Azərbaycan-Pakistan hərbi əlaqələri

 ilə bağlı fikir mübadiləsi aparılmışdır

 

Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyətinin aprelin 18-də Müdafiə Nazirliyində qarşılanma mərasimi keçirilmişdir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qonaq rəsmi protokola uyğun olaraq "Şərəf kitabı"na ürək sözlərini yazmışdır.

Sonra müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirov Pakistan Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşmüşdür.

Görüşdə hərbi, o cümlədən hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilmiş, Azərbaycan-Pakistan qarşılıqlı münasibətlərinin möhkəmlənməsində belə görüşlərin zəruriliyi vurğulanmışdır.

Sonra Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın aviasiya marşalı Tahir Rafiq Batt ilə görüşmüşdür.

Müdafiə naziri qonağı salamlayaraq ölkələrimiz arasında əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri, qarşılıqlı inam üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün faydalı olduğunu qeyd etmişdir.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin regionda sabitliyə əsas təhlükə yaratdığını və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulamışdır.

Aviasiya marşalı Tahir Rafiq Batt səfərdən məmnun qaldığını bildirərək dövlətlərimiz arasındakı əlaqələrin möhkəm dostluq münasibətlərinə əsaslandığını, Pakistanın daim Azərbaycanın yanında olduğunu qeyd etmişdir.

Sonra Azərbaycan-Pakistan hərbi əlaqələri, tərəfdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Görüşdə Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Ramiz Tahirov, Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Xalid Usman Qayser iştirak etmişlər.

 

Azərbaycan.-2014.- 19 aprel.- S.4.