Rusiya Dövlət Akademik Böyük Teatrında “Birlik

 Ulduzları” mükafatının təqdimat mərasimi keçirilmişdir

 

Rusiya Dövlət Akademik Böyük Teatrının Bethoven zalında Dövlətlərarası “Birlik Ulduzları” mükafatının yeni laureatları şərəfinə tədbir təşkil edilmişdir.

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) idarə heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbiri açaraq MDB-nin müxtəlif ölkələrindən olan laureatları DHƏF adından təbrik etmişdir.

P.Bülbüloğlu demişdir: “Bizim Fond MDB məkanında humanitar əlaqələri möhkəmləndirməkdə davam edir. Görkəmli şəxsiyyətlərə mükafat təqdim edilməsi o deməkdir ki, biz bir yerdəyik, bir-birimizə hörmət edir, bir-birimizi qiymətləndiririk. Bu birlik hazırda dünyada baş verən hadisələr fonunda çox vacib və gərəklidir”.

Laureatlar arasında Azərbaycanın Xalq Rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının və Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov da vardır.

Görkəmli heykəltəraş onun fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirərək demişdir: “Bu mükafat mənim üçün çox əhəmiyyətlidir. Çünki mənim təhsil aldığım illər, yaradıcılıq yolumun və həyatımın çox hissəsi sovet dövrünə düşmüşdür. Yaradıcılıq əlaqələrinin itirilməsi pis haldır. Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu isə bizim hamımızı, həmçinin bu mükafat vasitəsilə birləşdirir və yaxınlaşdırır. Ona görə mən bu mükafatı çox yüksək qiymətləndirirəm”.

Bu il mükafat alanlar arasında MDB-nin səkkiz ölkəsindən olan görkəmli alimlər, sənət adamları və ictimai xadimlər, o cümlədən Ukrayna Milli Elmlər Akademiyasının prezidenti Boris Paton, A.P.Çexov adına Moskva Bədaye Teatrının rəhbəri, SSRİ Xalq Artisti Oleq Tabakov, opera müğənnisi, SSRİ-nin və Qazaxıstanın xalq artisti Bibigül Tuleqenova, Qırğızıstanın Xalq Rəssamı, Qazaxıstan və Rusiya Rəssamlıq akademiyalarının akademiki Yuristanbek Şıqayev və başqaları vardır.

SSRİ Xalq Artisti Oleq Tabakov MDB mükafatına layiq görüldüyü üçün təşəkkürünü bildirmişdir. O, AzərTAc-a müsahibəsində hələ sovet illərində Azərbaycan paytaxtına səfərini xatırlatmış və xoş təəssüratlarını bölüşmüşdür. Məşhur rusiyalı aktyor demişdir: “Bakının beynəlmiləl ruhu, insanların qonaqpərvərliyi hələ də yadımdadır. Bir də Heydər Əliyev ilə görüşlərimizi xatırlamaq mənə çox xoşdur. Bu, həqiqətən qızıl dövr idi”.

Qeyd edək ki, Dövlətlərarası “Birlik Ulduzları” mükafatı MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şürası (HƏŞ) tərəfindən təsis edilmişdir. Əvvəlki illərin laureatları arasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, bəstəkar Aleksandra Paxmutova, musiqiçi Vladimir Spivakov, şair Nikolay Dobronravov və başqaları vardır.

 

 

Fəridə Abdullayeva

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2014.- 19 aprel.- S.7.