Əli HƏSƏNOV: Azərbaycan gənclərinin
beynəlxalq aləmdə rəqabətə davamlı gənclər
kimi yetişdirilməsi dövlətin
gündəlik qayğısıdır
Azərbaycanda gənclərlə iş Azərbaycan dövlətinin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin son 10 ildəki fəaliyyətinin proritet istiqamətlərindən biridir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, bu, bir gün də dövlətin diqqətindən kənarda qalmır: "Çünki ayrı-ayrı yad təsirlər, milli-mənəvi dəyərlərə zidd yanaşmalar gənc nəsli sağlam yoldan sapdıra bilərlər".
O, qeyd edib ki, Azərbaycan gəncliyinin milli, vətənpərvər ruhda tərbiyə olunması, onlarda milli varlığımıza, dəyərlərimizə, ənənələrimizə bağlılıq hisslərinin aşılanması, Azərbaycan dövlətinə sahib çıxmaq üçün milli iradənin formalaşdırılması, bacarığın, biliyin artırılması istiqamətində görülən işlər, habelə Azərbaycan gənclərinin beynəlxalq aləmdə rəqabətə davamlı gənclər kimi yetişdirilməsi siyasəti Azərbaycan dövlətinin gündəlik qayğısıdır və bu qayğıdan da bir addım geri çəkinilmir.
PA rəsmisinin sözlərinə görə, Azərbaycan dövləti gənclərin digər mənzil-məişət, ailə, iş problemlərini və digər məsələləri də gündəlik şəkildə müxtəlif qurumlar və dövlət proqramları vasitəsilə həll edir: "Bu anlamda biz Azərbaycan gənclərindən bu və ya digər məsələlərə düzgün yanaşma gözləyirik və öz gözləntilərimizdə haqlıyıq. Çünki dövlət onları heç vaxt taleyin hökmünə buraxmayıb, buraxmır və gələcəkdə də buraxmayacaq. Dövlət onların problemlərindən, qayğılarından bir dəqiqə də yaxasını kənara çəkməyib, çəkmir və gələcəkdə də çəkməyəcək".
Ə.Həsənov qeyd edib ki, Azərbaycan gəncliyi öz dövlətinə söykənir, onun siyasətini dəstəkləyir, öz imkanları çərçivəsində dövlətə xidmət göstərir: "Lakin bu gəncliyi dövlətçilik yolundan sapdırmaq istəyən qüvvələr də var ki, bunların qarşısı alınmalıdır".
Azərbaycan.-2014.- 17 aprel.- S.3.