Cəmşid Naxçıvanski adına Hərbi Lisey Gününə

 həsr olunmuş təntənəli mərasim keçirilmişdir

 

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti ilə görüşdüyü və təhsil müəssisəsinə bayraq təqdim etdiyi 19 aprel gününün tarixi əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov həmin günün “Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü” kimi qeyd edilməsi haqqında əmr imzalamışdır.

Aprelin 19-da liseydə Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü münasibətilə təntənəli mərasim keçirilmişdir.

Tədbirdə veteranlar, xüsusi təyinatlı təhsil ocağının ilk buraxılışının məzunları, zabitlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Mərasimdə hərbi liseyin 1971-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən yaradıldığını bildirən xatirə lövhəsinin açılışı olmuşdur.

Cəmşid Naxçıvanskinin liseyin həyətindəki büstü önünə gül qoyulmuşdur.

Mərasimdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edərək hərbi liseyin müəllim və kursantlarını əlamətdar gün münasibətilə təbrik etmişdir.

Nazir bildirmişdir ki, bu gün Silahlı Qüvvələrimizin həyatında əlamətdar və tarixi bir gündür. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 43 il əvvəl yaratdığı xüsusi orta internat məktəbində - indiki  Cəmşid Naxçıvanski adına Hərbi Liseydə ilk dəfə rəsmi olaraq Hərbi Lisey Gününü təntənə ilə qeyd edirik. Müasir müstəqil Azərbaycan Respublikası ulu öndərin şah əsəridir. Ümummilli lider Heydər Əliyev, eyni zamanda, mütəşəkkil Azərbaycan Ordusunun memarı və qurucusudur. Bu gün təntənəsinə toplaşdığımız hərbi lisey isə dahi rəhbərimizin möhtəşəm yadigarlarındandır.

Zakir Həsənov diqqətə çatdırmışdır ki, ölkəmiz Ermənistanın hərbi təcavüzünə məruz qalanda-düşmən torpaq iddiaları ilə Qarabağa hücum edəndə Vətənin çağırışına ilk olaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələri gəlmişlər. Onlarla zabitimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş, öz sağlamlıqlarını itirmişdir. Mən bu gün şəhidlərimizin əziz xatirəsi qarşısında ehtiramla baş əyir və böyük inam hissi ilə bəyan edirəm ki, ulu öndər Heydər Əliyevin siyasi, iqtisadi, sosial-mədəni siyasətini uğurla davam etdirən, Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətinin əsas prioriteti ordu quruculuğu olan Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə biz tezliklə şəhidlərimizin intiqamını alacaq, torpaqlarımızı işğaldan azad edəcəyik.

Nazir bu günlərdə Naxçıvan Muxtar Respublikasında irimiqyaslı hərbi təlimlərin keçirildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası Prezident İlham Əliyevin gündəlik diqqəti və qayğısı nəticəsində dinamik sürətlə inkişaf ediretibarla qorunur. Digər bölgələrimizdə olduğu kimi, bu qədim və yeniləşən diyarda da hərbi strukturlarımız gündən-günə güclənir, qüdrətlənir. Naxçıvan Muxtar Respublikasının ərazisində xidmət edən şəxsi heyətdə böyük ruh yüksəkliyi vardır. Ordu ilə xalqın birliyi bizə istənilən təcavüzün qarşısını qətiyyətlə almağa, döyüş tapşırığını layiqincə yerinə yetirməyə imkan verir.

Müdafiə naziri Azərbaycan Prezidenti İlham Əliyevi və xalqımızı əmin etmişdir ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da ulu öndər  Heydər Əliyev ideyalarına sadiq qalacaq, işğal altındakı torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə hər an hazır olacaqdır.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev ulu öndər Heydər Əliyevin adını daşıyan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirməsi olan zabitləri əlamətdar gün münasibətilə  təbrik etmişdir.

V.Əliyev bildirmişdir ki, 1971-ci ildə ulu öndər Heydər Əliyev bu hərbi məktəbi yaradanda dahi liderimizdən başqa heç kim onun yaradılmasının son məqsədini bilmirdi. Heç kim bilmirdi ki, vaxt gələcək Azərbaycan müstəqil dövlət olacaqdır. Lakin ulu öndər Heydər Əliyev hələ o vaxtlar bu perspektivi dahiyanə uzaqgörənliklə duyub hiss edirdi.

Özünün də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu olduğunu xatırladan general-leytenant  Vahid Əliyev bu məktəbin yetirmələrinin gələcək uğurları üçün zəhmət çəkmiş hər kəsə minnətdarlığını bildirərək demişdir:Bu məktəbə, bizim hərbçi kimi yetişməyimizdə  əməyi olan müəllim və komandirlərə təşəkkür edirik. Onlar həqiqətən də bizi layiqli əsgər kimi yetişdirmişlər”.

General-leytenant Vahid Əliyev xüsusi vurğulamışdır ki, bu gün Azərbaycan regionda ən qüdrətli orduya sahib olan dövlətdir. Düşmənlərimiz də bundan çox narahatdırlar. Biz düşmən tapdağı altında qalan torpaqlarımızı Ali Baş Komandanın əmri ilə azad etməyə hər an hazır olmalıyıq. Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətinin yeganə məqsədi və arzusu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə tezliklə qələbə raportu verməkdir.

Sonra çıxış edən 1974-cü ildə liseyin məzunu olmuş, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Rüfət Əmirov hərbi liseyin məzunlarının ordumuzun yaranmasında, Vətənimizin bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olduqlarını demişdir.

Tədbirdə müdafiə naziri Zakir Həsənovun əmri ilə məktəbin bir  qrup hərbi qulluqçusu və müəllimi fəxri fərmanla və qiymətli hədiyyələrlə təltif olunmuşdur.

Sonra tədbir bədii hissə ilə davam etdirilmişdir.

 

AzərTAc

Azərbaycan.-2014.- 20 aprel.- S.2.