«Rossiya-1-Astraxan» kanalında Heydər
Əliyev Fondunun 10 illik
yubileyinin Həştərxanda bayram edilməsinə hazırlıq işlərinə
həsr olunmuş süjet
göstərilmişdir
"Rossiya-1-Astraxan" kanalında Heydər Əliyev Fondunun 10 illik yubileyinin Həştərxanda bayram edilməsinə hazırlıq işlərinə həsr olunmuş süjet göstərilmişdir.
Tatyana Kidyarovanın süjetində deyilir ki, Azərbaycan tərəfinin dəstəyi ilə vilayət mərkəzində Privoljskaya körfəzinin sahili abadlaşdırılmış, müqəddəs Knyaz Vladimirin abidəsinin açılışı olmuş, uşaq şəhərciyi tikilmiş və hazırda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan 11 nömrəli orta məktəb bərpa edilmişdir.
Həştərxan Kremli və Qız Qalası. Əbədi rəmzlər. Həştərxanı və Bakını həmişəlik birləşdirən dostluq körpüsünün sürahilərindəki ornamentlərdə bu rəmzlər təsvir olunmuşdur. Uzunluğu 50 metr olan körpü Heydər Əliyev adına bağçadan Anatoli Qujvin prospektinə qədər uzanır. Müasirlərimiz deyirlər: "Həştərxanda əsas dəyər - tarixən Xəzər dənizi sahillərində yaşayan çoxsaylı xalqlar arasında mehriban münasibətlər möhkəmlənmişdir".
Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş dostluq körpüsü bir neçə il ərzində siması tamamilə dəyişmiş Privolskaya körfəzinin sahilində gözəl harmoniya yaratmışdır. Açılışı lap bu yaxınlarda olmuş müqəddəs Knyaz Vladimirin heykəli, uşaq şəhərciyi və əlbəttə, Azərbaycan xalqının ümummilli liderinin tunc abidəsinin ucaldığı park vahid ansambl təşkil edir. Bu park yaşından, millətindən və dinindən asılı olmayaraq insanların daimi görüş yerinə çevrilmişdir.
Dəfələrlə Bakıda olmuş və tez-tez Heydər Əliyev adına parkda istirahət edən Həştərxan sakini Vasili Nefedov demişdir: "O, çox gözəl insan idi. Mən onun oğlunu - Azərbaycan Prezidentini də tanıyıram. Azərbaycan xalqı adından edilən hər şey gözəldir".
Ulu öndərin şərəfinə adlandırılmış 11 nömrəli Həştərxan məktəbinin şagirdləri də Heydər Əliyev Fondunun 10 illiyi münasibətilə tədbirlər barədə məlumatlıdırlar. Onlar regionun strateji tərəfdaşı olan Azərbaycan ilə münasibətlərin inkişafı ilə bağlı hər şeyə böyük maraq göstərirlər. Regionun beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev yuxarı sinif şagirdlərinə regional hakimiyyətin planlarından danışır: "Xəzərin sahilindəki paytaxt şəhəri və Azərbaycan arasında tezliklə bərə nəqliyyatı işə salınacaqdır. Artıq bu il Həştərxanda yeni uşaq bağçası istifadəyə veriləcəkdir". Nazir əlavə etmişdir ki, Xəzərin sahilindəki dost ölkənin bu hədiyyəsi regionun vacib problemlərinin həlli istiqamətində atılan daha bir addımdır. Bir il əvvəl Həştərxan tərəfindən Bakıda Dostluq parkının açıldığını bildirən D.Afanasyev demişdir: "Bilirəm ki, bu yerlər insanların sevimli istirahət guşəsinə çevrilmişdir".
Heydər Əliyev Fondunun 10 illik yubileyinin bayram edilməsinin kulminasiyası may ayında olacaqdır. Azərbaycan Respublikasından Xəzərin sahilindəki şəhərə rəsmi nümayəndə heyəti gələcəkdir. Denis Afanasyev bildirmişdir ki, qonaqlar neçə illərdən sonra bərpa olunmuş birinci aviareyslə gələcəklər.
Fəridə
ABDULLAYEVA,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.-2014.- 18 aprel.- S.2.