Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Nümayəndələr
Palatasının xarici əlaqələr
komitəsinin sədrini və onu
müşayiət edən konqresmenləri qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da
ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr
komitəsinin sədri konqresmen Ed Roysu və onu müşayiət
edən konqresmenləri qəbul etmişdir.
Konqresmen
Ed Roys Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli
əlaqələrin yüksək səviyyədə
olduğunu dedi və bundan məmnunluğunu ifadə etdi.
Konqresmenlər ölkələrimiz arasında müxtəlif
sahələrdə, o cümlədən enerji, terrorizmə
qarşı mübarizə və Əfqanıstanla
bağlı uğurlu əməkdaşlığı yüksək
qiymətləndirdilər. Qonaqlar, həmçinin Azərbaycanın
Avropa strukturları ilə əməkdaşlığını
də yüksək dəyərləndirdilər.
Dövlətimizin
başçısı öz növbəsində Azərbaycan
ilə ABŞ arasında ikitərəfli əlaqələrin
inkişafından məmnunluğunu ifadə etdi. Prezident
İlham Əliyev Azərbaycanın ölkələrimizin
qanunverici orqanları arasında əməkdaşlığın
genişləndirilməsinə böyük önəm
verdiyini dedi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə toxunan dövlətimizin
başçısı münaqişənin həlli ilə
bağlı ölkəmizin mövqeyini diqqətə
çatdırdı. Ermənistan silahlı qüvvələri
tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin
işğal edildiyini, bir milyondan çox
soydaşımızın qaçqın və məcbur
köçkün vəziyyətinə
düşdüyünü, Dağlıq Qarabağın və
ətraf yeddi rayonun işğala məruz
qaldığını vurğulayan Prezident İlham Əliyev
münaqişənin ədalətli və Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həlli
ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin
konkret addımlar atmalarının vacibliyini qeyd etdi.
Görüşdə
ABŞ nümayəndə heyətinin Azərbaycana bu səfərinin
ölkəmizlə yaxından tanış olmaq
üçün yaxşı fürsət yaratdığı
bildirildi, səfərin əlaqələrimizin yeni sahələrinin
müəyyənləşdirilməsi baxımından önəmi
qeyd edildi, ikitərəfli münasibətlərimizin müxtəlif
sahələrdə daha da genişləndirilməsi ilə
bağlı məsələlər ətrafında fikir mübadiləsi
aparıldı.
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.-2014.- 20 aprel.- S.1.