Moldovanın sabiq Prezidenti dahi Azərbaycan şairi Nizami

 Gəncəvinin aforizmlərini beş dilə tərcümə etmişdir

 

Moldovanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Pyotr Luçinski dahi Azərbaycan şairi Nizami Gəncəvinin aforizmlərini beş dilə tərcümə etmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirilmişdir ki, bunu keçmiş Prezident Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumu ilə əlaqədar Kişineuda təşkil edilmiş hazırlıq toplantısında demişdir. Pyotr Luçinski dahi mütəfəkkirin aforizmlərinin tərcüməsini məxsusi olaraq Forum üçün etdiyini bildirmişdir.

Kişineuda keçirilən görüşdə Pyotr Luçinski, Serbiyanın sabiq dövlət başçısı Boris Tadiç, Albaniyanın sabiq Prezidenti Recep Meydani və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Rövşən Muradov Forumun gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.

2015-ci ildən sonrakı dövr üçün Minilliyin İnkişafı layihəsinə həsr edilən II Qlobal Müştərək Cəmiyyətlər Forumunda BMT səviyyəsində təhsil, sosial müdafiə, cəmiyyətdə qadınların rolunun artırılması sahələrində qarşıda duran məsələlər müzakirə olunacaq, ölkələrin beynəlxalq hüquq çərçivəsində qəbul edilmiş ərazi bütövlüyünün təmin edilməsi məsələsi ətrafında geniş fikir mübadiləsi aparılacaqdır.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən Forumda Madrid Klubu, Roma Klubu, İsgəndəriyyə Kitabxanası, BMT, UNESCO, Beynəlxalq Münasibətlər Şurası, Dünya Elm, İncəsənət və Mədəniyyət Akademiyası kimi nüfuzlu beynəlxalq təşkilatlar rəhbərlik səviyyəsində təmsil olunacaq, ümumilikdə 54 ölkədən 150-dən çox sabiq dövlət və hökumət başçısı, tanınmış ictimai-siyasi xadim iştirak edəcəkdir.

 

Azərbaycan.-2014.- 19 aprel.- S.7.