Bakıda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunmuşdur

 

 

Aprelin 18-də Milli İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin və "PAŞA Həyat Sığorta" ASC-nin təşkilatçılığı, Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS) dəstəyi ilə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Bakıda keçirilən bu tədbirdə Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS) prezidenti Qustava Araozun başçılıq etdiyi nümayəndə heyətinin iştirakını əlamətdar hadisə kimi qiymətləndirmişdir.

Ölkəmizdə tarixi abidələrin mühafizəsi və bərpası istiqamətində görülən işlərdən geniş söhbət açan nazir Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəni irsin qorunmasını təmin etmək, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə dövlət başçısının 2013-cü il 27 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın əhəmiyyətini xüsusi vurğulamışdır.

Diqqətə çatdırılmışdır ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə fond tərəfindən nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da abidələrin bərpası və mühafizəsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Bu mühüm işlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır.

Sonra tədbirdə ölkəmizdə tarixi və mədəniyyət abidələrinin mühafizəsi, bərpası və təbliği sahəsində görülmüş işlər haqqında film nümayiş etdirilmişdir.

Mərasimdə çıxış edən İCOMOS-un prezidenti Qustava Araoz Azərbaycanda olmağından məmnunluğunu bildirmiş, ölkəmizdə tarixi abidələrin qorunmasına və bərpasına göstərilən dövlət qayğısını yüksək qiymətləndirmişdir.

Tədbirdə həmçinin Mədəniyyət və Turizm Nazirliyinin və "PAŞA Həyat Sığorta" ASC-nin dəstəyi ilə "İrs" Nəşriyyat Evinin layihəsi olan "Qobustan - minilliklərin kitabı", "Qədim qalanın yuxuları" kitablarının təqdimatı da keçirilmişdir.

Azərbaycan və ingilis dillərində nəşr olunmuş kitabların layihə rəhbərləri Musa Mərcanlı və Yan Pirt nəşrlərin Azərbaycan mədəniyyətini təbliğ etmək baxımından böyük əhəmiyyət daşıdığını qeyd etmişlər. Bildirilmişdir ki, bu cür layihələr gələcəkdə də davam etdiriləcəkdir.

Daha sonra "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə,  "PAŞA Həyat Sığorta" ASC-yə və "İrs" beynəlxalq Azərbaycan jurnalının redaksiyasına Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Milli irs" mükafatı təqdim edilmişdir.

Tədbir konsert proqramı ilə davam etmişdir.

 

Azərbaycan.-2014.- 19 aprel.- S.6.