Birlik dirilikdir

 

Torpaq, Su, Yel çərşənbələri arxada qalmışdı. Artıq yazın nəfəsi duyulurdu. Yerdən buxar qalxır, buz bulaqların gözü, ağacların düymə tumurcuqları get-gedə açılırdı. Havalar xoş keçdiyindən alça, badam, qaysı bu il daha tez çiçəkləməyə başlamışdı. Hamı martın 18-dəki İlaxır çərşənbəni, ondan iki gün sonrakı Novruzu böyük səbirsizliklə gözləyirdi. Evlərdə səməni göyərdilmiş, divarlar ağardılmılş, həyət-bacalar səliqə-sahmana salınmış, adamlar bayram xonçası üçün tədarük görmüşdü.

Martın 15-də əsən şiddətli külək Yardımlıda ağacları, bir çox evin damını, elektrik, telefon dirəklərini aşırıb yıxdı. Elektrik enerjisi tamamilə dayandı. Rayon rəhbərliyi yaranmış vəziyyətlə bağlı bir an da belə, vaxt itirmədən tədbirlər gördü. Mövcud texnika və canlı qüvvə səfərbərliyə alındı. Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün şəxsi nümunə göstərdi. Ayağına rezin çəkmə geyib yıxılmış elektrik dirəyi üçün çala qazmağa başladı. İcra hakimiyyətinin, rayon prokurorluğunun, polis şöbəsinin, Milli Təhlükəsizlik Nazirliyi rayon şöbəsinin işçiləri, bütün idarə-müəssisələrin kollektivləri işə qoşuldular. Atalar yaxşı deyib: "El gücü, sel gücü". Yaranmış gərginlik bir gün içində aradan qaldırıldı. İlaxır çərşənbədə axşam rayon ərazisinin hər yerində - ən ucqar dağ kəndlərində belə, evlərdə işıq yandı. El adətincə, deyirlər ki, İlaxır çərşənbəni necə qarşılayarsansa, üzümüzə gələn ili də elə keçirərsən. İşığın, odun olması xoş, nikbin ovqat yaratdı. Rayon əhalisi Novruz bayramını da yüksək əhvali-ruhiyyə ilə qarşılayıb yola saldı. Nişanlı qızların evlərinə xonçalar getdi, küsülülər barışdı.

Martın axırında isə təbiət rayon əhalisini bir daha sınağa çəkdi. İlin bu vədəsində güclü qar yağdı. Qar əridikcə dağlardan gələn sel suları yollara, şəhər təsərrüfatına ciddi ziyan vurdu. Biz rayonda olarkən Masallı-Yardımlı avtomobil yolunun sel suları yumuş 50-ci kilometrində bərpa işləri görülürdü. Bu dəfə də rayon rəhbərliyinin təşkilatçılığı ilə əhali əl-ələ verib işləri sahmana saldı. Selin özü ilə gətirdiyi lil, palçıq küçələrdən tez bir zamanda təmizləndi.

İnsan yaranmışların ən həssasıdır. Qayğı, isti münasibət görəndə özünü sayılmış hiss edir, ruhlanır, çalışır ki, göstərilən qayğının, hər hansı yaxşılığın qarşılığında borclu qalmasın. Yardımlı camaatı son illər rayonda görülən işləri yüksək qiymətləndirməklə bərabər, aparılan quruculuq, abadlıq işlərində yaxından iştirak edir. Onlar görürlər ki, ölkə başçısı Yardımlının inkişafını daim diqqət mərkəzində saxlayır, sərəncamlar imzalayır. Prezidentin yerdəki nümayəndəsi - icra hakimiyyətinin başçısı da qarşıya qoyulan vəzifələrin, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün canı-dildən çalışır. Bunun nəticəsində dağ rayonu Yardımlıda son 10 ildə tərəddüdsüz demək olar ki, 10 illərə bərabər işlər görülüb. Dağılıb yararsız hala düşən Masallı-Yardımlı magistral şose yolu bərpa olunub, rayona ilk dəfə təbii qaz xətti çəkilib, yeni təhsil, səhiyyə, mədəniyyət ocaqları tikilib, köhnələri əsaslı təmir edilib. Bu gün rayonda elektrik enerjisi problemi yoxdur. Əməkhaqlarının, pensiyaların, müavinətlərin artırılması nəticəsində əhalinin yaşayış səviyyəsi yüksəlib. Turizmin inkişafı ilə bağlı neçə-neçə istirahət mərkəzləri yaradılıb. Ən başlıcası isə əhalinin sabaha inamı artıb. Müxtəlif şəhər və rayonlarda yaşayan yardımlılılar doğulub boya-boşa çatdıqları yerlərə tez-tez baş çəkirlər. Onlar rayona gələrkən öz övladlarını da gətirirlər ki, ata-baba yurdları ilə tanış etsinlər. İmkanı olanlar torpaq götürüb müasir üslubda ev tikdirirlər. Hiss edirsən ki, adamlarda kəndə qayıdış meyli get-gedə artır.

Rayonun Pirembel kənd sakini Hacı Mirhəqiqət Bədirov: "Yardımlı ucqar dağ rayonudur. Sovet hökuməti zamanı da burada çox çatışmazlıqlar vardı. Onu da deyim ki, Stalin o vaxt bizim İranla sərhəddə yerləşən bütün kəndlərimizin əhalisini respublikamızın ayrı-ayrı rayonlarına deportasiya etmişdi. Bunu deməkdə məqsədim odur ki, bu yerin əhalisinin başına çox müsibətlər gəldiyini biləsiniz. Əslən Yardımlıdan olan adamlar öz dədə-baba yurdlarına gələ bilmirdilər. Salyan rayonunun Şorsulu kəndində keçid məntəqəsi qurulmuşdu. Onu keçib gəlmək üçün neçə-neçə məmurun qapısını gərək açaydın. Bu da görüm-baxımsız başa gəlmirdi. İndi isə başqa zamandır. Azərbaycan aydan-aya, ildən-ilə qüvvətlənir. Yaxın qohumlarımdan Bakıda, Sumqayıtda, Şirvanda, Salyanda və digər yerlərdə yaşayanlar çoxdur. Hərdən onlara baş çəkməyə gedirəm. Maşallah olsun, bütün şəhərlər, qəsəbələr, kəndlər inkişaf edir, abadlaşır. Bunların hamısı Heydər Əliyev uzaqgörənliyinin, müdrikliyinin sayəsində mümkün olur. Neft müqaviləsinin bağlanmasına mane olmaq istəyənlər çox idi. Lakin o kişi çətinliklərə sinə gərib onların hamısına qalib gəldi. Allah Prezident İlham Əliyevə cansağlığı versin, ulu öndərin işini layiqincə, cəsarətlə davam etdirir. İnkişaf bizim Yardımlıda da aydın görünür. Yatıb yuxumuzda da görməzdik ki, haçansa Yardımlıda qaz olar. Amma bunu gördük. İndi kəndlərə asfalt yol, su, qaz xətti çəkilir, körpülər salınır. Rayon icra hakimiyyətinin başçısı Sevindik müəllim dağ rayonu caamatının ehtiyacını, çətinliklərini yaxşı bilir. Elə bil, bizim Yardımlıda doğulub. Xeyirdə, şərdə həmişə elnən birlikdədir. Vətəndaşların qəbulu məsələsi də onun kimi. Vaxtaşırı yerlərdə olur, adamların nədən razı, nədən narazı olduğunu öyrənir. Hər hansı müraciətin operativ həll olunması üçün tədbirlər görür. Bizim Pirembel rayonun abad kəndlərindəndir. Tək-tək adam olur ki, icra hakimiyyətinə müraciət edir. Lakin rayon rəhbəri kəndimizə gələndə Şəfəq-Pirembel yolunda yağış sularının əmələ gətirdiyi yarğanı gördüonun düzəldilməsi üçün göstəriş verdi. 2-3 saat ərzində həmin qəzalı yer əvvəlki vəziyyətinə gətirildi.ya kəndimizin bir nəfər sakini işlə əlaqədar müraciət etmişdi. Bir neçə gündən sonra o, işlə təmin olundu".

Yardımlı rayonu Alçabulaq kənd tam orta məktəbinin müəllimi, respublikanın əməkdar müəllimi Əliheybət Qədirov isə öz ürək sözlərini belə ifadə etdi: "Son 10 il rayonumuz üçün çox uğurlu olmuşdur. Aparılan quruculuq, abadlıq işləri onun simasını tamamilə dəyişmişdir. Rayonun mərkəzinə şəhər statusu verilmişdir. Bütün bunlar hər bir Yardımlı sakinini sonsuz dərəcədə sevindirir. Təhsil sahəsindəki nailiyyətlər də ürəkaçandır. Tarix üçün gözqırpımı hesab edilən 10 il müddətində rayonumuzda yeni, müasir tipli 58 məktəb tikilmişdir. Həmin tədris ocaqları yeni avadanlıqlarla təchiz edilmişdir. Təzə məktəblər daimi elektrik enerjisi, suistilik sistemi ilə təmin olunmuşdur. Bunlar isə şagirdlərin dərsə davamiyyətinə, tədrisin keyfiyyətinə müsbət təsir göstərmişdir. Keçən dərs ilində rayonumuzda orta məktəbi bitirən 686 məzundan 146 nəfəri ali, 82 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Onlardan 5 nəfəri 600-dən çox bal toplamışdır. Bu göstəricilər əvvəlki illərdəkindən xeyli çoxdur. Lakin bunlar bizi razı salmır. Yaxşı başa düşürük ki, hər bir millətin gələcəyi təhsildən asılıdır. Təhsillə əlaqədar həm ölkə başçısı, həm də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ardıcıllıqla tədbirlər görürlər. Rayon rəhbərliyi də təhsilə xüsusi diqqət göstərir. Məhz rayon rəhbərliyinin yuxarı orqanlar qarşısında məsələ qaldırması nəticəsində son 4 ildə 9 ümumi orta məktəb tam orta məktəbə çevrilmişdir. Köhnə məktəb binalarının yeni dərs ili öncəsi cari təmiri, qış aylarında onların yanacaqla təmin olunması üçün inzibati ərazi nümayəndəlikləri, yerli bələdiyyələr lazımi kömək göstərirlər. İxtisaslı müəllimlərin rayonumuza göndərilməsi işində müəyyən irəliləyiş var. Keçən dərs ilində ali məktəblərə qəbul olunan şagirdlərlə rayon icra hakimiyyətində görüş keçirildi. 500-dən çox bal toplayıb tələbə adına layiq görülən gənclərin hər biri "Noutbuk"la mükafatlandırıldı. Belə misalları çox çəkmək olar".

Regionların sosial-iqtisadi inkişaflna dair üçüncü Dövlət Proqramı çərçivəsində Yardımlıda tikinti-quruculuq, abadlıq işləri davam etdirilir. Yardımlı sözün əsl mənasında, tikinti meydançasını xatırladır. Şəhərin küçələrində təmir işləri aparılır, səkilər çəkilir. Polis şöbəsi üçün inşa edilən yeni binada tamamlama işləri görülür, Gənclər parkında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün açıq teatr tikilir. Yardımlı rayon gəncləri bir müddətdən sonra asudə vaxtlarını daha səmərəli keçirmək imkanı qazanacaqlar. Bunun üçün olimpiya idman kompleksinin tikintisinə artıq başlanmışdır. Yol infrastrukturunun yaxşılaşdırılması üçün də tədbirlər görülür. Prezidentin sərəncamına əsasən ayrılan vəsaitlə 13 min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Deman-Arvana avtomobil yolunun 20 kilometri artıq asfaltlaşdırılmışdır və yolun qalan 18 kilometr hissəsində işlər gedir. Genişlənən yola çınqıl döşənir, havalar qızan kimi asfaltlanacaq.

10 min əhalinin məskunlaşdığı və 12 kəndi birləşdirən Yardımlı-Hamarkənd-Abasabad avtomobil yolunun tikintisi barədə də ölkə başçısının sərəncamı var. Yolun genişləndirilməsi istiqamətində işlər aparılmış, yolun yatağı çınqıllanmışdır. Hava şəraiti imkan verən kimi bu yol da asfaltlanacaq.

Yardımlı şəhərində əhalinin içməli suya olan tələbatının ödənilməsi, şəhərdə kanalizasiya sisteminin yaradılması məqsədilə Azərbaycan hökumətinin Dünya Bankı ilə imzaladığı kredit sazişinə əsasən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə" çərçivəsində ümumi uzunluğu 62 kilometr olan su və 59 kilometr kanalizasiya xəttinin çəkilişinə başlanılmışdır. İndiyə kimi su çəkilişi üzrə ümumi işin 56, kanalizasiya üzrə 23 faizinə əməl olunmuşdur. İşlər havalar istiləşdikcə sürətlənir. Layihə başa çatdıqdan sonra Yardımlı şəhər sakinlərinin bu sahədə problemləri həllini tapacaq, onlar bütün gün ərzində içməli su alacaqlar. Kənd əhalisinin içməli su ilə təminatı sahəsində də tədbirlər görülür. Belə ki, 18 kənddəki 14 min nəfər əhalinin su təminatı üçün Viləş çayının Qaraqaya qolundan - Sineyir adlanan ərazidən həmin kəndlərə içməli su xətti çəkilməsi məqsədilə "Azərsu" ASC qarşısında qaldırılan məsələ müsbət nəticə vermişdir. Su mənbəyindən 8 kilometr məsafəyə - Osnakəran kəndinə su xətti çəkilmiş və 500 tonluq anbar inşa olunmuşdur. Mirimli kəndində də su xətti çəklişinə havalar imkan verən kimi başlanılacaq.

Yaxın vaxtlarda rayonun Binə, Bozayan, Qabaqdibi, Mişkireyin, Vəlixanlı kəndlərinin, Yardımlı şəhərinin sakinlərinə təbii qaz verilmiş və beləliklə, abonentlərin sayı 1895-ə çatmışdır. Hazırda Yardımlı şəhərinin Daşkənd küçəsində və Urakəran kəndində təbii qaz xətti çəklişi davam edir. Heydər Əliyev Mərkəzi, Akademik Zərifə Əliyeva adına körpələr evi, Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsi, mərkəzi kitabxana sistemi, tarix diyarşünaslıq muzeyi, tikilməkdə olan polis şöbəsi, Bürzünbül və Urakəran kənd məktəbləri binalarının qazlaşdırılması üçün hazırlıq işləri aparılır. Cari ilin sonuna kimi 1920 abonenti olacaq 14 şəhərətrafı və magistral kəmərboyu kəndə qaz verilməsi planlaşdırılır.

Hazrıda Ostayır kəndində 220, Zevin kəndində 360, Anzov kəndində 180, Zenqaran kəndində 80 şagirdlik məktəb və Yolocaq kəndində 55 yerlik uşaq bağçası binalarında işlər davam edir. Onların növbəti dərs ilinin başlanğıcında istifadəyə verilməsi nəzərdə tutulur.

Bütün bunlar göstərir ki, qarşıya qoyulan vəzifələr, nəzərdə tutulan tədbirlər Yardımlıda müvəffəqiyyətlə həyata keçirilir. Rayon əhalisi bu işlərin icrasında, keyfiyyətlə görülməsində yaxından iştirak edir. Hər kəs istəyir ki, aparılan işlərdə onun da payı olsun. Bu birlik, mütəşəkkillik ataların məşhur bir kəlamını yada salır: "Birlik dirilikdir".

 

Seyran CAVADOV,

Azərbaycan.-2014.- 18 aprel.- S.5.