Ömrün müdriklik zirvəsində

 

Adətən insan müəyyən yaş həddinə çatanda, deyirlər ki, o, ömrünün müdriklik çağını yaşayır. Lakin müdriklik heç də yaşla ölçülmür. Müdriklik insanın ən ali məziyyətlərindən biridir. O həm də inanılmış, sabit və etibarlı sərvətdir. Fəlsəfi düşüncə tarixində deyildiyi kimi, qüvvət, gözəllik və həqiqətə tapınma insanın bu ali məziyyətə sahib olması haqqı və səlahiyyəti ilə bağlıdır.

 Azərbaycanın görkəmli hüquqşünas alimi, ölkənin hüquq ictimaiyyəti arasında tanınan və sayılıb-seçilən Firudin Yusif oğlu Səməndərovu biz çoxdandır müdrik bir insan kimi sevir, ona ehtiram, hörmət bəsləyirik. Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor, respublikanın əməkdar hüquqşünası F.Səməndərovun bu mötəbər ali təhsil ocağında tədrisin inkişafında böyük xidmətləri var. Mən Firudin Səməndərovu ümumiyyətlə Azərbaycanın elm tarixində öz sözü, imzası, dəst-xətti olan alimlərdən hesab edirəm. İkinci bir tərəfdən F.Səməndərov mənim müəllimim olub və bu gün fəxr edirəm ki, onunla bir yerdə işləyirəm.

Firudin müəllimin uşaqlığı İkinci Dünya müharibəsi illərinə və ondan sonrakı dövrə təsadüf edib. Həyata gözünü açanda ətrafındakı doğmalarını, əzizlərini, el-obanı çətinliklər içində görüb. Bəlkə elə o vaxtdan da qəlbində mərhəmət, insanlara əl tutmaq, kömək etmək hissi yaranıb.

Firudin müəllimin özü də az çətinlik görməyib. Müharibə illərinin uşağı olmaq nə deməkdir - bunu hamı bilir. O dövrün uşaqları çox əziyyətlə böyüyüblər, oxuyublar, bəzən məktəbdə təhsil ala-ala işləyiblər, ailəyə kömək ediblər. Təxminən belə bir həyatı Firudin Səməndərov da yaşayıb. Orta məktəbi bitirəndən sonra birinci il universitetə daxil ola bilməməsi də, üç illiyə keçmiş sovet ordusunun sıralarında qulluq etməyə getməsi (özünün dediyi kimi, üç il geri düşməsi) də onu ruhdan salmayıb. Öz məqsədinə doğru həmişə inamla addımlayıb və ona yetişib. Məqsəd aydınlığı isə həmişə uğura, nailiyyətə, qələbəyə gətirib çıxarır.

Arzusuna, amalına doğru getdiyi yol alimin tərcümeyi-halında öz əksini belə tapıb: Firudin Yusif oğlu Səməndərov 1939-cu il aprel ayının 12-də Saatlı rayonunun Molday kəndində kolxozçu ailəsində dünyaya gəlmişdir. Çətin zaman, çətin güzəran onun məktəbə bir qədər gec getməsinə səbəb olmuşdur. Beləliklə, 1948-1958-ci illərdə Səməd Vurğun adına Saatlı qəsəbə orta məktəbində təhsil almış və məktəbi gümüş medalla bitirmişdir. 1958-1961-ci illərdə keçmiş sovet ordusu sıralarında xidmət etmişdir. 1961-ci ildə, ordudan qayıdan kimi Azərbaycan Dövlət Universitetinin (indi BDU) Hüquq fakültəsinə qəbul olunmuşdur. Universiteti bitirdiyi 1966-cı ildə də Cinayət hüququ kafedrasında aspirant olmuş, 1969-cu ildə aspiranturanı bitirmişdir.

1970-ci ildə “Qəsdən adamöldürmə əməllərini doğuran halların və cinayət motivinin cəza təyininə təsiri” mövzusunda namizədlik, 1995-ci ildə isə “Hüquqi şüur və cinayət hüquq yaradıcılığı” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1996-cı ildən hüquq elmləri doktoru, 1997-ci ildən professordur.

Tanınmış alimin tədqiqatlarının nəticələrindən və verdiyi təkliflərdən cinayət qanunvericiliyinin müasir tələblərə və beynəlxalq standartlara uyğun işlənib hazırlanmasında və təkmilləşdirilməsində geniş istifadə edilir. 1999-cu ildə qəbul edilmiş yeni Cinayət Məcəlləsinin hazırlanmasında professor F.Səməndərovun əməyi ölkənin tanınmış hüquqşünasları tərəfindən xüsusi qiymətləndirilir.

Firudin müəllim 1995-ci ildən BDU-nun Cinayət hüququ və kriminologoya kafedrasının müdiridir. Ümumiyyətlə, onun bütün əmək fəaliyyəti doğma universitetlə bağlı olmuşdur. Müxtəlif illərdə burada məsul vəzifələrdə çalışmışdır. 1985-1989-cu illərdə hüquq fakültəsinin dekanı, 1992-1993-cü illərdə isə BDU-nun rektoru olmuşdur.

Firudin müəllimin təkcə əmək fəaliyyəti deyil, bütün həyatı universitetlə bağlıdır desək, səhv etmərik. 53 ildir buradadır, universitetin sanki divarları da onun üçün artıq doğmalaşıb. 21-22 yaşında, hələ əsgər paltarını dəyişməmiş universitet tələbəliyinə qəbul olunan Firudin Səməndərov bu gün həmin məkanda ağsaqqal professor kimi ömrünün müdriklik çağını şərəflə, ləyaqətlə yaşayır.

Firudin Səməndərovun müəllimlik fəaliyyəti haqqında ayrıca bəhs etmək lazım gəlir. Onun oxuduğu mühazirələr bir qayda olaraq dərinliyi, nəzəri və elmi fikirlərin zənginliyi, həyati faktlarla dolğunluğu ilə fərqlənir. Ona görə də tələbələrin bütün diqqəti bu mühazirələrdə cəmləşir.

Firudin müəllim özünün bilik adlı sərvətini tələbələri ilə səxavətlə bölüşür. Böyük həvəs, tələbkarlıq və ciddilik nümayiş etdirərək çalışır ki, hər bir tələbəsi bilikli və savadlı olsun, yaxşı hüquqşünas kimi yetişsin. Biz dostumuzun bu xüsusiyyətini ilk növbədə xeyirxahlıq, səxavət kimi dəyərləndiririk. Dərindən düşündükdə isə bu, eyni zamanda böyük bir vətəndaşlıq hünəri, insansevərlik, vətənpərvərlik nümunəsidir.

Firudin müəllimin ən yaxşı xüsusiyyətlərindən biri də yaratdığı müəllim-tələbə münasibətləridir. O, tələbələrə təkcə bildiklərini öyrətməklə kifayətlənmir. Hər an onların suallarını cavablandırmağa, istənilən mövzunu onlarla birlikdə müzakirə etməyə hazırdır. Tələbələri ilə elə münasibət qurur ki, onlar müəllimə hörmət və ehtiram göstərməklə bərabər, onu həm də özlərinin yaxın dostu, arxa-dayağı, xeyirxahı hesab edirlər.

Professor hər dəfə auditoriyaya daxil olub mühazirəyə başlamazdan əvvəl tələbələrinə ədalət və əxlaq həqiqətləri haqqında danışır. İnsan səadəti və azadlığı naminə fədakarlığı, mənəvi məsuliyyəti müasir humanist bir ideya kimi açıb göstərir. Gənclərə yalnız qanunların fövqündə güclü və qüvvətli olmağı dərk etdirir. Bir sözlə, o, hər bir yetirməsinin fərdi və əməli səadəti, xeyirli, zəkalı və işıqlı sabahı üçün  bütün qəlbi və varlığı ilə çalışır.

Bütün bunlarla bahəm, Firudin müəllim öz ciddiliyi ilə də fərqlənir. Tələbələrinə, doktorant və dissertantlarına qarşı çox tələbkardır. Onların biliyinə ədalətlə qiymət verən, elmi işlərini və tədqiqatlarını dəyərləndirən, düzgün məsləhət verən, düzgün yol göstərəndir.

Bu gün Firudin müəllimin tələbələri ölkənin hər tərəfində hüquq-mühafizə orqanlarında çalışırlar. Görkəmli alimin ölkəmizdə hüquq sahəsində elmi kadrların hazırlanmasında xidmətləri təqdirəlayiqdir. İndiyə qədər 60 doktoranta və dissertanta rəhbərlik edib. İndi alimin 6 doktorant və dissertantı müdafiəyə hazırlaşır.

Beləliklə, alimin yetirdiyi yüksək ixtisaslı kadrlar həm hüquq elminin inkişafına, həm də müstəqil Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinə dəyərli töhfələr verməkdədir. Bu, alim və pedaqoq üçün xoşbəxtlikdir. Mən Firudin müəllimi haqlı olaraq belə xoşbəxtlərdən biri hesab edirəm.

“Xoşbəxt insandır” ifadəsini Firudin müəllimi yaxından tanıyanların çoxundan  eşitmişəm. Çünki o, biliyini və təcrübəsini öz daxilində mühafizə edib saxlamağı sevmir. Bunları başqaları ilə bölməyi, başqalarına öyrətməyi və başqalarına ötürməyi bacarır.

Deyilənlər onun qəlbinin genişliyindən irəli gəlir. Bunun özü də bir xoşbəxtlikdir. O nəinki oxuyub öyrəndiklərini, görüb-götürdüklərini, eləcə də özünün bir alim kimi əldə etdiklərini gənc həmkarlarının istifadə etməsindən məmnun qalır.

Firudin müəllimin ən yaxşı xüsusiyyətlərindən biri də budur ki, heç vaxt nail olduğu nəticələrlə kifayətlənmir, kənara çəkilib rahatca oturmur. Daim qazandığı yüksək elmi nəticələrin dairəsini genişləndirir, dərinləşdirir.

Firudin Səməndərov prinsipial alimdir. Elmi mübahisə və müzakirələr zamanı onun bir dəfə də mövqeyindən geri çəkildiyini görməmişik. Həmişə öz fikirlərini, əldə etdiyi nəticələri əsaslandırmağı, dəlil-sübutlarla təsdiqləməyi bacarır. Bu inam və qətiyyət isə ondan irəli gəlir ki, onun söylədikləri, yazdıqları ötəri olmur, həqiqətən möhkəm elmi əsaslara söykənir.

Məlumdur ki, cinayət hüququ hüquq sahəsinin öz mürəkkəbliyi və çətinliyi ilə seçilən bir qoludur. Bu sahə ilə bağlı hər hansı yeni fikir söyləmək elə də asan deyil.  Bütün bunlara baxmayaraq, Firudin müəllimin cinayət hüququ sahəsində yazdığı əsərlərdə dərin tədqiqatların nəticəsi olaraq gəldiyi qənaətlər hüquq elmi üçün böyük dəyər kəsb edir. Onun elmi əsərlərində nəzəriyyə və praktik fəaliyyət bir-biri ilə səmərəli şəkildə uzlaşır. Cinayətin yeni anlayışının verilməsini, milli hüququn bu sahəsinin prinsiplərinin dəqiqləşdirilməsini, dünya təcrübəsinin ümumiləşdirilərək istifadə edilməsini, dini hüquq sistemlərinin əsas müddəa və prinsiplərinin tədqiqini də Firudin Səməndərovun nailiyyətləri sırasına daxil etmək olar.

Bütün bunlar professor F.Səməndərovun alim qələmindən çıxan əsərlərdə də öz əksini tapır. Belə ki, o, onlarca dərsliyin, çoxsaylı dərs vəsaitlərinin, monoqrafiyaların, elmi nəşrlərdə işıq üzü görmüş 100-dən artıq elmi məqalənin müəllifidir. O, vaxtaşırı ölkə mətbuatında hüquq elminin və günümüzün vacib probleminə həsr olunmuş məqalələrlə də çıxış edir.

“Cinayətin subyektiv cəhəti”, “Cinayət hüququ. Cinayət və cəza məsələləri”, “Cinayət hüququ. Ümumi hissə” dərslikləri, “Şəxsiyyət əleyhinə edilən cinayətlər” adlı dərs vəsaiti, xüsusilə son illərdə çapdan çıxmış  “Cinayət hüququnda cəza problemi: tarix və müasirlik” monoqrafiyası (2009), “Kriminologiya” dərs vəsaiti (2012), “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası” şərikli müəllifliklə (2013), “Cinayət hüququ. Ümumi hissə” (2013), Moskvada 2011-2012-ci illərdə rus dilində nəşr edilən “Uqolovnoe pravo Azerbaydjanskoy Respubliki. Obşaya çast (v soavtorstve)”,  Uqolovnoe pravo Azerbaydjanskoy Respubliki. Osobennaya çast (v soavtorstve)” və bu qəbildən olan bir çox əsərləri müəllifin gələcək hüquqşünaslara və ümumiyyətlə ölkənin hüquq elminə dəyərli töhfələridir.

Bunların arasında “Cinayət hüququ. Ümumi hissə” dərsliyini xüsusilə qeyd etmək olar. Bu tədris vəsaiti hazırda Azərbaycanda cinayət hüququ sahəsində mövcud olan ən yaxşı elmi əsərlərdən sayılır. Dərslikdən hüquq fakültələrində təhsil alan tələbələr geniş istifadə edirlər. Ümumiyyətlə, son illərdə Azərbaycanda cinayət hüququ, cəza-icra hüququ sahəsində nəşr olunan və öz məzmunu ilə diqqəti cəlb edən çoxsaylı elmi-nəzəri vəsaitlər məhz Firudin müəllimin bilavasitə köməyi və məsləhəti ilə həyata vəsiqə almışdır.

Professorun müxtəlif illərdə yazdığı məqalələrin adına diqqət yetirmək kifayətdir: “Bir daha ölüm cəzası haqqında”, “Həddi-buluğa çatmamışlara təyin edilən cəzanın təsirliliyi məsələlərinə dair”, “Dövlət əmlakının və ictimai əmlakın oğurlanması cinayətlərinə görə təyin edilən cəzanın təsirliliyi haqqında” və s. F.Səməndərovun, eləcə də jandarmeriya, zərərçəkən şəxs, ziyançılıq, kriminologiya, ictimai təhlükə, ictimai məzəmmət və digər mövzularda da çoxsaylı məqalələri var.

Professor Firudin Səməndərovun elmi redaktəsi ilə onlarca dərs vəsaiti, dərslik, monoqrafiya işıq üzü görmüşdür.

Firudin müəllim böyük təşkilatçılıq və idarəetmə qabiliyyətinə malik şəxsdir. O, hay-küysüz, heç bir ajiotaj yaratmadan, sakit və təmkinlə rəhbərlik etməyi bacarır. Hər hansı vəzifəni tutmasından asılı olmayaraq, alimi həmişə yüksək ziyalılıq keyfiyyətləri müşayiət edir.

Məsələn, onun kafedra rəhbəri olduğu illərdə bir çox müsbət dəyişikliklər baş vermişdir. Ali məktəblərdə təhsilin yenidən qurulması ilə bağlı tədris planına uyğun olaraq kafedrada bakalavr və magistr pillələri üçün tədris proqramları və metodik vəsaitlər hazırlanmışdır. Kafedranın əməkdaşları “Şəxsiyyətin cinayət hüquqi mühafizəsi məsələləri” mövzusu ətrafında elmi-tədqiqat işlərini uğurla davam etdirmişlər. Cinayət hüququ və kriminologiya kafedrasının müəllimləri ölkədə və xaricdə keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanın hüquq elmini layiqincə təmsil edirlər.

F.Səməndərov 1995-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Hüquqi İslahatlar Komissiyasının üzvüdür. Eyni zamanda, respublika Ali Məhkəməsi yanında Elmi Məsləhət Şurasının, respublika Prokurorluğu yanında Elmi Metodiki Şuranın üzvüdür. O, uzun illər BDU-da fəaliyyət göstərən Dissertasiya Şurasının sədri olmuşdur. Hazırda Təhsil Nazirliyinin vahid Elmi-Metodiki Şurasının “Dövlət və hüquq” bölməsinin sədridir. Alimin xeyir-duası ilə çoxlu sayda gənc tədqiqatçı elmə vəsiqə almışdır. F.Səməndərov “Təhsil haqqında” qanun layihəsinin hazırlanmasında da fəal iştirak etmişdir.

Professor Firudin Səməndərov dünyanın bir çox tanınmış elm və mədəniyyət mərkəzlərində beynəlxalq və regional təşkilatlarda Azərbaycan elmini layiqincə təmsil etmişdir. Yeri gəldikdə müzakirə olunan məsələlərlə bağlı sanballı təkliflər vermişdir. Odur ki, hüquq sahəsindəki xidmətləri və bilikləri Azərbaycanın sərhədlərindən uzaqlarda da yüksək qiymətləndirilir.

Firudin müəllim çox maraqlı insandır.

 Bir tərəfdən kövrək, son dərəcə həssas və mülayimdir. Digər tərəfdən, ciddi, təmkinli, səbirlidir, ağır davranışı ilə seçilir. Onunla söhbət etdikdə müdrik məsləhətlərinə, hikmətli və ibrətli qənaətlərinə heyran qalmaya bilmirsən. Əqli və əxlaqi zənginliyi həm söhbətlərində, həm mühazirələrində, həm də elmi diskussiyalarda aydın görünür.

Təsadüfi deyil ki, Firudin Səməndərov biliyin və əqlin gücünü təmsil edən, həyatda özünü şəxsiyyət kimi təsdiqləməyi bacaran insanları xoşbəxt sayır.

Onunla tez-tez həmsöhbət oluruq. Mühakimələri, fikirləri məndə həmişə xüsusi maraq oyadır. Bir dəfə dedi ki, fəlsəfi-etik fikrin əsas vəzifələrindən ən başlıcası insanlara xoşbəxtliyin, ləyaqətlə yaşamağın və sənətinin sirlərini öyrətməkdir. Əlbəttə, Firudin müəllimin bu fikri sırf nəzəri səciyyə daşımır. O, birinci növbədə milyonlarla insanın taleyini qanunların hökmü ilə sərf-nəzər edən hüquqşünas, ikincisi isə Cinayət Məcəlləsinin, cinayət qanunvericiliyinin tələblərini öyrədən müəllim və ziyalı olduğu üçün belə deyir, belə düşünür, belə də hərəkət edir. Bu problemlər onu həmişə düşündürür.

Firudin müəllim kövrək qəlbli bir insandır. Bunu hamımız bilirik. İlk növbədə bu kövrəkliyi ona uşaqlıqda, müharibə və müharibədən sonrakı illərdə yaşadığı acılar aşılayıbsa, digər tərəfdən öz xalqının, vətəninin düşmən əli ilə düçar olduğu problemlər gətirib. Firudin müəllim eyni zamanda böyük ürəkli insandır. O öz ürəyində minlərin, milyonların vətəninin və xalqının sevinc və qayğılarını yaşatmağı bacaran insandır.

Bizim Firudin müəllimlə hüquq, pedaqogika, elmi mövzulardan kənar söhbətlərimiz də çox olur. Məsələn, ictimai-siyasi hadisələr, xalqımızın keçmişi, bugünü və sabahı, işğal olunmuş ərazilərimiz, bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün taleyi və s. barədə. Söhbət bu mövzuda düşəndə Firudin müəllimin sifəti ciddiləşir, qaşları çatılır, bəzən gözləri bir nöqtəyə zillənir. Uğurlarımız onu sevindirdiyi kimi, problemlərimiz də dərindən narahat edir.

Firudin müəllim gözəl, səmimi bir ailənin başçısıdır. Ömür-gün yoldaşı Lalə xanımı, oğlu Yusifi, qızı Aydanı da yaxşı tanıyırıq. Aydan ixtisasca psixoloqdur, psixologiya üzrə fəlsəfə doktorudur, dosentdir, BDU-da elmi-pedaqoji fəaliyyətlə məşğul olur. Yusif isə praktiki sahədə fəaliyyət göstərir. Professor F.Səməndərov həm də gözəl və xeyirxah babadır. 7 yaşlı Firudin və 3 yaşlı Lalə baba və nənənin adlarını daşıyırlar.

Deyilişi sadə, lakin mənası çox dərin olan bir məsəl var: soruşurlar ki, qardaşını tanıyırsanmı? Deyir ki, onunla yoldaş olmamışam.

Biz Firudin müəllimi uzun illərin yoldaşlığı, dostluğu, əməkdaşlığı, həmkarlığı sayəsində dərindən tanıya bilmişik. Bununla belə, onunla hər dəfə həmsöhbət olanda, hər hansı bir məsələni müzakirə edəndə, birgə yol gedəndə nə isə təzə bir məziyyət kəşf edirsən. Bu da bizim dostumuzun nə qədər zəngin bir insan, mütəxəssis və alim olduğunu bir daha təsdiqləyir.

Firudin müəllim elə  bir insandır ki, onu vəzifə, ad-san, şan-şöhrət heç vaxt dəyişdirmir. Vəzifə onun üçün məqsəd deyil, bir vasitədir. Elə bir vasitə ki, Firudin müəllim onun köməyi ilə elmə, insanlara, cəmiyyətə, xalqa xidmət edir. Biz Firudin müəllimi həmişə eyni cür görmüşük. Dekan, rektor, kafedra müdiri olanda da davranışında, ətrafındakı dostlarına münasibəti dəyişməyib. Həmişə insan, alim və müdrik olub. Professor F.Səməndərov 2009-cu il oktyabrın 30-da ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə respublikanın əməkdar hüquqşünası fəxri adına layiq görülüb.

Hüquqşünas, alim, müəllim, vətəndaş... 75-ci yaşı tamam olan əziz müəllimimiz, dostumuz və ağsaqqalımız bu adların, taleyinin ona həvalə etdiyi bu vəzifələrin hamısının öhdəsindən layiqincə gəlir. Bundan sonra da qoy belə olsun! Həyat ona hər sahədə sevinc və uğur gətirsin, çəkdiyi zəhmətlər daha bol bəhrələr versin.

 

Alış QASIMOV,

BDU-nun kafedra müdiri,

hüquq elmləri doktoru, professor

Azərbaycan.-2014.- 20 aprel.- S.6.