Naxçıvan sürətli inkişaf və yüksəliş yolundadır

 

Qədim Azərbaycan yurdu olan Naxçıvanın muxtariyyət tarixinin 90-cı ili tamam oldu. Zəngin keçmişə və mədəniyyətə malik bu diyarda muxtar respublikanın yaradılmasının 90-cı ildönümünün qeyd olunması barədə Prezident İlham Əliyevin 14 yanvar 2014-cü il tarixli sərəncamı Azərbaycan tarixinin dərinliklərindən gələn dövlətçilik irsinə ehtiramın göstəricisi olmaqla bərabər ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ənənələrinin layiqincə davam etdirilməsinin də nümunəsidir.

Minilliklərə söykənən tarixə və dövlətçilik ənənələrinə, həmçinin zəngin mənəvi və mədəni dəyərlərə malik olan Azərbaycan keşməkeşli və eyni zamanda parlaq və şərəfli inkişaf yolu keçib. Bu yolda Azərbaycanın dövlətçilik tarixinə layiqli töhfələr vermiş hər bir yurd yerimiz kimi, Naxçıvanın da öz yeri var. Bu qədim Azərbaycan diyarı ölkəmizin sosial-iqtisadi, siyasi və mədəni həyatında hər zaman əhəmiyyətli rol oynayıb. Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına da dəyərli töhfələr vermişdir. Azərbaycan Atabəyləri - Eldəgizlər dövlətinin paytaxtı olmuş Naxçıvan şəhəri əsası Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbi ilə bütün Şərqdə məşhurlaşmışdır. Naxçıvanda bugünədək qorunub saxlanılan arxeoloji abidələr, qədim karvansaralar, məscid və məbədlər, həmçinin mədəni irsimizin inciləri sırasına daxil olan Möminəxatun, Nuh peyğəmbər, Qarabağlar türbələri, Əshabi-Kəhf ziyarətgahı, Əlincəçay xanəgahı möhtəşəmliyi ilə seçilir. Zəngin ədəbi ənənələrə malik Naxçıvan Azərbaycana dünya ədəbiyyatının görkəmli nümayəndələri Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Cəlil Məmmədquluzadə kimi şəxsiyyətləri bəxş edib. "Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında" Prezident İlham Əliyevin sərəncamında deyilir: "Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır".

Tarix boyu siyasi və hərbi mübarizələr meydanına çevrilsə də, məkrli planlara təslim olmayan, Azərbaycanın ayrılmaz ərazisi kimi qorunan Naxçıvanın muxtariyyəti asan yolla qazanılmayıb. "Böyük Ermənistan" xülyasında olan erməni şovinistlərinin hədəflərindən biri daim Naxçıvan olub. XIX əsrdən başlayaraq İrəvan və Qarabağla yanaşı, erməni silahlı quldur dəstələri Naxçıvanda da azərbaycanlı əhaliyə qarşı soyqırımı törədib, soydaşlarımızın sayını süni surətdə azaltmaq üçün hər cür vasitəyə əl atıblar. Ermənistanın həm daşnak hökuməti dövründə, həm də sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvanı Azərbaycandan ayıraraq özünə birləşdirmək üçün göstərdiyi səylər xalqımızın qətiyyəti sayəsində uğursuzluğa düçar oldu. Naxçıvanın Azərbaycanın himayəsi altında olan muxtar ərazi statusu RSFSR ilə Türkiyə arasında 1921-ci ilin martında imzalanmış Moskva müqaviləsində, Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasında 1921-ci ilin oktyabrında imzalanmış Qars müqaviləsində təsbit edildi. Naxçıvanın statusunun ilk beynəlxalq müqavilədə əks olunması həm o dövrdə, həm də Azərbaycanın indiki dövründə böyük siyasi əhəmiyyət kəsb edən bir fakt kimi qiymətləndirilməlidir. 1922-ci ilin dekabrında I Zaqafqaziya sovetlər qurultayı Naxçıvan məsələsi üzrə qəbul etdiyi xüsusi qərarında Naxçıvanın muxtariyyət statusunda Azərbaycan SSR-in ayrılmaz və tərkib hissəsi olduğunu təsdiq etdi. 1923-cü il dekabrın 5-də Azərbaycan Mərkəzi İnqilab Komitəsi Naxçıvan muxtar diyarının Azərbaycanın tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi haqqında qərar qəbul edərək onun təsdiq olunmasını Zaqafqaziya Mərkəzi İnqilab Komitəsindən xahiş etdi. Zaqafqaziya Mərkəzi İnqilab Komitəsi 1924-cü il yanvarın 8-də bu qərarı təsdiq etdi. Azərbaycan SSR Mərkəzi İnqilab Komitəsinin 1924-cü il 9 fevral tarixli dekreti ilə Naxçıvan muxtar diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi təsdiq edildi. Bu, Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət idi.

XX əsrin 90-cı illərində SSRİ-nin dağılması nəticəsində yaranmış şəraitdən istifadə edən Ermənistanın hakimiyyət dairələri Azərbaycana, o cümlədən Naxçıvana qarşı ərazi iddialarını artıq müharibə yolu ilə gerçəkləşdirmək qərarına gəldilər. Naxçıvan çətin sınaqlar qarşısında qaldı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan bir neçə saat əvvəl sovet qoşun birləşmələri və erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikasında qan tökdülər. Daha sonra erməni quldur dəstələri Naxçıvanın Kərki kəndini işğal etdilər. Muxtar respublikanın nəqliyyat-kommunikasiya xətləri ermənilər tərəfindən kəsiləndən, tam blokadaya alınandan sonra burada iqtisadi böhran daha da dərinləşdi.

Yalnız xalqımızın böyük oğlu Heydər Əliyevin 1990-cı ilin yayında Moskvadan Bakıya, oradan da Naxçıvana qayıdışı bu qədim Azərbaycan torpağının xilasının başlanğıcı oldu. Ulu öndərin qətiyyəti və zəngin dövlətçilik təcrübəsi sayəsində erməni qəsbkarlarının Naxçıvanı işğal etmək planları puç oldu, muxtar respublika tarixin ən sərt sınaqlarından üzüağ, alnıaçıq çıxdı. Məhz ulu öndərin böyük səyləri nəticəsində muxtar respublikanın tarixində yeni dövrün əsası qoyuldu.

Heydər Əliyevin Naxçıvana gəlişi həm də Azərbaycanın müstəqil dövlətçiliyinin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Çünki ilk dəfə olaraq məhz ulu öndərin qətiyyəti və prinsipiallığı sayəsində müstəqil respublikamızın üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının rəsmi dövlət bayrağı kimi qəbul edilməsi, eyni zamanda 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmiləşdirilməsi bu qədim diyarın dövlət müstəqilliyimizə ən layiqli töhfələridir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Muxtar respublikanın adından "sovet", "sosialist" sözləri çıxarıldı ki, bu da o dövrdə böyük cəsarət tələb edirdi.

Azərbaycan xalqının qan yaddaşında silinməz iz qoymuş 20 Yanvar faciəsinə də ilk dəfə siyasi qiymət Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən verildi. Heydər Əliyevin böyük siyasi nüfuzu nəticəsində qəbul olunan qərarda ilk dəfə qanlı 20 Yanvar hadisələrinə düzgün siyasi qiymət verilmiş, bu hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərliyinin də böyük günahı olduğu bildirilmiş və onların adları açıq göstərilərək məsuliyyətə cəlb edilmələri tələb olunmuşdu.

1992-ci ildə çətin şəraitdə Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması da Azərbaycanın gələcək taleyində xüsusi yeri olan ümumrespublika səviyyəli siyasi hadisə idi. Ozamankı hakimiyyət dairələrinin - AXC-Müsavat cütlüyünün maneçiliyini mətinliklə dəf edən ulu öndərin rəhbərliyi ilə Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyası qısa müddətdən sonra Azərbaycanda demokratik seçkilərlə hakimiyyətə gələrək xalqımızın və dövlətimizin gələcək inkişafına böyük töhfələr verdi. Ulu öndərin Naxçıvandan başlanan xilaskarlıq missiyası Azərbaycanın dövlət müstəqilliyini əbədi etdi.

Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində Naxçıvan Muxtar Respublikası davamlı inkişaf və əmin-amanlıq yolu ilə inamla addımladı. Muxtar respublikanın inkişafının 2003-cü ildən sonrakı dövrü isə ulu öndər Heydər Əliyevin quruculuq xəttinin yaradıcı gücünün əyani ifadəsidir. Bu dövrdə Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycanın bütün bölgələri kimi, Naxçıvan Muxtar Respublikası da dinamik inkişaf yolu keçib. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrası paytaxt Naxçıvan şəhəri ilə yanaşı, rayonların və ucqar dağ kəndlərinin də inkişafına səbəb olub. Ölkə rəhbərinin diqqət və qayğısının nəticəsidir ki, 2013-cü ildə ümumi daxili məhsul istehsalı 2003-cü ildəki göstəricini müqayisəli qiymətlərlə 8 dəfə üstələyib.

Naxçıvan həm də dövlət və hökumət başçıları səviyyəsində keçirilən beynəlxalq tədbirlər mərkəzinə çevrilib. "Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında" Prezident İlham Əliyevin sərəncamında deyildiyi kimi: "Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Naxçıvan hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkana çevrilmişdir".

Azərbaycanın digər regionlarında olduğu kimi, Naxçıvanda da həyatın bütün sahələrində böyük irəliləyişlər aşkar müşahidə olunmaqdadır. Prezident İlham Əliyevin Naxçıvana bu günlərdə etdiyi səfər bunu bir daha təsdiqlədi. Dövlət başçısının açılışında iştirak etdiyi hər bir istehsal və xidmət sahəsi, infrastruktur obyektləri göstərdi ki, qədim Azərbaycan yurdu olan Naxçıvan Muxtar Respublikası blokada vəziyyətində olmasına baxmayaraq, sürətli inkişaf və yüksəliş yolundadır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanın uğurlu, dinamik inkişafı təmin ediləcək.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 19 aprel.- S.5.