Əsrarəngiz yaşıllıqlar vurğunu
1920-ci ildən Azərbaycan Politexnik İnstitutunun nəzdində kənd təsərrüfatı fakültəsi, 1929-cu ildən ali təhsil müəssisəsi kimi fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universiteti zəngin tarixə və ənənələrə malikdir. Yarandığı gündən indiyədək 60 mindən artıq mütəxəssis hazırlamış bu təhsil və elm məbədi özünün görkəmli məzunları ilə həmişə fəxr etmiş, onların şəxsiyyətlərinə dərin ehtiram göstərmişdir. Bu gün də universitetdə onların yubileyləri, anım günləri keçirilir, adlarına xüsusi auditoriyalar açılır, əlaçı tələbələrə onların adına təsis edilmiş təqaüdlər verilir. Məzunlarımız arasında dövlət və ictimai xadimlər, parlament deputatları, sosialist əməyi qəhrəmanları və digərləri olmuşdur. Akademiklər Həsən Əliyev, Validə Tutayuq, İmam Mustafayev, İlyas Abdullayev, Ələkbər Quliyev, Məmmədtağı Qəniyev, Cəbrayıl Hüseynov, Firuz Məlikov, Müzəffər Abutalıbov, Ağaxan Ağabəyli, Musa Musayev, Vahid Hacıyev, Məmmədtağı Cəfərov, Siddiqə Məmmədova və başqaları buna misal ola bilər.
Məzunlarımızdan biri, cəmi 66 il ömür sürmüş, zəngin həyatı və əməyi ilə örnək olmuş Sosialist Əməyi Qəhrəmanı Mehdi Həsən oğlu Mustafayev haqqında söz açmaq istəyirəm.
Mehdi Mustafayev 1914-cü ildə Qazax rayonunun Tatlı kəndində dünyaya göz açmışdır. Valideynlərini erkən itirdiyindən hələ gənc yaşlarından zəhmətə qatlaşmalı olur. Kənd məktəbində təhsil aldıqdan sonra 1929-cu ildə Gəncəyə gəlir, burada fəhlə fakültəsinin nəzdində hazırlıq kursunda təhsil alır. 1931-ci ildə yenicə Bakıdan Gəncəyə köçürülmüş Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Bitkiçilik fakültəsinin üzümçülük-şərabçılıq şöbəsinə qəbul olunur.
Universitetin arxivində saxlanılan şəxsi işində Mehdi Mustafayevə məxsus diplomun surəti və institut direktorunun tədris hissəsi üzrə müavini İmran Kaşıyevin imzaladığı 20 fevral 1936-cı il tarixli 508 nömrəli arayışda göstərilir ki, Mustafayev Mehdi Həsən oğlu 1935-ci il noyabrın 21-də Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun üzümçülük və şərabçılıq şöbəsini tam bitirmiş, “Vakuum aparatlarında üzüm şirəsinin qatılaşdırılması” mövzusunda diplom işini müdafiə etmiş, Dövlət Kvalifikasiya Komissiyasının qərarına əsasən AKTİ-nin 9 dekabr 1935-ci il tarixli 265 nömrəli əmrilə ona aqronom-üzümçü-şərabçı ixtisası verilmişdir.
Mehdi Mustafayev institutu bitirdikdən sonra 1936-1942-ci illərdə gənc mütəxəssis kimi Şamaxı rayonunun torpaq şöbəsində aqronom, şöbə müdiri vəzifələrində çalışır. Onun fəallığı, işgüzarlığı çoxunun diqqətini cəlb edir. Sonralar Samux rayonundakı (keçmiş Səfərəliyev) 2 nömrəli sovxoza direktor təyin olunur. Burada gənc aqronomun iş qabiliyyəti, təşkilatçılığı, vətənpərvərliyi tam aydınlığı ilə üzə çıxır. Böyük Vətən müharibəsi başlananda Mehdi müəllim dövlət tərəfindən İrana göndərilir. Oradan qayıdandan sonra Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində bir sıra məsul işlərdə, xeyli müddət kənd təsərrüfatı şöbəsi müdirinin müavini vəzifəsində çalışır.
Mehdi Mustafayev
sonralar Tovuz Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir. Bu dövrdə
rayon yüksək göstəricilər
əldə etmişdir.
Dövlətin bütün tapşırıqları
artıqlaması ilə
yerinə yetirilmişdir.
Həmin illərdən bu fəal və işgüzar insanın ictimai həyatda yeni yüksəliş dövrü başlanır. 1953-1959-cu illərdə
o, Azərbaycan SSR kənd
təsərrüfatı nazirinin
müavini, 1959-cu ildən
ömrünün sonunadək
(1979-cu il) Nazirlər
Sovetinin Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri vəzifələrində
işləmişdir.
Hansı
vəzifədə çalışmasından
asılı olmayaraq Mehdi Mustafayev həmişə öz işinə yüksək məsuliyyət hissi ilə yanaşmış,
əməksevərliyi, prinsipiallığı,
insanlara diqqəti və xeyirxah münasibətilə fərqlənmiş,
xalqın, dövlətin
təəssübünü çəkmiş, Azərbaycan
təbiətinin mühafizəsi
üçün əlindən
gələni etmişdir.
O, ölkənin aqrar siyasətinin həyata keçirilməsinə, kənd
və meşə təsərrüfatının inkişafına
var qüvvəsini və enerjisini sərf etmişdir.
Mehdi Mustafayev
həmişə, hər
yerdə işgüzarlığı,
bacarığı, təşkilatçılığı,
yenilik hissi, xalqa və torpağa
sədaqəti ilə
fərqlənirdi. Azərbaycanda meşələrin mühafizəsi və bərpası, yaşıl
massivlərin salınması,
yeni-yeni ağac növlərinin əkilməsi,
əslində vahid meşə mühafizəsi
sisteminin yaradılması
bilavasitə Mehdi Mustafayevin adı ilə bağlıdır.
Mehdi Mustafayevin rəhbərliyi
ilə Şəki rayonunun Kiş çayı vadisində, Oğuz və Beyləqan rayonlarında yüzlərlə hektar sahədə qoz bağları salınmışdır.
Onun layihəsi əsasında
Mil, Muğan, Şirvan
düzənliklərində meşə təsərrüfatları
yaradılmışdır.
Mehdi müəllim
ayrı-ayrı zonaların
xüsusiyyətlərini, torpaq-iqlim
şəraitini, eləcə
də ölkəmizin
tarixi bağçılıq
və meyvəçilik
ənənələrini çox
gözəl bilirdi. Azərbaycanın qədim, ənənəvi
və ən əsası, nadir sərvətlərindən
olan nar ağaclarını geniş
yaymağa çalışırdı.
Narın əsas məkanı olmuş Kür qırağı boyunca, Şirvan zonasında 1300 hektar sahədə nar bağları salınmış,
bunun üçün
Göyçay və Ağdaşın ən yaxşı nar növlərindən əkin
materilalı kimi istifadə edilmişdir.
O, respublikamızın bəzi
rayonlarında eroziyaya
uğrayan dağ yamaclarının mühafizəsinə
xüsusi fikir verirdi. Bu məqsədlə
onun təşəbbüsü
ilə mühafizə
zolaqlarının salınması
üçün Orta Asiyadan quraqlığa davamlılığına görə
xüsusi fərqlənən
püstə ağacı
və kol cinsləri gətirilmişdi.
Bundan başqa, eroziya ilə mübarizədə
sumax, itburnu kimi kol cinslərindən
geniş istifadə olunması da M.Mustafayevin adı ilə bağlıdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü
ilə Xəzərsahili
zonada - Abşeron yarımadasında üç
min hektara yaxın qumlu sahələrdə bərkitmə,yaşıllaşdırma
işləri görülmüşdü.
Ulu öndərin tapşırığına əsasən
1970-ci ildən başlayaraq
Abşeronda 30 min hektar
sahənin yaşıllaşdırılması
üçün layihə
hazırlanmış, Abşeronda
Eldar şamı,
nar, əncir kimi qiymətli ağaclara geniş meydan verilmişdi. Ceyranbatan su anbarının ətrafına müxtəlif
ağac və kollardan yaşıl sipər çəkilmişdi.
Mehdi Mustafayev ildə bir neçə dəfə meşə salınan ərazilərə
gələr, payi-piyada
gölün ətrafına
dolanar, əkilən ağacların becərilməsi,
suvarılması ilə
maraqlanardı.
M.Mustafayev respublikada meşəçilik
elminin inkişafına
və bu sahədə kadr hazırlığına da
ciddi fikir verirdi. Həmin illərdə Azərbaycan
Elmi-Tədqiqat Meşə
Təsərrüfatı və
Aqromeşə Meliorasiya
İnstitutunda gedən
müsbət işlər
Mehdi müəllimin fəaliyyəti ilə də sıx bağlı idi. O dövrdə ölkədə
meşəçilərə böyük ehtiyacın olduğunu qeyd edərək mütəxəssis
hazırlığının vacibliyi məsələsini
qaldırmışdı. Bu
arzu və istək nəhayət reallığa çevrildi,
Azərbaycan Dövlət
Aqrar Universitetində meşəçilik üzrə
kadr hazırlığına
başlandı.
Mehdi müəllim
təkcə dövlət
xadimi kimi deyil, həm də milli ruhumuza
xas olan gözəl ailə başçısı kimi
tanınmışdır. Məhz buna
görə də Mehdi müəllim qədirbilən xalqımız
tərəfindən daim
xatırlanır, davamçıları
onun həyatından bəhrələnirlər.
Onun xidmətləri həmişə
yüksək qiymətləndirilmiş,
Lenin, “Qırmızı Əmək
Bayrağı”,
“Şərəf Nişanı”
ordenləri və bir çox medallarla təltif edilmiş, 1948-ci ildə
SSRİ Ali Soveti Rəyasət
Heyətinin fərmanı
ilə Sosialist Əməyi Qəhrəmanı
fəxri adına layiq görülmüş,
bir neçə çağırış respublika
Ali Sovetinin deputatı olmuşdur. 1964 və 1974-cü illərdə Azərbaycan
SSR Ali Soveti Rəyasət
Heyətinin fəxri fərmanları ilə təltif olunmuşdur.
Mehdi Mustafayevin
haqqında dünən
də, bu gün də yalnız xoş xatirələr ifadə olunur. Bir neçə
alimin dediklərindən:
“Azərbaycanda meşə
təsərrüfatının inkişafında və geniş vüsət almasında Mehdi Həsən oğlu Mustafayevin əməyi, haqq-sayı son dərəcə
böyükdür. Bu qayğı nə unudulan, nə də yaddan çıxandır” (akademik
Teymur Bünyadov).
“XX əsrin 2-ci yarısında
Azərbaycan meşələrinin
qorunmasında Mehdi Mustafayevin xidmətləri
çox böyük olmuşdur. O, görkəmli
mütəxəssis kimi
Azərbaycan meşələrini
və meşəliklərin
ağac və heyvan növlərini çox yaxşı tanıyırdı” (Prezident
təqaudçüsü, əməkdar
elm xadimi, professor Ələddin
Əsgərov).
“Mehdi Mustafayev Tovuz
dərələrində elə
meşələrin salınmasına
nail oldu ki, bu gün həmin
yerlər Azərbaycanın
füsunkar təbiətlərindən
biridir” (professor Niyaz Səfərov).
“Meşə mənbələrinin
səmərəli istifadəsi,
artırılması, yeni
meşələrin salınması,
orada meyvəli və texniki əhəmiyyətli ağac
cinslərinin çoxaldılması
Mehdi Mustafayevin çoxillik və gərgin əməyinin bəhrəsidir” (professor Vahid Quliyev).
2009-cu ilin dekabr ayında
ADAU-da xüsusi tərtib edilmiş proqram əsasında Mehdi Mustafayevin anadan olmasının 95 illiyinə
həsr olunmuş yubiley gecəsi keçirilmiş, aqronomluq
fakültəsində onun
adını daşıyan
xüsusi auditoriya açılmışdır.
Burada həmişə Mehdi Mustafayevin əziz xatirəsi yüksək minnətdarlıq hissi ilə anılır, müxtəlif tədbirlər,
o cümlədən interaktiv
metodlarla tədris məşğələləri keçirilir.
Universitet
elmi şurasının
qərarı ilə yüksək təhsil göstəriciləri olan
iki əlaçı tələbə - Lalə
Müseyibova və Arzu Baxşəliyevaya
ADAU-nun ilk məzunlarından biri, görkəmli dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı Mehdi Həsən oğlu Mustafayev adına təqaüd təyin edilmişdir.
Mehdi Mustafayevin
anadan olmasının
100 illik yubileyinin qeyd edilməsi üçün universitetdə
təşkilat komitəsi
yaradılmışdır. Şübhəsiz, bu yubiley tədbirləri
də yüksək səviyyədə keçiriləcəkdir.
Meşə mühafizəsinin görkəmli
təşkilatçısı Mehdi Həsən oğlu Mustafayevin Azərbaycan Dövlət Aqrar Universitetinin ilk yetirmələrindən olduğundan
qürur hissi keçiririk.
İbrahim CƏFƏROV,
ADAU-nun rektoru, professor
Azərbaycan.-2014.- 20 aprel.- S.6.