Azərbaycan Qəsəbə Bələdiyyələrinin
Milli Assosiasiyasının
yığıncağı keçirilmişdir
Aprelin
17-də Azərbaycan Qəsəbə Bələdiyyələrinin
Milli Assosiasiyasının növbəti ümumi
yığıncağı keçirilmişdir.
AzərTAc
xəbər verir ki, yığıncaqda Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının, Milli Məclisin,
Ədliyyə Nazirliyinin, qəsəbə və kənd bələdiyyələrinin
milli assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının
nümayəndələri iştirak etmişlər.
İclasda
bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi,
onların üzləşdikləri problemlərin həllinə
kömək göstərilməsi, ölkədə yerli
özünüidarəetmənin inkişafına nail
olunması ilə bağlı müzakirələr
aparılmışdır.
Azərbaycan
Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının
sədri Hümbət Hüseynov qurumun illik hesabatı və fəaliyyətinin
əsas istiqamətləri barədə məruzə ilə
çıxış etmişdir. Bildirilmişdir ki,
Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda
bütün sahələrdə həyata keçirilən
genişmiqyaslı islahatlar, dövlət idarəçiliyinin
təkmilləşdirilməsində və sosial-iqtisadi sahədə
əldə olunan nailiyyətlər, əhalinin
yaşayış səviyyəsinin gündən-günə
yüksəlməsi istiqamətində görülən
işlər bələdiyyələrin də fəaliyyətinin
müasir səviyyədə qurulmasına zəmin yaradır.
Ötən dövr ərzində ölkə bələdiyyələri
tərəfindən böyük razılıqla
qarşılanan və dəstəklənən, bu gün də
uğurla davam etdirilən “Bir bələdiyyə azı bir
layihə” təşəbbüsü çərçivəsində
minlərlə layihə həyata keçirilmişdir.
Təhlillər
əsasında müəyyən edilmişdir ki, 2013-ci ildə
ölkə bələdiyyələri tərəfindən
ümumi dəyəri 16,7 milyon manat olan 4 min 700-dən
çox layihə reallaşdırılmışdır. Həmin
layihələr arasında daha çox yerli əhəmiyyətli
yolların, su arxlarının saxlanılmasını, ərazinin
abadlaşdırılmasını və
yaşıllaşdırılmasını, məişət
tullantılarının yığılmasını və
daşınmasını, içməli su ilə təchizat,
təhsil müəssisələrinin binalarının
saxlanılmasını və s. qeyd etmək olar. Həyata
keçirilən layihələrdən dəyəri 2 milyon 946
min manat olan 527 layihə qəsəbə bələdiyyələrinin
payına düşür.
Diqqətə
çatdırılmışdır ki, hesabat dövründə
Türk Dünyası Bələdiyyələr İttifaqı
ilə milli assosiasiyalar arasında əməkdaşlıq daha
da gücləndirilmişdir. Yaxın gələcəkdə
qabaqcıl təctübənin öyrənilməsi
üçün tanışlıq proqramlarının
reallaşdırılması planlaşdırılır.
Bildirilmişdir
ki, Assosiasiya əhalinin həyat şəraitinin
yaxşılaşdırılması üçün yerlərdə
irimiqyaslı layihələr həyata keçirir, mövcud
problemlərin aradan qaldırılması istiqamətində tədbirlər
görür. Bunun nəticəsi olaraq, bələdiyyə idarəçiliyinin
səmərəliliyi daha da artırılmış, yerli əhali
ilə qarşılıqlı münasibətlər xeyli
gücləndirilmişdir.
İclasda
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
regional idarəetmə və yerli özünüidarəetmə
şöbəsinin bələdiyyələrlə iş
sektorunun müdiri Kamran Bayramov bələdiyyələrin fəaliyyətinin
əlaqələndirilməsi, yerli özünüidarəetmənin
inkişafı, vətəndaş cəmiyyətinin
qurulmasında, demokratik prinsiplərin tətbiqində bələdiyyələrin
rolunun artırılması məsələlərindən
danışmışdır.
Ədliyyə
Nazirliyinin bələdiyyələrlə iş mərkəzinin
rəisi Mehdi Səlimzadə, Milli Məclisin regional məsələlər
komitəsinin üzvü Tahir Rzayev bildirmişlər ki, həyata
keçirilən islahatlar nəticəsində bələdiyyə
idarəçiliyinin səmərəliliyi daha da
artırılmışdır.
Tədbirdə
qəsəbə bələdiyyələrinin sədrləri
gördükləri işlər, yerli əhəmiyyətli məsələlərin
həllində əhalinin iştirakı, bələdiyyələrin
maliyyə imkanlarının artırılması, bələdiyyə-vətəndaş
əlaqələrinin möhkəmləndirilməsində bələdiyyə
qulluqçularının peşəkarlığı, bələdiyyələrin
fəaliyyətində aşkarlığın və şəffaflığın
təmin olunması mövzularında çıxışlar
etmişlər.
Çıxışlarda
bələdiyyələrin fəaliyyətində şəffaflığın
daha da artırılmasının zəruriliyi qeyd edilmiş,
yerli vergi və ödənişlərin
yığılmasında mövcud çətinliklərin
aradan qaldırılması yollarına dair təkliflər səsləndirilmiş,
bununla bağlı müvafiq tədbirlərin görülməsi
qərara alınmışdır.
İclasda
nəzarət-təftiş komissiyasının hesabatı dinlənilmiş,
cari ilin büdcəsi təsdiq edilmiş və təşkilatı
məsələlərə baxılmışdır.
Azərbaycan.-2014.- 18 aprel.- S.5.