Hacibəylilər dühasi
Zülfüqar Hacıbəyli-130
Milli musiqili teatrımız çox keşməkeşli, eyni zamanda maraqlı bir tarixi yol keçmişdir. Şübhəsiz, Üzeyir Hacıbəylinin milli musiqi mədəniyyətimizin inkişafında xidmətləri əvəzsizdir. Bununla yanaşı qeyd etmək lazımdır ki, dahi Üzeyir bəylə başlanan bu iş sonradan bir çox bəstəkarlar tərəfindən davam etdirilmişdir. Onun musiqi ənənələrinin davamçısı, silahdaşı, bəstəkarın böyük qardaşı Zülfüqar Hacıbəylinin də musiqili teatrın yaranmasında müstəsna rolu olmuşdur. O, H.Sarabski, M.Terequlov, M.Əliyev və digər görkəmli sənətkarlarla bərabər bu sahənin inkişaf etdirilməsində, dövrün, zəmanənin tələblərinə uyğunlaşdırılmasında xidmətlər göstərmişdir. Görkəmli bəstəkar musiqi maarifçiliyi istiqamətində də böyük işlər görmüşdür. Z.Hacıbəyli "Evliykən subay", "50 yaşında cavan" musiqili komediyalarını yazdıqdan sonra "Aşıq Qərib" operasını qələmə almışdır. Bu əsər ona böyük şöhrət gətirmişdir.
Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli 1884-cü ildə Qarabağda öz musiqi ənənələri ilə məşhur olan Şuşa şəhərində dünyaya göz açmışdır. O hələ uşaq yaşlarından xalq musiqisini dərindən öyrənmiş, xalq ifaçılarının zəngin imkanlarından bəhrələnmişdir. Atası Əbdülhüseyn Hacıbəyli ailəsinin böyük olmasına baxmayaraq, uşaqlarının - oğlanları Zülfüqar, Üzeyir, Ceyhun və iki qızı - Səyadın, Abuhəyatın təhsil almalarına çox ciddi yanaşmışdır. Zülfüqar və Üzeyir Şuşadakı rus-tatar məktəbində oxumuşlar. Bu illərdə Zülfüqar hətta bəzi tamaşalarda da çıxış etmişdir.
Atasının vaxtsız ölümü ailənin çətin vəziyyətə düşməsinə səbəb olmuşdur. Zülfüqar şəhər dumasında, əkinçilik idarəsi müvəkkilliyində və Şuşa şəhər vergi işlərində tərcüməçi kimi çalışmışdır. Bütün bunlara baxmayaraq, musiqiyə bəslədiyi məhəbbət onun qəlbində daha da möhkəmlənmişdir. Məhz xalq musiqisinə sonsuz sevgisi onun yaradıcılığında xüsusi əhəmiyyət kəsb etmişdir. Qardaşı Ü.Hacıbəylinin 1908-ci ildə yazdığı "Leyli və Məcnun" operası Azərbaycanda bir çox musiqi janrlarının yaranmasına təsir göstərmiş, Zülfüqar bəyin musiqi fəaliyyətinin inkişafına yardımçı olmuşdur. Bu dövrdə Z.Hacıbəyli milli musiqi teatrının yaranması üçün böyük səylə çalışmışdır.
1907-ci ildən başlayaraq Z.Hacıbəyli böyük yaradıcılıq yoluna qədəm qoyur. Onun ilk qələm təcrübəsi 1910-cu ildə yazdığı "Əlli yaşında cavan" operettası olur. Azərbaycan truppası Tiflisdə bu əsəri səhnəyə qoyur, sonralar isə operetta bəstəkarın özünün təşkil etdiyi həvəskar truppanın qüvvəsi ilə nümayiş etdirilir. Bu tamaşada Zülfüqar bəy həm bəstəkar, həm libretto müəllifi, həm də dirijor kimi çıxış edir. Əsərin janrı sənətkara qadın hüququnu müdafiə etməyə, yaşadığı cəmiyyətin eybəcərliklərinin ifşasına imkan yaradırdı. Şübhəsiz, əsərdə musiqi əsas yer tutur, tamaşada bol-bol mahnı, "Tərəkəmə" və "Yallı" rəqslərindən istifadə edilir. Operetta simfonik orkestrin ikili tərkibi üçün yazılmışdı. Milli rəqslərimiz, ümumiyyətlə, xalq musiqi elementlərindən geniş istifadə mühüm yer tuturdu. Əsər 3 pərdə və 17 musiqi nömrəsindən ibarət idi.
Azərbaycan teatrının uğurlu çıxışları və böyük sənətkarın operettasının xalq arasında rəğbət qazanması truppanın bir çox yerlərə qastrola getməsinə imkan verirdi. Operetta Naxçıvanda, Şuşada, Culfada, Şəkidə və həmçinin İranın bir çox şəhərlərində tamaşaya qoyulmuşdu. Əsər haqqında təəssüratlar o zamanın dövri mətbuatında - "Azərbaycan", "Kaspi", "Yeni iqbal" və s. qəzetlərdə geniş işıqlandırılırdı. Bu isə onu sübut edirdi ki, bəstəkarın operettaları tamaşaçıların həmişə nəzər-diqqətində olmuş və rəğbətlə qarşılanmışdır. M.Füzuli adına Əlyazmalar İnstitutunda bəstəkarın fərdi arxivində məhz Ağdam Dövlət Dram Teatrında "Əlli yaşında cavan" operettasının səhnəyə qoyulması və iştirak edən aktyorların ifası ilə bağlı bəstəkarın özünün məqaləsi qorunmaqdadır.
Tiflisdə olarkən Z.Hacıbəyli ikinci operettasını-"On bir yaşında arvad" və ya "Varlı" əsərini yazır. Əsər 1911-ci ilin mayında Tiflisdəki Gürcü Zadəgan Teatrında tamaşaya qoyulur. Burada Azərbaycan tacirlərinin patriarxal həyatı tənqid olunurdu. Təbii ki, süjet o zamanın hakim dairələrinin xoşuna gəlmir. Premyeranın böyük uğurla keçməsinə baxmayaraq, polis idarəsi tərəfindən əsərə baxış dayandırılır.
1912-ci ildə bəstəkar Naxçıvanda olarkən "Evliykən subay" komediyasını yazır. Elə həmin il əsər Tiflis mətbuat komitəsinə təqdim edilir. 1913-cü ilin 7 noyabrında canişinin rəsmi icazəsi ilə Bakı Musiqi Teatrı "Evliykən subay" komediyasını tamaşaya qoyur.
Operettada verilmiş əhvalatlar çoxarvadlılığa həsr olunmuşdu. Aydın məsələdir ki, o dövrdə mətbuatda bu əsər haqqında resenziyaçıların tutduğu mövqe ziddiyyətli xarakter daşıyırdı. Əsərdəki satira, qadın hüquqsuzluğunun, nadanlığın tənqidi din xadimlərinin, hakim siniflərin ürəyincə deyildi. Bütün bu qərəzli mülahizələrə baxmayaraq, operetta sonralar dəfələrlə tamaşaya qoyulmuş və uğur qazanmışdır. Z.Hacıbəylinin komediyaları onu sadəcə bir bəstəkar və yaxud dirijor kimi tanıtmaqdan əlavə, həm də təşkilatçılıq bacarığını üzə çıxarırdı.
Bu illərdə Azərbaycan musiqili teatrının repertuarının genişlənməsi həm aktyorların, həm də səhnə quruluşu iştirakçılarının artması problemini ortaya çıxarırdı. Z.Hacıbəyli truppanın genişlənməsinə hər cür imkan yaradır və ona rəhbərlik edirdi. 1911-ci ildə bu truppa Zaqafqaziyanın bir çox şəhərlərinə qastrola çıxır. Onlar müəllifin rəhbərliyi altında Bakıda, Naxçıvanda, Culfada, Şuşada "50 yaşında cavan" operettasını səhnəyə qoyur və tamaşaçıların böyük rəğbətini qazanırlar. Truppada Azərbaycanın məşhur komediya ustaları M.Əliyev, M.Quluzadə, M.X.Quliyev və Sidqi çıxış edirlər. Zülfüqar bəy 1913-cü ildə bir qədər çətin vəziyyətə düşmüş truppanın nüfuzunu qaldırmaq üçün Şuşaya qastrol səfərinə çıxır. Səfərdə "Evliykən subay" operettası və Ü.Hacıbəylinin "Leyli və Məcnun", "Əsli və Kərəm" operaları oynanılır, böyük uğurlar qazanır. Beləliklə, bəstəkar həm də rejissor kimi çıxış edir.
1915-ci ildə "Aşıq Qərib" operası yazılır və bu zaman artıq Zülfüqar bəyin truppası müstəqil truppaya çevrilir.
Bir faktı da qeyd edək ki, başqa Azərbaycan operaları kimi, "Aşıq Qərib"operası da səhnəyə çətinliklə yol tapa bilmişdir. Opera 4 pərdə və 8 şəkildən ibarət idi. Z.Hacıbəyli tamaşanın baş musiqi rəhbərliyini öz üzərinə götürərək dirijorluq etmişdi. Operanın librettosunu da yazmışdı və bu libretto təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada məşhur olan eyniadlı aşıq dastanı süjetinə əsaslanmışdır. Bir sözlə, librettonun nəsr mətni poetik mətnə uyğun zəngin xalq nağılı formasında qələmə alınmışdır. Əlbəttə, dastanda olan lirizm, xəlqilik saxlanılmışdır. Həmin dövrdə yaranan bir çox bəstəkar əsərləri kimi bu əsər də dahi Üzeyir bəyin professional musiqimizə gətirdiyi ənənələrin böyük sənətkarlıqla davamı sayıla bilər. "Aşıq Qərib" operasının əsas musiqi materialı muğamdır. Opera 1916-cı ildə azı beş dəfə tamaşaya qoyulmuş və təsadüfi deyil ki, əsər bu gün də müasir dinləyicinin diqqətini cəlb edir.
Operanın üçüncü tamaşası 1916-cı il sentyabrın 9-da oynanılmışdır. "Kaspi" qəzetində verilən xəbərdə göstərilirdi ki, əsas qəhrəmanlar Sarabski, Ağdamski öz rollarını çox gözəl oynamış və böyük müvəffəqiyyət əldə etmişlər. Müdiriyyət tərəfindən bura balet və qadın xoru da əlavə olunmuşdur. Yeni dəvət almış rejissor Abbasmirzə Şərifzadə operanı yeni tərtibatda, məharətlə işləmişdir. Əvvəlki tamaşalardan fərqli olaraq bu tamaşa daha çox alqışlanmışdır. Tamaşanın böyük uğurla keçməsi onun təkrarən yenidən Tağıyev teatrında sentyabrın 15-də tamaşaya qoyulmasına səbəb olmuşdur. Belə ki, beşinci tamaşa 1916-cı il oktyabrın 7-də göstərilmiş, bununla da opera mövsümü tamamlanmışdır.
1917-ci ildə dövri mətbuat səhifələrində "Aşıq Qərib" operası ilə bağlı bir çox məqalə dərc olunur. "Açıq söz" qəzeti yazırdı ki, "fevralın 10-da cümə gecəsi Bakı müsəlmanlarının "Nicat" maarif cəmiyyətinin müsamirəsi oldu. Əvvəlcə "Bizim kirayənişin özünü öldürdü" məzhəkəsi tamaşaya qoyuldu. Ondan sonra bir pərdə "Aşıq Qərib" operasından, bir pərdə "Arşın mal alan" operettasından səhnələr göstərildi."
"Müsəlman tamaşası" adı altında yazılan başqa bir məqalədə "Aşıq Qərib" operasının Tağıyev teatrında bazar ertəsi avqustun 14-də tamaşaya qoyulacağı qeyd olunurdu.
1918-ci ildə Üzeyir və Zülfüqar Hacıbəylilərin yaratdıqları truppa bir sıra məhşur ifaçılar və aktyorlarla birlikdə (M.Əliyev, H.Sarabski, H.Ərəblinski, S.Ruhulla, Ə.Ağdamski) İrana qastrol səfərinə çıxırlar. Rəşt, Pəhləvi, Ənzəli və digər şəhərlərdə "Aşıq Qərib", "Əsli və Kərəm" operaları ,"Evliykən subay", "50 yaşında cavan" musiqili komediyaları tamaşaya qoyulur və çox böyük uğurla qarşılanır.
Həmin dövrdə müsbət rəyli məqalələrlə yanaşı, operanın quruluşunun mənfi cəhətlərini tənqid edən yazılar da dərc olunurdu. Mart ayında opera yenidən səhnələşdirilir. Belə ki, əsas rolların ifaçısına çevrilmiş Ə.Sadıqov baş rolda (Qərib) böyük uğurla çıxış edir. Hətta dövri mətbuatda yazırdılar ki, Qərib rolunun ifaçısı Ə.Sadıqovun yüksək səsi hamını heyran qoymuşdu.
1956, 1958 və 1962-ci illər ərzində "Aşıq Qərib" operasında baş rollarda (Qərib - Ə.Sadıqov, Şahsənəm - R.Muradova, G.Həsənova) məhşur xanəndələrin ifaları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. 1963-cü ildə isə operada əsas rolları Q.Əsgərov və G.Həsənova paylaşırlar.
1977-ci ildə "Melodiya" firmasının Bakıya gəlişi ilə səsyazma briqadası 15 günlük gərgin zəhmətdən sonra "Aşıq Qərib"i maqnitofon lentinə köçürür. Burada əsas rollarda B.Mirzəyev (Qərib), Z.Xanlarova (Şahsənəm) və Ş.Quliyev (Şahvələd) çıxış edirlər.
1985-ci ildə dərc olunan "Aşıq Qərib" operası Parisin radio dalğalarında" sərlövhəli məqalədə yazılırdı ki: "Fransanın radio dinləyiciləri Z.Hacıbəylinin "Aşıq Qərib" operası ilə tanış olmuşlar. Opera SSRİ xalq artisti Niyazinin rəhbərliyi ilə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı solistlərinin, xorunun və orkestrinin ifasında səslənmişdir. Milli radio və televiziya əsərin bütöv yazısını vermişdir. Baş rollarda SSRİ xalq artisti Z.Xanlarova, əməkdar artist B.Mirzəyev, tarda solonu respublikanın xalq artisti B.Mansurov ifa etmişdir". Fransa radiosu və televiziyasının "Teleqram" həftəliyi özünün musiqi icmalçısı Pyer Landonun Azərbaycan bəstəkarının operasına dair annotasiyasını dərc etmişdir. Annotasiyaya belə bir sərlövhə verilmişdir: "Bu operanı dinlədikdən sonra siz özünüz üçün böyük bir kəşf etmiş olacaqsınız". İcmalçı dinləyiciləri Şərqdə geniş şöhrət qazanan eyniadlı dastan əsasında bəstələnmiş "Aşıq Qərib" operasının yaranma tarixi ilə tanış edərək onun ifaçılarının, xüsusən də dirijor Niyazinin yüksək məharətindən söhbət açırdı.
1993-cü ildə bəstəkarın oğlu maestro Niyazi yeni redaktədə operanı işləmişdir. Böyük fəxrlə demək olar ki, opera bir neçə il ərzində mütəmadi olaraq səhnələşdirilmiş, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. 2009-cu ildə Bakıda Beynəlxalq Muğam Simpoziumu keçirilərkən "Aşıq Qərib" operası yeni redaksiyada səhnəyə yol açdı.
Hazırda M.Füzuli adına Azərbaycan Dövlət Əlyazmalar İnstitutunda bəstəkarın şəxsi arxivi qorunur. Burada Zülfüqar bəyin səsləndirilməyən bir sıra səhnə əsərlərinin musiqi materialları saxlanılır. Həmin əsərlər arasında bəstəkarın 1917-ci ildə xalq nağılı "Üç aşıq" və yaxud "Məlikməmməd" süjeti əsasında nağıl operasının klaviri qorunmaqdadır. Hətta vaxtilə "Kaspi" qəzeti bu operanın səhnəyə qoyulması üçün hazırlığın getdiyini də qeyd etmişdi. Əfsuslar olsun ki, hələ də bu əsər səhnəyə qoyulmayıb. Əminik ki, əldə etdiyimiz əsərin səhnəyə qoyulması üçün səmərəli işlər görüləcək. Bundan başqa, Əlyazmalar İnstitutunda bəstəkar tərəfindən Nizaminin "İsgəndərnamə" əsərinin motivləri əsasında yazılmış "Nüşabə" operası üzərində işin getdiyini təsdiq edən musiqi materialları saxlanmaqdadır.
Azərbaycanda mahnı janrının inkişafı ötən əsrin 20-ci illərinin sonu, 30-cu illərinin əvvəllərinə təsadüf edir. Həmin dövrdə kütləvi şəkildə ilk mahnı nümunələri yaranırdı. Ü.Hacıbəylinin "Komsomolçu qız ", "Süvarilər mahnısı", "Qızıl əsgər mahnısı", "Kolxoz çöllərində", "Mazut", "Qara gözlər", M.Maqomayevin "Neft", "Tarla", "Bahar", həmçinin Z.Hacıbəylinin bu qəbildən olan mahnılarını qeyd etmək lazımdır. Əlyazmalar İnstitutunda bəstəkarın şəxsi arxivində əldə olunmuş vətənpərvərlik ruhunda yazılmış 5 silsilə dəftərdən ibarət mahnılar qorunur. Hər silsilə dəftərin öz adı var və onların içində bir neçə nəğmə toplanılıb - I dəftər: "Döyüş marşı", II dəftər: "Ümidini üzmə məndən", III dəftər: "Azərbaycan diviziyasının qızıl əsgərlərinə həsr olunmuş marş və nəğmələr", IV dəftər: "İsmayılın nəğməsi", V dəftər: "Vətən ordusu". Bu əsərlərlə yanaşı, Zülfüqar bəyin Xalq Çalğı Alətləri Orkestri üçün yazdığı "Cəngi" pyesinin də adını çəkmək lazımdır. Bununla yanaşı, bəstəkarın şəxsi arxivində müraciət edəcəyi əsərlərin adları, hətta mətnlər qorunmaqdadır ("Onda elə, indi belə", "Yarış", "Mən ağlaram, o gülər", "Kişidə sevgi bir olar", "Evlənirəm","Biçarə Xavər", "Məşədi Xudunun məişət həyatı" və s.). Zülfüqar Hacıbəylinin son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub.
Görkəmli bəstəkar musiqi təşkilatçılığı işlərinin müxtəlif sahələrində də çalışıb. 1921-ci ildə "Qızıl əsgər" sarayına (indiki M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası) rəhbərlik edib, 1937-ci ildə Azərbaycan estradasının bədii rəhbəri olub.
Azərbaycan dövləti bəstəkarın musiqi mədəniyyətimizin inkişafında xidmətlərini yüksək qiymətləndirərək onu müxtəlif orden və medallarla təltif edib. 1943-cü ildə Z.Hacıbəyli əməkdar incəsənət xadimi adına layiq görülüb, 1944-cü ildə "Qafqazın müdafiəsi uğrunda", 1945-ci ildə "Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalları, 1946-cı ildə incəsənət sahəsində səmərəli əməyinə görə "Şərəf nişanı" ordeni ilə təltif edilib.
Zülfüqar Hacıbəylinin dünyasını dəyişdiyi vaxtdan illər ötsə də, o həmişə ehtiramla xatırlanır, ehtiramla yad edilir. Bu belə də olmalıdır. Çünki onun yaradıcılığı Azərbaycan musiqi tarixinin parlaq səhifələrini bəzəyir.
Fidan NƏSİROVA,
Bakı Musiqi Akademiyasının elmi
işçisi, musiqişünas
Azərbaycan.-2014.- 18 aprel.- S.6.