Bakı-Supsa kəməri «Əsrin müqaviləsi»nin

salnaməsində özünəməxsus yer tutur

 

Bu boru xəttinin istifadəyə verilməsindən 15 il keçir

 

Qısaca Bakı-Supsa xətti adlandırdığımız Qərb İxrac Boru Kəməri (QİBK) 15 ildir "Əsrin müqaviləsi" çərçivəsində  çıxarılan  neftin bir hissəsini  təhlükəsiz və ahəngdar  surətdə Xəzərdən Qara dənizin sahillərinədək daşıyır.  Əgər müəyyən vaxtlarda təmir və profilaktika işlərinə sərf edilmiş vaxtı nəzərə almasaq, demək olar ki, kəmər indiyədək fasiləsiz fəaliyyət göstərib.

Azərbaycan neftinin və qazının ixrac marşrutları getdikcə şaxələnir. Təkcə keçən il dekabrın 17-də yekun investisiya qərarı verilmiş "Şahdəniz-2" layihəsini xatırlatmaq kifayətdir. Bu layihə çərçivəsində çıxarılacaq qaz Xəzər dənizindən başlayaraq Avropa istiqamətində 3500 kilometrdən artıq yol gedəcək. Başqa sözlə, növbəti mərhələdə Azərbaycan qazını Gürcüstan və Türkiyədən əlavə İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya və digər ölkələr də alacaqlar.    

Bütün bu və digər nəhəng layihələrin "beşiyi başında" dayanan 1994-cü il sentyabrın 20-də imzalanmış  "Əsrin müqaviləsi"dir. Yeni ixrac marşrutlarına yol açan isə həmin müqavilə çərçivəsində  çıxarılan  ilkin  nefti daşıyan boru xətləridir.

Qərb İxrac Boru Kəmərinin açılış mərasimi 1999-cu il aprelin 17-də olub. Bu münasibətlə Gürcüstanda böyük tədbir keçiriliborada ulu öndər Heydər  Əliyev  iştirak edib. Həmin gün QİBK ilə yanaşı, Qara dəniz sahilindəki Supsa terminalı, Varna-Poti-Batumi-İliçovck  bərə keçidinin də açılışı olmuşdu. Ona görə də təcadüfi deyil ki, tədbirlərdə Azərbaycan və Gürcüstan prezidentləri ilə yanaşı, Ukraynanın dövlət başçısı da iştirak etmişdi.

Ulu öndər Heydər Əliyev kəmərin açılışında çıxış edərkən onun istifadəyə verilməsinin mühüm əhəmiyyətini vurğulamışdır: "Beləliklə, 1994-cü ildə başlanmış işlər artıq öz praktiki nəticələrini verir. Bakı-Supsa neft kəməri, burada tikilmiş gözəl terminal, müvəffəqiyyətlə işləmək və nefti fasiləsiz olaraq vurmaq, onu dünya bazarlarına daşımaq üçün yaradılmış gözəl şərait buna inandırıcı sübutdur".

QİBK-in  Azərbaycan neftinin tarixində, o cümlədən "Əsrin müqaviləsi"nin salnaməsində öz yeri və əhəmiyyəti var. Bu həmin kəmərdir ki, 14 ildir "Çıraq" neftini Bakı yaxınlığındakı Səngəçal terminalından Supsayadək  çatdırır. "Çıraq" isə, məlum olduğu kimi, "Əsrin müqaviləsi"nin ilkin neftini verən yataqdır.

Bakı-Supsa kəmərinin işə salınması 1994-cü il sentyabrın 20-də "Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənməsi haqqında saziş imzalandıqdan sonra qarşıda duran əsas vəzifələrdən biri idi. 1997-ci ilin noyabr ayında "Çıraq" platformasından neft alındı. İlyarım sonra isə Qərb İxrac Boru Kəməri istifadəyə verildi və qarşıya qoyulan vəzifə layiqincə yerinə yetirildi.

QİBK-in möhtəşəmliyi həm də ondadır ki, bu kəmər Azərbaycanın və Gürcüstanın bir çox bölgələrinin ərazisindən keçir. Belə ki, kəmərin Xəzərin sahilindən başlanan yolu dağlardan, dərələrdən, çaylardan adlayaraq Qara dənizdəki Supsa limanına çatır. Boru xətti dağlarda hətta 1190 metr yüksəkliyə qalxır. Marşrutun ümumi uzunluğu 829,3 kilometrdir. Bunun da 456,38 kilometri ölkəmizdən keçir. Gürcüstanın ərazisi ilə kəmər 372,92 kilometr  boyu uzanır. QİBK-in borularının diametri 530 millimetrdir. Onun Azərbaycanda, eləcə də Gürcüstanda bir sıra yerüstü obyektləri, yəni nasos və təzyiqazaltma stansiyaları var.

QİBK-in saz vəziyyətdə olması və təhlükəsiz fəaliyyət göstərməsi həmişə diqqət mərkəzindədir.  Bu xətt hazırda da ahəngdar və maneəsiz işləyir. BP Azərbaycan şirkətinin keçən ilin yekunlarına həsr olunmuş hesabatında qeyd olunur ki, il ərzində Səngəçal terminalından Bakı-Supsa marşrutu ilə  29,9 milyon barel neft ixrac edilib.

İxracın şaxələndirilməsinin böyük əhəmiyyət daşıdığı indiki zamanda kəmərlərin hər biri özünəməxsus önəm kəsb edir. Məhz onların sayəsində Azərbaycanın neftqaz ixracı ilə bağlı heç bir problemi yoxdur. Hətta enerji daşıyıcılarının dünya bazarına nəqli yolları getdikcə uzanır.

QİBK-dən sonra Azərbaycanın karbohidrogenlərinin nəqli üçün yeni yollar açılmış, o cümlədən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi qlobal layihələr reallaşmışdır. Başlanğıcını Azərbaycandan götürən ixrac xətləri dünyanın yeni-yeni nöqtələrinə doğru istiqamət götürüb daha da uzanmaqdadır.

Bütün bu böyük işlərə  inamı Bakı-Supsa kəmərinin uğurlu tikintisi və istismarı yaratmışdır. Bunu Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır. Keçən il dekabrın 17-də Bakıda "Şahdəniz-2"nin yekun investisiya qərarının imzalanması mərasimində dövlət başçısı demişdir: "Şahdəniz" isə düşünürəm ki, XXI əsrin müqaviləsi olacaqdır. Bu tədbirdən əvvəl isə müstəqil Azərbaycanın enerji sahəsinin inkişafında bir sıra mühüm tarixi hadisələr baş vermişdi. 1996-cı ildə "Şahdəniz" qaz yatağı ilə bağlı saziş imzalanmış, sonra 1999-cu ildə Xəzər dənizini Gürcüstanın Qara dəniz sahilləri ilə birləşdirən ilk boru kəməri inşa edilmişdir. Daha sonra - 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi və beynəlxalq bazarlarla birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, 2007-ci ildə isə Cənub qaz boru kəməri inşa edilmişdir".

İllər keçsə də, yeni-yeni neft-qaz kəmərləri işə düşsə də, QİBK öz əhəmiyyətini itirmir, bu gün də Azərbaycana, regiona, neft sənayemizə xidmət edir.

 

Flora SADIQLI,

Azərbaycan.-2014.- 17 aprel.- S.6.