Qafqaz Müsəlmanları İdarəsində
Qazılar Şurasının iclası keçirilmişdir
Aprelin
17-də Qafqaz Müsəlmanları İdarəsində
(QMİ) Qazılar Şurasının iclası
keçirilmişdir.
AzərTAc xəbər verir ki, QMİ Qazılar Şurasının üzvləri və İdarənin səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilən iclas “Qurani-Kərim”dən ayələrin və Şuranın dünyasını dəyişmiş üzvlərinin ruhuna duaların oxunması ilə başlamışdır.
Sonra Şuranın fəaliyyətinə dair təşkilati məsələlərə baxılmış, yeni qazılar və səlahiyyətli nümayəndələr seçilmişdir.
Təşkilati məsələlərə baxıldıqdan sonra məruzə ilə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının son toplantısından ötən dövrdə görülmüş işlərdən danışmış, Şuranın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində fikir və tövsiyələrini bildirmişdir.
Azərbaycanın beynəlxalq aləmdə tolerant dövlət kimi tanındığını vurğulayan şeyxülislam respublikamızın bu baxımdan dünyaya, o cümlədən müsəlman ölkələrinə örnək olduğunu demişdir. Allahşükür Paşazadə bildirmişdir ki, Azərbaycanda tolerantlıq mühitinin, din-dövlət münasibətlərinin bünövrəsini ulu öndər Heydər Əliyev qoymuşdur. Bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın da təşəbbüsü ilə respublikamızda və ölkəmizdən kənarda bir çox dini abidələrin bərpa edildiyini bildirən şeyxülislam bunun tolerantlıq mühitinə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu demişdir.
Allahşükür Paşazadə diqqətə çatdırmışdır ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini Prezident İlham Əliyevin uğurla həyata keçirməsi sayəsində Azərbaycan sürətlə inkişaf edir. Lakin Azərbaycanın bu inkişafını gözü götürməyən bəzi qüvvələr ölkəmizdə əlverişli tolerantlıq mühitini, ictimai-siyasi sabitliyi pozmağa çalışır. Bu qüvvələrlə mübarizə aparmaq üçün biz tez-tez bölgələrdə olur, müxtəlif görüşlər, tədbirlər keçirir, geniş maarifləndirmə işi aparırıq.
Qafqaz Müsəlmanları İdarəsinin sədri bu məqsədlə bölgələrdə müxtəlif dini ədəbiyyat və vəsaitlərin paylandığını diqqətə çatdırmışdır. O, Qazılar Şurasının və Elmi-Dini Şuranın tövsiyə və qərarı ilə son illər çapdan çıxmış kitablar və vəsaitlər barədə də məlumat vermişdir. Bildirilmişdir ki, “Qurani-Şərif”in Azərbaycan dilində təfsiri olan Mirməhəmməd Kərim Bakuvinin “Kəşfül-Həqayiq” əsərinin üç cilddə müasir üslubda nəfis çapı, “Axund və imamlar üçün xütbə nümunələri” adlı vəsaitin, Ayətullah Cəfər Sübhaninin “Vəhhabi cərəyanı” əsərinin yeni redaktədə nəşri və s. cəmiyyətin dini maarifləndirilməsi işinə mühüm töhfə vermişdir. Bu istiqamətdə işlər davam etdirilir.
Allahşükür Paşazadə bir çox nüfuzlu dövlət xadiminin təltif olunduğu QMİ-nin “Şeyxülislam” ordeninin ikinci və üçüncü dərəcələrinin, bundan əlavə, “Vəhdət” və “Füzuli” ordenlərinin təsis edilməsinin vacibliyini diqqətə çatdırmışdır.
Sonra QMİ-nin aparat rəhbəri Simran Həsənov Qazılar Şurası və idarənin bölgələrdə səlahiyyətli nümayəndələri haqqında yeni əsasnamələr, eləcə də “Dini etiqad azadlığı haqqında” Qanuna, həmçinin Cinayət Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə ətraflı məlumat vermişdir.
QMİ-nin nəzarət-təftiş komissiyasının sədri Vəfadar Əliyev dini icmalarda, ziyarətgahlarda aparılmış yoxlamaların nəticələrindən danışmış, mövcud nöqsanların aradan qaldırılaraq müsbət istiqamətdə dəyişikliklərin qeydə alındığını diqqətə çatdırmışdır.
İdarənin fətva şöbəsinin müdiri qazı Mirəziz Seyidzadə isə mollaların və axundların mütəmadi qaydada attestasiyadan keçmələrinin vacibliyindən danışmışdır.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev ölkəmizdə qeyri-ənənəvi dini cərəyanların, cəmiyyətdə dini ayrı-seçkiliyi təbliğ edən qüvvələrin qarşısının alınması məqsədilə din xadimlərinin bölgələrdə ictimaiyyətlə mütəmadi görüşlər keçirməsinin əhəmiyyətini vurğulamışdır. S.Musayev, həmçinin ərzaq məhsullarının halallığı ilə əlaqədar komissiyanın fəaliyyətindən də söhbət açmışdır.
QMİ sədrinin müavini Sabir Həsənli isə çıxışında A.Paşazadənin təşəbbüsü ilə yaxın vaxtlarda üçhəftəlik xüsusi təkmilləşdirmə və ixtisasartırma kurslarının fəaliyyətə başlayacağını bildirmişdir.
Çıxışlarda Qazılar
Şurasının bu ilin
yanvarında verilmiş fətvasının
dindarlar arasında böyük
əks-səda doğurduğu xüsusi vurğulanmışdır.
Azərbaycan.-2014.- 18 aprel.- S.2.