Ədliyyə naziri Abşeron rayonunda vətəndaşları
qəbul etmişdir
Ədliyyə
naziri Fikrət Məmmədov bölgələrdə vətəndaşların
qəbulu cədvəlinə uyğun olaraq aprelin 17-də
Xırdalan şəhərində yerləşən
Abşeron Rayon Mədəniyyət Evində Sumqayıt şəhəri,
Abşeron və Xızı rayonları sakinlərinin, habelə
Şuşa şəhərindən və Qubadlı rayonundan
olan məcburi köçkünlərin qəbulunu
keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış qabaqcadan başlanılmış, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılmışdır.
Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlərlə bağlı hər bir vətəndaş diqqətlə dinlənilmişdir. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilmişdir.
Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur.
Ədliyyə naziri, həmçinin rayon məhkəməsinə və ədliyyə orqanlarına baş çəkərək, hakimlər və ədliyyə işçiləri ilə görüşmüşdür.
Nazir Fikrət Məmmədov onların fəaliyyəti və
iş şəraiti ilə tanış olmuş, problemlərlə maraqlanmış, vətəndaş-məmur
münasibətlərinin Azərbaycan Respublikası Prezidentinin tələblərinə uyğun olaraq sağlam zəmində qurulması, etik davranış qaydalarına ciddi riayət edilməsi, korrupsiyaya
şərait yaradan hallara
yol verilməməsi və digər
aidiyyəti tövsiyə və
tapşırıqlarını vermişdir.
Azərbaycan.-2014.- 18 aprel.- S.3.