Aqrar sektorda yeni inkişaf mərhələsi
başlayır
Prezidentin "Aqrar sahədə
idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi
ilə bağlı tədbirlər haqqında" fərmanı
bu mərhələnin istiqamətlərini
müəyyənləşdirir
Xəbər verildiyi kimi, aprelin 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir. İclasda dövlət başçısı giriş və yekun nitqləri ilə çıxış etmişdir. Həmin çıxışlarda Prezident ilin üç ayı ərzində ölkənin makroiqtisadi göstəricilərindən danışaraq əldə olunan uğurları yüksək qiymətləndirmiş, eyni zamanda yaxın gələcəkdə qarşıda duran vəzifələri müəyyənləşdirmişdir.
"Azərbaycan dinamik
inkişaf templərini
saxlaya bilmişdir. Ölkəmiz bütün sahələrdə
uğurla irəliyə
gedir. İqtisadiyyat
2,5 faiz artmışdır.
Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Ümumi
daxili məhsulumuzun strukturu da yaxşılaşır"
- deyən dövlət
başçısı hesabat
dövründə sosial
sahədə qazanılan
nailiyyətləri də vurğulamışdır:
"Hesab edirəm ki, biz sosial məsələlərin həllində
də siyasətimizi düzgün istiqamətdə
aparırıq. Bu siyasət artıq illər ərzində aparılır və sınaqdan çıxmışdır.
Əhalinin pul gəlirləri 4,5 faiz artmışdır. İnflyasiya isə cəmi 2 faiz təşkil edir. Beləliklə, həmişə olduğu kimi, əhalinin gəlirləri
inflyasiyanı 2 dəfədən
çox üstələyir.
Bu da insanların
sosial məsələlərinin
həlli üçün
əsas şərtdir".
Məlumdur ki, artıq neçə ildir ölkəmizin iqtisadi siyasətində prioritet istiqamət kimi qeyri-neft sektorunun inkişaf etdirilməsi hədəf seçilmişdir
və ötən müddətdə bu sahədə xeyli uğurlar qazanılmışdır. Təkcə
keçən il ölkə üzrə qeyri-neft sektorunda 10 faiz artım qeydə alınmışdır. Elə
cari ilin yanvar-mart aylarında da sözügedən sahə üzrə artım az olmamışdır
- 8,8 faiz. Bu uğuru Prezident hökumətin
son iclasında belə
dəyərləndirmişdir: "Əlbəttə ki, bu artım son illərdə Azərbaycanda
aparılan islahatların
nəticəsidir. İqtisadiyyatla bağlı aparılan siyasət bizi bax bugünkü reallığa gətirib çıxarmışdır".
O da məlumdur ki, iqtisadiyyatın qeyri-neft bölməsində
sanballı çəkiyə
malik olan sahələrdən biri aqrar sektordur. Bu gün dünyanın qlobal ərzaq problemi ilə üz-üzə qaldığı
vaxtda aqrar sektorun inkişaf etdirilməsi Azərbaycanın
iqtisadi siyasətində
strateji istiqamət elan olunmuşdur. Ümumiyyətlə, ölkəmizdə demək olar həmişə aqrar bölməyə xüsusi
fikir verilmişdir.
Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü və
rəhbərliyi ilə
Azərbaycan keçmiş
SSRİ məkanında aqrar
islahatlara başlayan
ilk ölkə olmuşdur.
Sonrakı illərdə də
ümummilli lider kənd təsərrüfatına,
bu sahədə çalışanlara daim
qayğı göstərmiş,
fürsət düşdükdə
ilk maddi dəstəyin
məhz aqrar sektora göstərilməsini
təmin etmişdir.
Prezident İlham Əliyev isə bu gün
həmin siyasəti davam etdirərək kənd təsərrüfatı
məhsulları istehsalının
artımı üçün
qanunlar, qərarlar və göstərişlər
səviyyəsində bütün
tədbirləri görür.
Məhsul istehsalçılarının,
demək olar, bütün vergilərdən
azad edilməsi, onları yanacaq və motor yağlarına,
eləcə də əkin sahələrinə
görə subsidiyaların
verilməsi, fermerlərə
texnika və cins mal-qaranın güzəştli qiymətlərlə
satılması və
bu kimi digər
tədbirlər son nəticədə
istehsalın artmasına
və deməli, ölkəmizin ərzaq sarıdan idxaldan daha az asılılığına
səbəb olmuşdur.
Amma Azərbaycan
bununla kifayətlənmək
fikrində deyil. Nazirlər
Kabinetinin qeyd edilən iclasındakı
nitqində kənd təsərrüfatında son mövsüm
3 faizdən çox artım olduğunu diqqətə çatdıran
Prezident İlham Əliyev dövlətin bu sahədə növbəti məqsədini
belə açıqlamışdır:
"Ərzaq təhlükəsizliyi
bu sahədə prioritet təşkil edir... İstehsalı mümkün olan bütün məhsullar Azərbaycanda istehsal edilməlidir və biz idxaldan asılılığımızı
azaltmalıyıq... Eyni zamanda
biz ixrac imkanlarımızı
da artırmalıyıq.
Mən əminəm ki, indi kənd
təsərrüfatında aparılan islahatlar - məhsuldarlığın artırılması,
subsidiyalarda şəffaflığın
təmin edilməsi, kənd təsərrüfatı
texnikasının daha
da böyük həcmdə alınması
və digər tədbirlər nəticəsində
bizdə daha da böyük ixrac potensialı yaranacaq və bizim artan daxili
tələbat Azərbaycanda
istehsal olunacaq kənd təsərrüfatı
məhsullarını həzm
edə bilməyəcəkdir.
Ona görə ixrac imkanlarımızı artırmalıyıq.
İxraca çıxarılan məhsullar ən yüksək dünya standartlarına cavab verməlidir. Biz yeni ixrac bazarları
axtarmalıyıq və
o bazarlara çıxmalıyıq.
Belə olan halda biz gələcəkdə sahibkarlığın
və kənd təsərrüfatının yüksəlişi
üzrə çox dinamik inkişaf yolu ilə gedəcəyik,
bu inkişafı təmin edəcəyik".
Sitatdan göründüyü
kimi, aqrar sektor üzrə qarşıya qoyulan vəzifələr son nəticədə
ölkənin ərzaq
təhlükəsizliyinin tam təmin edilməsi ilə yanaşı, bu sahədə rəqabətə davamlı
ixrac potensialının
yaradılmasıdır. Bunun üçünsə
təbii ki, ilk növbədə kənd təsərrüfatı bölməsində
islahatlar davam etdirilməli, qabaqcıl dünya təcrübəsi
öyrənilməlidir.
Elə Prezidentin 16 aprel 2014-cü
il tarixli
"Aqrar sahədə
idarəetmənin təkmilləşdirilməsi
və institusional islahatların sürətləndirilməsi
ilə bağlı tədbirlər haqqında"
fərmanı məhz
bu məqsədə xidmət edir. Hər bir bəndinin
aqrar sektorun daha sürətli, daha təkmil, daha etibarlı inkişafına yönələn
fərmanda Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyası, eləcə
də Kənd Təsərrüfatı, İqtisadiyyat
və Sənaye nazirlikləri, Dövlət
Torpaq və Xəritəçəkmə, Əmlak
Məsələləri Dövlət
komitələri, "Meliorasiya
və Su Təsərrüfatı"
və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-ləri
və digər hökumət və dövlət qurumları qarşısında
konkret vəzifələr
qoyulmuşdur.
Həmin vəzifələrdən biri
Kənd Təsərrüfatı
Nazirliyinin rayon və şəhər idarələrinin
yaradılmasıdır. Qeyd edək
ki, hazırda sözügedən nazirliyin
yalnız bir neçə rayon mərkəzində
ərazi idarələri
fəaliyyət göstərir
və onlar, sözsüz ki, bu gün aqrar
sektorun qarşısında
qoyulan vəzifələri
yerlərdə icra etmək imkanına malik deyillər. Başqa sözlə desək, hər bir rayon və şəhərdə Kənd
Təsərrüfatı Nazirliyinin
idarələrinin yaradılması
yerlərdə aqrar siyasətin həyata keçirilməsinin təmin
edilməsi, kənd təsərrüfatına dövlət
dəstəyi tədbirlərinin
təşkili, aqrar sahə ilə bağlı problemlərin
həllində müvafiq
mərkəzi icra hakimiyyəti orqanlarının
struktur bölmələri
ilə səmərəli
əməkdaşlığın qurulması məqsədini
daşıyır.
Fərmanda başqa mühüm bənd aqroparkların yaradılması ilə bağlıdır. Məlumdur ki, bu gün kənd təsərrüfatında məhsul
istehsalı ilə məşğul olanların
ən böyük problemlərindən biri texnikanın çatışmazlığıdır.
Bu sahədə dövlət tərəfindən
xüsusən son illər
ardıcıl tədbirlər
görülsə də,
texnika qıtlığını
tam aradan qaldırmaq mümkün olmayıb.
Odur ki, sözügedən fərmanla
Kənd Təsərrüfatı
Nazirliyinə İqtisadiyyat
və Sənaye Nazirliyi ilə birlikdə aqroparkların yaradılması üçün
6 ay müddətinə təkliflərini
hazırlamaq tapşırığının
verilməsi hər bir fermerin çoxdan gözlədiyi istəkdir.
Sənəddə bununla əlaqədar çox mühüm başqa bir bənd də var. Bu da xarici investorları
cəlb etməklə
Azərbaycanda kənd
təsərrüfatı təyinatlı
texnikanın istehsalının
təşkilidir. Prezident bu sahədə təkliflərini hazırlamaq
üçün Kənd
Təsərrüfatı Nazirliyinə
konkret vaxt da verib - 6 ay. Yəqin ki, aqrar sektorda
çalışanları lazımi
sayda texnika ilə təmin etmək üçün bundan səmərəli və etibarlı yol yoxdur.
Kənd Təsərrüfatı Nazirliyinin
səmərəli fəaliyyətinə
nail olmaq üçün
digər yol onun tərkibindəki özünü doğrultmayan
qurumların ləğvi
və ya yenidən qurulmasıdır. Fərmanda
da nazirliyə tapşırılmışdır ki, 3 ay müddətinə
tabeliyində olan və fəalliyyəti məqsədəuyğun hesab
edilməyən təsərrüfat
hesablı dövlət
müəssisə və
təşkilatlarının ləğvi, özəlləşdirilməsi,
yenidən təşkili
və idarəetməyə
verilməsi barədə təkliflərini
hazırlayaraq Prezidentə
təqdim etsin.
Ümumiyyətlə, fərmanın başqa bəndlərində
də adları qeyd olunan qurumlara
verilmiş tapşırıqlar
(məsələn, "Elektron
kənd təsərrüfatı"
informasiya sisteminin yaradılması, kənd təsərrüfatı laboratoriyalarının
fəaliyyətlərinin təkmilləşdirilməsi,
kənd təsərrüfatı
heyvanlarının identifikasiya
və qeydiyyatı sisteminin təşkili, Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının
strukturunun təkmilləşdirilməsi,
aqrar elmi inkişafın konsepsiyasının, "Kənd təsərrüfatı koorperasiyası
haqqında" qanun və antikartel fəaliyyətini tənzimləyən
normativ aktların layihələrinin hazırlanması,
kənd təsərrüfatında
sığorta müxanizminin
təkmilləşdirilməsi və sadələşdirilməsi
və s.) indidən deməyə əsas verir ki, Azərbaycanın
aqrar sektoru da yaxın gələcəkdə
gözlənilən qabaqcıl
mövqeyə çıxacaq.
R.MƏMMƏDOV,
Azərbaycan.-2014.- 18 aprel.- S.2.