İkili standartlara, ədalətsizliyə qarşı

Azərbaycan sonadək mübarizə aparacaq

 

"Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir? Nə üçün qondarma "Dağlıq Qarabağ respublikası"nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Ona görə biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı etiraz səsimizi ucaldırıq. Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə bağlı fikrimizi daha açıq şəkildə ifadə edək. Biz ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün deyil".

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirmişdir. Dövlət başçısı qeyd etmişdir ki, beynəlxalq məsələlərlə bağlı bizim əsas məsələmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Ancaq əfsuslar olsun ki, birinci rübdə bu istiqamətdə heç bir irəliləyiş olmamışdır. Bu gün Ermənistan sadəcə olaraq, vaxt uzatmaqla məşğuldur. Nə hərb, nə sülh vəziyyətini saxlamaq istəyir və beynəlxalq vasitəçilər əfsuslar olsun ki, onlara ciddi təzyiq etmirlər. Prezident demişdir ki, əslində çoxdan Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi. Çünki Ermənistan iyirmi ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır. Dinc əhaliyə qarşı soyqırımı törətmişdir. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıbdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi pozulur. Yəni, heç bir başqa buna oxşar halda bu qədər ədalətsizlik və qanun pozuntusu olmamışdır. Beynəlxalq normalar pozulur. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Digər beynəlxalq təşkilatların - Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri icra edilmir. Onlara məhəl qoyulmur. Minlərlə Azərbaycan vətəndaşı həlak olubdur. Bizə qarşı soyqırımı törədilibdir. Nəticə etibarilə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir. Buna görə də dövlət başçısı Azərbaycanla əməkdaşlıq edən Qərb ölkələrinə səslənərək demişdir: "Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma "Dağlıq Qarabağ respublikası"nın "rəhbərləri"ni öz ölkələrinə buraxmasınlar. Onlara qarşı sanksiyalar tətbiq edilsin. Onlar gedib qanunsuz telemarafonlar keçirirlər, pullar yığırlar. Sonra o pulları bizim əleyhimizə istifadə edirlər. Onların "rəhbərləri"ni Qərbin aparıcı ölkələrində qəbul edirlər. Vizalar verilir, onlar orada "nümayəndəliklər" açırlar, gedib-gəlirlər".

Azərbaycan Prezidentinin bu ciddi mesajları həm ictimaiyyətin, həm də siyasətçilərin diqqətini cəlb edib. Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı hesab edir ki, Prezidentin çıxışında beynəlxalq vəziyyət, indiki şəraitdə Azərbaycanın yürütdüyü siyasət, xüsusilə də Ermənistanın təcavüzkar siyasətinə qarşı tutduğu haqlı mövqe, beynəlxalq təşkilatların işğalçı Ermənistana hələ də sanksiyalar tətbiq etməməsi məsələsi gündəmə gətirilmiş və bir daha bildirilmişdir ki, Azərbaycan bu məsələni sürətləndirmək istəyir: "Əslində, Qərb dövlətləri və beynəlxalq təşkilatlar bu məsələdə ikili standartlara yol verməməli idi. İkili standartlara yol verilməsinin nəticəsidir ki, bu gün beynəlxalq münasibətlər sistemində böhran yaşanır. Zamanında təcavüzkar Ermənistana qarşı lazımi sanksiyalar tətbiq edilsəydi, digər bu cür hərəkətlərə yol verən ölkələrə də bunu tətbiq edən zaman normal proses kimi qiymətləndiriləcəkdir. Lakin təcavüzkar Ermənistana qarşı bu cür sanksiyalar tətbiq edilməyib. Dağlıq Qarabağda separatçılığa rəvac verən, quldurluqterrorla məşğul olan, azərbaycanlılara qarşı soyqırımında iştirak edən şəxslər hələ də xarici ölkələrdən dəvət alır, onlara viza verilir".

Deputatın fikrincə, əgər bu gün Rusiyanın adamlarına sanksiyalar tətbiq olunursa, bu cür sanksiyalar Ermənistanın siyasi liderlərinə və rəhbərlərinə də tətbiq olunmalıdır. Çünki Ermənistan keçmiş SSRİ ölkələri arasında ilk işğalçı hərəkətlərə yol verən ölkədir. SSRİ məkanında işğala rəvac verən ən birinci ölkə Ermənistan olub. Onların bu mövqeyinə hələ də göz yumulduğu üçün MDB məkanında ərazi iddiaları indi də qalır. Ona görə də Prezident haqlı olaraq öz çıxışında bu məsələyə geniş yer ayırıb, bununla bağlı bizim hücum diplomatiyamızın vəzifələrini müəyyən edib.

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlardan, bəzi beynəlxalq təşkilatların tutduqları mövqedən söz açan dövlət başçısı sual etmişdir - "Nə üçün təcavüzkar bu günə qədər qınaq obyektinə çevrilməyib?!üçün Avropa Şurası Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin səlahiyyətlərini dayandırmaq məsələsi müzakirə edilmir?! Biz bu məsələni dəfələrlə qaldırmışıq. Yadımdadır ki, hələ 2001-ci ildə mən Azərbaycan Milli Məclisinin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri kimi, dəfələrlə bu məsələni qaldırmışam. Buna heç kim heç bir reaksiya vermir. Deyirlər, gedin razılaşın, gedin danışın, sülh yolu ilə həll edin bunu".

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə isə deyir ki, Azərbaycan Prezidentinin söylədiyi fikirlər içərisində Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyinin xüsusi əhəmiyyəti var. Deputatın fikrincə, Prezident İlham Əliyev Dağlıq Qarabağ probleminin 20 ildən çoxdur həll edilmədiyini, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, Ermənistanın onları yerinə yetirməkdən imtina etməsi barədə faktları xatırlatmış, eyni zamanda Ermənistana qarşı bunlara görə sanksiya tətbiq edilməsinin vacibliyini vurğulamışdır: "Doğrudan da, Ermənistan beynəlxalq birliyin üzvü olsa da, beynəlxalq hüquq normalarına qarşı saymazlıq edir, qonşu dövlətin ərazisini işğal edərək indiyə qədər həmin ərazidən bir milyondan çox əhalini qovubetnik təmizləmə aparıb. Hazırda həmin ərazilərdən bu gün özünün təsərrüfat məqsədləri üçün maksimum istifadə etməyə çalışır".

A.Mirzəzadə hesab edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanımaması, Azərbaycan ərazilərində özünün hərbi birləşmələrini saxlaması da, Ermənistanın sivil dövlət obrazından çox uzaq olduğunu göstərir. Ancaq belə bir hal digər dövlətlərdə olduqda beynəlxalq təşkilatlar, böyük güclər ona qarşı çox operativ fikir bildirirlər. Misal üçün, 1991-ci ildə İraq Küveyti işğal etdikdə NATO qüvvələri bu məsələyə görə İraqa sərt təpki göstərdilər. Ancaq Azərbaycana qarşı ikili standartlar irəli sürülür. Ermənistandan nəinki bu məsələdə beynəlxalq hüquqa riayət edilməsi tələb olunur, əksinə ona dəstək verilir, yardımlar göstərilir, Ermənistan beynəlxalq təşkilatların, böyük dövlətlərin sanksiyalarından kənarda qalır: "Bu məsələdə Prezidentin mövqeyi tamamilə haqlıdır, beynəlxalq ictimaiyyətin fikri ilə razılaşmayan dövlətlər beynəlxalq ictimaiyyət tərəfindən sanksiyalara məruz qalmalıdır. Belə olmazsa, İkinci Dünya müharibəsindən sonra dünyada bərqərar olmuş sabitlik faktorları kökündən dəyişər və dünya yenidən böyük fəlakətlər qarşısında qala bilər".

A.Mirzəzadənin sözlərinə görə, dövlət başçısının adıçəkilən toplantıdakı çıxışı birmənalı şəkildə Azərbaycanın heç bir halda öz torpaqlarının işğal altında qalması ilə razılaşmayacağını, Ermənistana qarşı hər cür təzyiq metodlarından istifadə edəcəyiniilk növbədə öz gücü ilə tarixi torpaqlarını işğaldan azad edəcəyi əzmini ortaya qoymuşdur.

Xatırladaq ki, Prezident İlham Əliyev hökumətin iclasında qəti şəkildə bildirmidir ki, Azərbaycana qarşı olan ədalətsizliyi faktlarla, dəlillərlə ifşa etməliyik. Bu prinsipial mövqe həm ədaləti bərpa edəcək, həm də ki, riyakar siyasəti ifşa edəcəkdir. Çünki Azərbaycana qarşı riyakar siyasət, ikili standart siyasəti davam edir. Biz isə bununla heç vaxt barışmayacağıq.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 18 aprel.- S.4.