Bakıda «Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri» mövzusunda XIII beynəlxalq elmi-praktik konfrans keçirilmişdir

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri" mövzusunda XIII beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

Tədbirin açılış mərasimində çıxış edən ADMİU-nun rektoru, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev konfransın əhəmiyyətindən geniş söhbət açmışdır.

Bildirmişdir ki, belə tədbirlərin təşkili gənclərin elmi potensialını üzə çıxarmaq, elmi axtarışlarına dərindən nəzər salmaq, onları düzgün istiqamətləndirmək, eyni zamanda, musiqidə gedən prosesləri izləmək baxımından son dərəcə zəruri və təqdirəlayiqdir.

Konfransda Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri, Türkiyənin Batman Universitetinin gözəl sənətlər fakültəsinin, Türkiyənin Qaziantep Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasının, İsrailin Təl-Əviv Konservatoriyasının, Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji UniversitetininADMİU-nun professor-müəllim heyəti iştirak etmişlər. Konfransda çıxış edən ADMİU-nun prorektoru, professor, əməkdar incəsənət xadimi Maral Manafova türksoylu xalqların timsalında iki qardaş ölkənin - Türkiyə və Azərbaycanın zəngin tarixi və mədəni irsi haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, bu xalqların yaxın dilləri, vahid dini həmin regionların mədəniyyətlərinin qarşılıqlı əlaqə, mübadilə və zənginləşməsinə rəvac vermişdir.

Diqqətə çatdırılmışdır ki, ümumtürk musiqi aləmi çox zəngin və qarşılıqlı əlaqələr tarixinə malikdir. Müvafiq sahələrə aid mənbələrin öyrənilməsi Azərbaycanın humanitar elmi qarşısında duran ən önəmli problemlərdəndir. Çünki hər xalqın, o cümlədən Azərbaycan xalqının musiqisini, onun etnogenezisini türk xalqlarının musiqisini, etnosunu, ümumi mədəniyyətini öyrənmədən tədqiq etmək mümkün deyildir.

Sonra deyilənləri əyani şəkildə öz çıxış və bədii ifalarında nümayiş etdirən gənc alimlərə söz verilmişdir.

Konfransda dinlənilən məruzələr geniş əhatə dairəsi ilə diqqəti cəlb etmişdir. Məruzələri bir araya gətirən əsas məqam isə tədqiqata cəlb olunan mövzu və problemlərin aktuallığı, onların yüksək işlənmə səviyyəsi, müəlliflərin geniş bilik, informasiya və nəzəri hazırlıqları, analitik müşahidə və mülahizə qabiliyyəti, peşəkar təhlil ustalığı olmuşdur.

Beynəlxalq elmi-praktik konfransda "Epik sənətin araşdırılmasında konsept anlayışının tətbiqi", "Milli musiqi çalğı aləti balaban: adlanma və yayılma məsələsinə dair bəzi təsbitlər",  "Aşıq vokal ifaçılığında qoşma janrının tətbiqi" və digər mövzularda məruzələr böyük maraqla dinlənilmişdir.

Daha sonra konfrans öz işini bölmələrdə davam etdirmişdir. Burada musiqi pedaqogikası, müqayisəli sənətşünaslıq, musiqi tarixi və nəzəriyyəsi, etnomusiqişünaslıq və digər istiqamətləri əhatə edən məruzələr dinlənilmiş və fikir mübadiləsi aparılmışdır.

Sonda ADMİU-nun rektoru, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev beynəlxalq elmi-praktik konfransın uğurla keçdiyini, burada dinlənilən məruzələrin və aparılan müzakirələrin müvafiq istiqamətdə əməkdaşlığa öz töhfəsini verəcəyini söyləmişdir.

 

AzərTAc

Azərbaycan.-2014.- 17 aprel.- S.7.