Kiyevdə, «Avropa Universiteti»ndə Azərbaycan Respublikasının

 Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimi olmuşdur

 

Aprelin 15-də Ukraynanın ən böyük özəl təhsil müəssisələrindən birində - "Avropa Universiteti"ndə ("AU") Azərbaycan Respublikasının Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimi olmuşdur. Mərasimdə ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətli iştirak etmişdir.

Dost ölkənin ən iri qeyri-dövlət ali məktəblərinin birində Azərbaycan mədəniyyəti ocağının açılmasının təşəbbüskarı və təşkilatçısı Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu (UABD) tərkibində Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatı (ÜAGT) sədrinin müavini İsgəndər Zamanovdur.

Əvvəlcə universitetin rektoru, Beynəlxalq Elmi Kəşf və İxtira Müəllifləri Akademiyasının həqiqi üzvü, Ukraynanın əməkdar təhsil işçisi, professor İvan Timoşenko Azərbaycan səfirini öz kabinetində salamlamışdır. O bildirmişdir ki, başçılıq etdiyi universitetdə 26 ixtisas üzrə 30 mindən çox tələbə, o cümlədən dünyanın 15 ölkəsindən əcnəbi tələbələr təhsil alırlar. Rektor vurğulamışdır ki, 398 tələbə Azərbaycanı təmsil edir. İvan Timoşenko istər əyani, istərsə də qiyabi şöbədə  oxuyan azərbaycanlı gənclərə müsbət xarakteristika vermişdir. O, həmçinin  bildirmişdir ki, artıq ali məktəbdə təhsilini  aspiranturada davam etdirmək olar.

Eynulla Mədətli bildirmişdir ki, azərbaycanlı gənclərin həyatı, təhsili və sosial problemləri ilə daim maraqlanır, istər Kiyevdə, istərsə də regionlarda onların  nümayəndələri ilə tez-tez görüşür. Lap  bu günlərdə müxtəlif ali məktəblərdə 2200 azərbaycanlı tələbənin təhsil aldığı Xarkovda olmuşdur.  Diplomatik nümayəndəliyimizin başçısı bildirmişdir ki, Ukraynada ictimai-siyasi vəziyyətin gərgin olmasına baxmayaraq,  o, gənc həmvətənlərimizi emosiyalara uymamağa və təhsildən yayınmamağa çağırır.

Söhbət əsnasında qarşılıqlı maraq doğuran profil məsələlərin geniş dairəsi də müzakirə edilmişdir.

Görüşdən sonra Azərbaycan səfiri və ali məktəbin rektoru "Avropa Universiteti"ndə Azərbaycan Respublikasının Mədəniyyət Mərkəzinin açılışının rəmzi olan qırmızı lenti kəsmişlər.

Tədbirin çoxsaylı iştirakçıları mərkəzə daxil olaraq  böyük maraqla stendlər və kitab rəfləri ilə tanış olmuşlar. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin  həyat və fəaliyyətindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Odlar Yurdunun qədim tarixindən və zəngin mədəniyyətindən söz açan geniş əhatəli mətbu məhsul, milli musiqi alətləri və s.  təqdim olunmuşdur.

Xoş mərama və qonaqpərvərliyə görə rektorluğa minnətdarlığını bildirən Azərbaycan səfiri söz vermişdir ki, yaxın günlərdə mərkəzə kompyuter texnikası və televizor hədiyyə edəcəkdir.

E.Mədətli  ali məktəbin kitabxanasına və mərkəzə səfirlik tərəfindən Ukrayna dilinə tərcümə olunmuş  Azərbaycan haqqında çoxlu sayda ictimai-siyasielmi ədəbiyyat, nəfis tərtibatlı "Azərbaycan xalçaları. İrəvan qrupu" nəşrini bağışlamışdır. O, həmçinin Azərbaycan səfirliyinin fəxri fərmanını "AU"nun rektoru İ.Timoşenkoya təqdim etmişdir.

Ukraynanın əməkdar təhsil işçisi, hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin professoru Arif QuliyevUkrayna siyasətinin patriarxı,  Azərbaycanın köhnə dostu Anatolu Raxanski rektora öz kitablarını hədiyyə etmişlər.

Ukrayna tərəfi rəsmi Bakının Ukraynanın ərazi bütövlüyünüsuverenliyini qətiyyətlə dəstəkləməsinə görə Azərbaycan səfirinə səmimi minnətdarlığını bildirmişdir.

Sonra "AU"nun Azərbaycanın və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş iclas salonunda Ukraynanın xalq artisti Qurban Abbasovun rəhbərlik etdiyi Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzi artistlərinin iştirakı ilə  "Mədəni körpülər birləşdirir" devizi altında ukraynalı və azərbaycanlı ifaçıların maraqlı konserti olmuşdur.

Konsertdən əvvəl Azərbaycan səfiri və "AU"nun rektoru tədbir iştirakçılarını salamlamışlar. Azərbaycan səfiri E.Mədətli, UABD-nin sədri Hikmət Cavadov,  İsgəndər Zamanov elm və təhsil sahəsində Ukrayna-Azərbaycan əməkdaşlığına sanballı töhfələrinə görə "AU"nun fəxri fərmanları ilə mükafatlandırılmışlar.

Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, "Dədə Qorqud" Fondunun prezidenti, "Mir Azerbaydjana" beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov, "AU"nun professor-müəllim heyəti,  tələbələri, diasporumuzunÜAGT-nin fəalları, Azərbaycan və Ukrayna KİV-lərinin nümayəndələri iştirak etmişlər.

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

 Kiyev

Azərbaycan.-2014.- 17 aprel.- S.7.