Moskvada «Azərbaycan xalçaları. İlmələrin əfsanəsi» qalereyası açılmışdır

 

Aprelin 16-da Moskvadakı Kuznetski mostda "Azər-İlmə" şirkətinin "Azərbaycan xalçaları. İlmələrin əfsanəsi" qalereya-butikinin açılışı olmuşdur. Bu, Rusiyada Azərbaycan əl xalçalarının satılacağı ilk rəsmi mağazadır. Qalereyada azərbaycanlı xalça ustalarının qədim və müasir işlərinin kolleksiyalarını görmək olar.

Açılış mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu demişdir ki, Azərbaycan xalqının mədəniyyət tarixində xalça xüsusi rol oynayır. Azərbaycanın nadir xalçaları dünyanın aparıcı muzeylərində saxlanılır. Keçmiş Sovet İttifaqında ilk xalça muzeyi məhz Bakıda yaradılmışdır.

Səfir demişdir: "Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən Bakıda memarlıq baxımından nadir xalça muzeyi binası tikilmişdir". P.Bülbüloğlu vurğulamışdır ki, Vidadi Muradovun rəhbərlik etdiyi "Azər-İlmə" şirkətində xüsusi texnologiya əsasında qeyri-adi gözəlliyə malik olan xalçalar hazırlanır. Səfir əmin olduğunu bildirmişdir ki, "Azərbaycan xalçaları. İlmələrin əfsanəsi" qalereya-butiki böyük uğur qazanacaq və Azərbaycan xalçalarını Rusiya paytaxtında layiqincə təmsil edəcəkdir.

Qalereya-butikin baş direktoru Vitali Yefremov bildirmişdir ki, yeni layihənin ideyası ilk növbədə moskvalıları və Rusiya paytaxtının qonaqlarını Azərbaycanda xalçaçılıq sənətinin tarixi və xalçaçılıq mədəniyyəti ilə tanış etmək, "Azər-İlmə" şirkətində istehsal olunan ən yaxşı sertifikatlaşdırılmış nümunələri təqdim etməkdir. Azərbaycanlı ustaların əl işləri olan bu xalçalar uca dağların qoynunda otlayan qoyunların yunundan və məşhur Şəki ipəyi sapından toxunmuşdur.

Qalereyada xalçalarla yanaşı, Azərbaycanın əsas xalçaçılıq məktəblərinin tarixi, bu məktəblər üçün səciyyəvi istehsal üsulları və texnologiyaları haqqında geniş ədəbiyyat, o cümlədən "Azərbaycanın bütün xalçaçılıq məktəbləri" layihəsi çərçivəsində nəşr olunmuş kitablar nümayiş etdirilir.

"Azər-İlmə" şirkətinin baş direktoru Vidadi Muradov demişdir ki, şirkət Azərbaycan xalçalarını bütün dünyada yaymaqla bəşər sivilizasiyası xəzinəsinə çox qiymətli mədəni və maddi töhfələr vermiş ənənəvi Azərbaycan xalça sənətinin inkişafına şərait yaradır.

Vidadi Muradov daha sonra demişdir: "Ölkəmizdə həyatın bütün sahələrində olduğu kimi, Azərbaycan mədəniyyətinin, o cümlədən onun tərkib hissəsi olan xalçaçılığın inkişafı və təbliği üzrə geniş aparılır. Prezident İlham Əliyevin qayğısı sayəsində xalçaçılığın inkişafının qanunverici bazası yaradılmışdır. Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycan xalçaları UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Moskvada "Azər-İlmə" şirkətinin qalereya-butikinin açılması Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmlənməsinə kömək edəcəkdir. Burada Azərbaycanın 9 xalçaçılıq məktəbinin - Bakı, Quba, Şirvan, Qarabağ, İrəvan, Gəncə, Qazax, Naxçıvan və Təbriz məktəblərinin "Azər-İlmə" şirkətində toxunmuş ipək və yun xalçalar təmsil olunmuşdur".

Qalereyanın açılışında Rusiyanın tanınmış siyasiictimai xadimləri iştirak etmişlər. Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev qeyd etmişdir ki, Azərbaycan xalça sənəti irsini qoruyub saxlamaq, o cümlədən Rusiyada bu işi inkişaf etdirmək lazımdır. Y.Kuyvaşev Azərbaycana bu yaxınlardakı səfərini xatırlayaraq demişdir: "Azərbaycan Prezidenti İlham Əliyev və respublikanızın paytaxtı Bakı məni valeh etdi. Bakı qısa müddətdə gözəl və müasir şəhərə çevrilmiş, bununla bərabər, öz tarixi və mədəni irsini itirməmişdir. Bu gün mən buraya azərbaycanlı dostlarımı salamlamaq və səmərəli əməkdaşlığın bundan sonra da davam edəcəyinə əmin olduğumu bildirmək üçün gəlmişəm".

Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü Eduard Rossel Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə birgə işlədiyi illəri xatırlayaraq demişdir: "Heydər Əliyev mənə əl işi olan gözəl bir Azərbaycan xalçası bağışlamışdı. Mən həmin xalçanı öz nəvəmə bağışlayacağam. Bu xalçanı mənə kimin bağışladığını nəvəm üçün ətraflı təsvir edəcəyəm və deyəcəyəm ki, o da həmin xalçanı nəsildən-nəslə ötürsün".

Məşhur rejissor Yuli Qusman Azərbaycan xalçalarını muğam ilə müqayisə edərək demişdir: "Buya digər xanəndənin ifasında bir muğamı başqalarının ifası ilə dolaşıq salmaq mümkün olmadığı kimi, Azərbaycan xalçalarının da hər birinin əsrlərin dərinliyindən gələn orijinal naxışları vardır. Qalereyaya böyük uğurlar arzulayıram və Azərbaycan mədəniyyətini sevənlərin hamısını bu gözəl bayram münasibətilə təbrik edirəm".

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

 Moskva

Azərbaycan $g 2014.- 18 aprel.- S.7.