şərəfə də,
ədalətə də, öhdəliklərimizə də
sahib çıxmağı bacarırıq, tərəfdaşlarla
oyun oynamırıq, sadəcə hüquqi və mənəvi
qaydalara uyğun iş görürük və bunları
qarşı tərəfdən də tələb edirik.
Azərbaycanı və onun liderini dünya siyasi
arenasında müsbət mənada fərqləndirən və
önə çıxardan səbəb məhz bu mövqe, bu
qətiyyət, bu prinsipiallıqdır.
Presedent məhz Azərbaycanda
yaradılmalıdır
İndi
dünyanın şərəfli siyasətə və ədalətli
mövqeyə daha çox ehtiyacı var. Əslində bəşəriyyəti
ağuşuna alan böhran və xaosun məhz
bu tələblərin ödənməməsindən meydana gəldiyini
desək, yəqin, mübaliğəyə yol vermərik.
Elə Azərbaycan
liderinin dünyada ikili standartların tüğyan etməsi,
hüququn gücə təslim olması, ədalətin məlum
maraqlara qurban verilməsi mövzusunda danışarkən səsləndirdiyi
ritorik suallar da küll halında Azərbaycan xalqının
dünya birliyinə, beynəlxalq təşkilatlara
ünvanladığı ittihamlar idi:
n Nə
vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik?
Bunun səbəbi nədir?
n Nə
üçün qondarma "Dağlıq Qarabağ
respublikası"nın rəhbərlərinin hərəkətləri sanksiyalarla məhdudlaşdırılmır?
Nə üçün onlara qarşı
sanksiyalar tətbiq olunmur?
n Nə
üçün təcavüzkar bu günə qədər
qınaq obyektinə çevrilməyib?!
n Nə
üçün Avropa Şurası Parlament Assambleyasında
Ermənistan nümayəndə heyətinin səlahiyyətlərini
dayandırmaq məsələsi müzakirə edilmir?!.
Danılmaz faktdır ki, XX əsrin "soyuq müharibəsi"
tam mənada XXI əsrdə də davam edir. "Fövqəlgüc
amili"nin ədalət və hüquq
anlayışlarını arxa plana keçirməyindəndir
ki, dünyada, demək olar, hər ay yeni münaqişə
ocağı, "qan çanağı" yaranır. Əgər beynəlxalq təşkilatlar bu
münaqişələri tənzimləmək məramında
həqiqətən səmimidirlərsə, onda əvvəldən,
məhz Dağlıq Qarabağ probleminin həllindən
başlamalıdırlar.
Qarabağ münaqişəsini, 1 milyon
qaçqın-köçkünün hüquqlarını,
azərbaycanlıların məruz qaldığı
soyqırımı nəzərə almadan, onlara beynəlxalq
hüquq çərçivəsində qiymət verib, ədaləti
bərpa etmədən digər savaşları dayandırmaq,
problemləri həll etmək mümkünsüzdür.
Digər
ölkələrin ərazi bütövlüyünün təminatı
da məhz Azərbaycanın ərazi
bütövlüyünün, gec də olsa, təmin
olunmasından keçir!
Bu problemi həll etmək
üçün nə "Moskva birdən-birə tikilməyib"
deyiminə əsaslanıb səbir etmək, nə də
"Amerika kəşf etmək" gərəkdir. Sadə
həll variantı var: ərazi bütövlüyünın təminatı
və təcavüzkarın cəzalandırılması
prosesində presedent məhz Azərbaycanda
yaradılmalıdır!
Prezident İlham Əliyevin "heç bir başqa buna
oxşar halda bu qədər ədalətsizlik və qanun
pozuntusu olmamışdır. Bu, ədalətsizlikdir,
ikili standartlardır. Ona görə biz beynəlxalq
münasibətlərdə ikili standartlara qarşı öz
etiraz səsimizi ucaldırıq. Biz bu ikili
standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə
dözmək mümkün deyildir" fikrindəki hiddətin
məntiqi davamı da, əlbəttə ki, Azərbaycan
Liderinin qətiyyətli mövqeyi oldu: "Bizə
qarşı olan ədalətsizliyi faktlarla, dəlillərlə
ifşa etməliyik. Hesab edirəm ki, bu prinsipial
mövqe həm ədaləti bərpa edəcək, həm də
ki, riyakar siyasəti ifşa edəcəkdir. Bizə qarşı riyakar siyasət, ikili standart
siyasəti davam edir. Biz isə bununla
heç vaxt barışmayacağıq. O ki qaldı
münaqişənin həllinə, heç kim
üçün sirr deyil, bu gün dünyada əsas amil
güc amilidir. Bu, reallıqdır. Ona görə biz daha da güclü olmalıyıq
və ilk növbədə hərbi gücümüzü
artırmalıyıq".
Bu sahədəki vəziyyət isə həqiqətən
ürəkaçandır. Prezident də ordunun
mövcud durumundan, hərbi hazırlığından və
texniki təminatından razıdır. Elə
Naxçıvana son səfərində hərbi hissədə
olarkən aldığı müsbət təəssüratı
hökumət üzvləri ilə bölüşərkən
Azərbaycan Ordusunda olan texnikanın ən güclü
ordulardan da geri qalmadığını, hətta bir bölgədəki
ordunun bu gün dünya ordularında olan ən müasir
texnikaya malik olduğunu xatırlatdı.
Ali Baş Komandanın şəxsən özünün
müəllifi olduğu ordu quruculuğu strategiyasının əsas
üstünlüklərindən biri də odur ki, burada hərbi
infrastruktur məsələlərinə də böyük
önəm verilir. Məsələn, bu yaxınlarda ən
müasir hərbi tələblərə cavab verən Hərbi
Dəniz Qüvvələri bazası istifadəyə veriləcək.
Digər hərbi istiqamətlər üzrə də
bazalar tikilməkdədir. Ölkə boyu
bütün hərbi şəhərciklərdə
tikinti-quraşdırma işləri aparılır. Şəhərciklərdə, hərbi hissələrdə,
bazalarda ən yüksək standartlar tətbiq edilir.
Çünki
Ali Baş Komandanın əmri var: zabitlərimiz, əsgərlərimiz
yaxşı şəraitdə xidmət göstərməli və
yaşamalıdırlar; bir dənə də köhnə,
dağılmış, qəzalı vəziyyətdə hərbi
hissə, tikili qalmamalıdır.
Azərbaycan Prezidenti ölkənin hərbi potensialı
və hərbi gücü ilə bağlı strateji
planlarını da ifadə etdi. Məlum oldu ki, hədəf yalnız Qarabağ cəbhəsi
deyil. Xəzər dənizi istiqamətində hərbi
mühafizə də diqqət mərkəzindədir. Ali
Baş Komandan konkret danışdı: yeni tikilmiş gəmiqayırma
zavodunda istənilən gəmi istehsal oluna bilər və
Müdafiə Nazirliyi də hərbi gəmilərin tikintisi ilə
bağlı bu müəssisəyə artıq bu il sifariş verməlidir, beləliklə, hərbi
donanmamız da müasirləşdirilməlidir.
Azərbaycanın yeni əməkdaşlıq
formatı:
ikitərəfli əlaqələrdən
üçtərəfli münasibətlərə doğru
Azərbaycanın bölgədə sülhün təminatı
üçün fəallığını davam etdirəcəyini
Prezident vacib vəzifələrdən biri kimi elan etdi. Əslində,
ölkəmizin bu sahədəki fəaliyyəti bölgə
miqyasını aşaraq artıq xeyli müddətdir qlobal
mahiyyət alıb. BMT Təhlükəsizlik
Şurasına üzvlük, iki ay "dünyanın baş
müdiriyyəti" sayılan bu quruma rəhbərlik
müddətində Azərbaycan bir dövlət olaraq öz
barışdıcı, nizamlayıcı, sülhpərvər
imicini çoxsaylı konkret faktların timsalında
nümayiş etdirdi.
Prezident artıq geridə qalan birinci rübdə də
Azərbaycanın beynəlxalq siyasətlə bağlı
mövqelərinin dünyada daha da möhkəmləndiyini bəyan
etdi. Ölkəmiz beynəlxalq aləmdə çox
etibarlı tərəfdaşdır, xarici siyasətimiz
açıqdır, prinsipialdır, ədalətə, beynəlxalq
hüquqa söykənir. Dövlət rəhbərinin
"Bu prinsipiallıq və hər bir məsələ ilə
bağlı mövqeyimizin sərgilənməsi, əlbəttə
ki, Azərbaycana əlavə rəğbət yaradır.
Bəzi beynəlxalq məsələlərlə
bağlı dünya ictimaiyyətinin əksəriyyəti mövqe
bildirməkdən çəkinir. Biz buna
qiymət vermək fikrində deyilik. Ancaq
Azərbaycan hər bir məsələ ilə bağlı
prinsipial mövqe nümayiş etdirir. Bu mövqe ilk
növbədə, beynəlxalq hüququn norma
və prinsiplərinə əsaslanır" fikri də əslində
ikili standartların əsirinə çevrilən dairələrə
mesaj idi. Çünki beynəlxalq hüququn norma
və prinsipləri daim əsas şərt olmalıdır. Əgər bunlar pozulursa, onda bütün beynəlxalq
əməkdaşlıq və münasibətlər mexanizmi
pozulur. Beynəlxalq aləmdə bu
prinsipial mövqe ölkəmizə böyük rəğbət
yaradır. Azərbaycan müstəqil,
prinsipial ölkə kimi öz mövqelərini daha da möhkəmləndirir.
Beynəlxalq təşkilatlarda ölkəmiz haqqında
düzgün təsəvvürlərin yaranması həm Azərbaycana
əlavə imkanlar yaradır, həm də xarici siyasəti
planlaşdırdığımız tərzdə gerçəkləşdirməyə
zəmin formalaşdırır. Bu baxımdan ötən üç
ay ərzində dövlət rəhbərinin dünyanın
iqtisadi və siyasi mənzərəsinin müəyyənləşməsində
vacib "rıçaqlardan" hesab edilən Davos Forumunda
iştirakı, hərbi güc nəhəngi olan NATO-ya səfəri,
dünyada təhlükəsizliyin təmin edilməsi məsələsində
effektiv məkana çevrilən Nüvə sammitinə
qatılması, şərhəd qonşularımız olan
İrana səfəri, Türkiyənin isə Hökumət
başçısı ilə Bakıda görüşü
mühüm hadisələr sırasındadır. Həmçinin bu dövrdə Azərbaycana müxtəlif
qitələrdən gələn nümayəndə heyətlərinin
sayı da getdikcə artıb.
Prezident İlham Əliyevin bölgədə
sülhün və faydalı əməkdaşlığın
yaranması və möhkəmlənməsi istiqamətində
həyata keçirdiyi siyasətin nəticəsi olaraq Azərbaycan
regional müstəvidə iki üçtərəfli
formatın təşəbbüskarı da olub. Azərbaycan-İran-Türkiyə
və Azərbaycan-Gürcüstan-Türkiyə formatları
ikitərəfli əlaqələrin üçtərəfli əməkdaşlıq
səviyyəsinə qədər yüksəlməsi ilə
yanaşı, həm də Azərbaycanın təcavüzkar
Ermənistana qarşı həyata keçirdiyi təcridetmə
siyasətinin mühüm komponentidir.
Prezidentdən son xəbərdarlıq
Azərbaycanın iqtisadi gücünü göstərən
sübutlar yetərincədir. Beynəlxalq təşkilatların
hesabatındakı qürurdoğurucu faktlardan Nazirlər
Kabinetinin son iclasında səslənən rəqəmlərə
qədər böyük bir uğur göstəricələri
silsiləsi var.
Sayımız 10 milyona sürətlə
yaxınlaşır. Göründüyü kimi, inkişaf və
yüksəliş yalnız sosial-iqtisadi, ictimai-siyasi mahiyyətli
deyil, həm də demoqrafik xarakterlidir. Əslində,
bunlar elə birbaşa olaraq bir-birilərini tamamlayan, bir-birilərindən
qaynaqlanan amillərdir.
İnsan faktoru - insan kapitalı dövlətin əsas
diqqət ayırdığı sahədir. Prezident bu
prioritet vəzifənin icrasına həm də böyük
alicənablıq, eyni zamanda, ciddi məsuliyyətlə
yanaşır.
Prezidenti Azərbaycan insanının təmiz hava
udması, şəhər nəqliyyatında problemsiz hərəkəti,
asudə vaxtını rahat təşkil etməsi, evində
daim işığın, qazın olması, keyfiyyətli ərzaqla
qidalanması kimi məsələlər də
qayğılandırır. Şübhəsiz, bu
məsələlər daha çox məişət
mövzuludur. Amma hər bir azərbaycanlının
Prezidenti üçün vətəndaşının
böyük çətinliyi də, məişət
qayğısı da eyni dərəcəli problemdir və onlar
dərhal həll olunmalıdır.
İlham Əliyev bu məsələrlə bağlı
dəqiq təsəvvürə malik olduğunu söylədiyi
fikirlərlə göstərdi. Konkret tapşırıqlarını
verdi. Vicdansızlığın,
biabırçılığın və cinayətin həm də
mənəvi tərəfinə toxundu və son xəbərdarlığını
etdi. Göstərişlərinin icra vəziyyətini
yoxlayacağını kəskinliklə bildirdi. Qanunların tam işləməsi üçün məsuliyyət
daşıyanlar barədə sərt danışdı.
Beləliklə, bir rübə də yekun vurduq. 2014-cü ilin
I rübü 2004-cü, 2009-cu, elə 2013-cü illərin
rüblərindən də, bütöv illərindən də
uğurludur. Ən əsası, problemlər
aradan qalxır, qayğılar azalır. Gücümüzə
də güc qatılır. Amma bu da yetərli
deyil. Prezidentin dediyi kimi, biz daha da güclü
olmalıyıq və olacağıq da!..
İxtiyar
HÜSEYNLİ,
Azərbaycan.-2014.- 17 aprel.- S.4.