Azərbaycanın İtaliya ilə biznes əlaqələri genişlənməkdədir

 

 

İki ölkə arasında təşkil olunan biznes forumlar bəhrəsini verir

 Aprelin 17-də Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Neuron Technologies" şirkəti ilə İtaliyanın dünyada aparıcı şirkətlərindən olan "Exprivia" arasında Anlaşma Memorandumu və Əməkdaşlıq Sazişi imzalanmışdır.

"Neuron Technologies" şirkətinin Yüksək Texnologiyalar Parkındakı ofisində imzalanan sənədləri bu şirkətin təsisçisi və rəhbəri İsmayıl Ələkbərov və "Exprivia" şirkətinin rəhbəri Favuzzi Domeniko imzalamışlar.

Bu əməkdaşlığın həyata keçirilməsinə töhfə verən İtaliyanın "Teti Konsaltinq" şirkətinin rəhbəri Sandro Teti də tədbirə qatılmışdır.

Tədbirdə, eyni zamanda İtaliyanın Azərbaycandakı səfiri Ciampaola Kutillo iştirak etmişdir.

"Exprivia" şirkəti İtaliya, Avropanın digər ölkələri, Mərkəzi və Cənubi Amerikada informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən dünyanın lider şirkətlərindən biridir. Şirkət proqram təminatları üzrə innovativ həllərin tətbiqi sahəsində böyük təcrübəyə malikdir.

"Neuron Technologies" İKT sahəsində sürətlə inkişaf etməkdə olan Azərbaycan şirkətidir və ölkəmizdə informasiya texnologiyaları üzrə mütərəqqi həllərin tətbiqi ilə məşğuldur.

Hər iki şirkət gələcəkdə bankçılıq və maliyyə, səhiyyə, neft-qaz, müdafiə, kosmik sənaye, dövlət idarəçiliyi və nəqliyyat sahələrində İKT həllərinin tətbiqi üzrə birgə layihələri həyata keçirəcəkdir.

İtaliyanın "Teti Konsaltinq" şirkəti isə italyan şirkətlərinin və təsisatlarının beynəlxalq səviyyədə təşviqi ilə məşğuldur. Şirkət fəaliyyət göstərdiyi ölkələrdə yüksək səviyyəli əlaqələrə malikdir.

İsmayıl Ələkbərov tədbir çərçivəsində bildirmişdir ki, Azərbaycanın İKT bazarı sürətlə inkişaf edir. O, həmçinin "Exprivia" şirkəti ilə müxtəlif sahələrdə, xüsusilə də səhiyyə sahəsində birgə layihələri həyata keçirəcəklərinə inandığını söyləmişdir.

Azərbaycan şirkətinin rəhbəri ölkəmizin xəstəxanalarının və tibb müəssisələrinin inkişaf dinamikasından söhbət açmış və respublikamızda dünya səviyyəli tibb infrastrukturunun yaradılması üçün Avropanın aparıcı elektron xəstəxana sistemlərinin tətbiqinin mühümlüyünü vurğulamışdır.

Favuzzi Domenico "Exprivia" şirkətinin ən yeni texnologiyalarının Azərbaycanda tətbiq edilməsi niyyətini və ölkəmizin çevik İKT şirkəti olan "Neuron Technologies" ilə belə mühüm sənədlərin imzalanmasını İtaliyanın Azərbaycana texnologiya transferində mühüm hadisə olduğunu bildirmişdir.

İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo Azərbaycan ilə İtaliya şirkətləri arasında müxtəlif sahələrdə, o cümlədən İKT sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğunu bildirmişdir. Diplomat bu istiqamətdə birgə səylərin möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırmışdır.

 

AzərTAc

Azərbaycan.-2014.- 18 aprel.- S.2.