Görkəmli şair-dramaturq Hüseyn Cavidin “Peyğəmbər”

 əsərinin Urmiyada təqdimatı keçirilmişdir

 

İranın Qərbi Azərbaycan Vilayətinin mərkəzi Urmiya şəhərində görkəmli Azərbaycan şair-dramaturqu Hüseyn Cavidin “Peyğəmbər” əsərinin təqdimat mərasimi keçirilmişdir.

Mərasimdə İranın ədəbi mühitinin görkəmli simaları, şair və yazıçılar, tədqiqatçı alimlər iştirak etmişlər.

Mərasimi giriş sözü ilə açan “Dəniz” qəzetinin təsisçisi və redaktoru, tanınmış qələm sahibi Mustafa Quluzadə bildirmişdir ki, Hüseyn Cavid Əttar, Mövlanə, Firdövsi, Şöhrəvərdi kimi görkəmli ədiblərin yaradıcılığını dərindən mənimsədiyi üçün o, əsərlərini orijinal üslubda yarada bilmişdir. M.Quluzadə çıxışında H. Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilərək Naxçıvanda dəfn olunmasını, məzarı üzərində möhtəşəm abidə ucaldılmasını, adının əbədiləşdirilməsini ulu öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatı qarşısında misilsiz xidməti kimi dəyərləndirmişdir.

İranda ədəbi-tənqidi yazıları ilə tanınan Əli Rəzmaray Hüseyn Cavidin ədəbi dilinin mükəmməlliyi, zəngin söz ehtiyatı, hisslərinin coşqunluğunu diqqətə çəkərək “Peyğəmbər” dramını dünya ədəbiyyatında əvəzolunmaz bir əsər kimi səciyyələndirmişdir.

Şair Mamid Şami demişdir ki, əsərin Əkbər Əlyar Həmidi tərəfindən fars dilinə mükəmməl tərcümə olunması farsdilli oxucularda Hüseyn Cavid yaradıcılığının ucalığı barədə aydın təsəvvür yaratmağa imkan verir.

Zahra Kərimzadəgan, Qənbər Hacivənd, Şahrux Rizvani və digər natiqlər bildirmişlər ki, təqdim olunan bu əsərin digər müsəlman və farsdilli ölkələrdə, o cümlədən Əfqanıstan və Tacikistanda da yayılması Azərbaycan ədəbiyyatının tanıdılması baxımından əhəmiyyətlidir.

Çıxışlarda əminliklə qeyd olunmuşdur ki, yaxın dövrlərdə Hüseyn Cavidin əsərlərinin külliyyatı fars dilinə tərcümə ediləcəkdir. Bu, H.Cavidi İranda daha geniş tanıdacaq və bir çox tədqiqatçılara onun əsərlərini araşdırmaq imkanı verəcəkdir.

Xatırladaq ki, 2013-cü ildə AzərTAc-ın İran nümayəndəliyinin himayədarlığı ilə bu ölkədə nəşr olunan “Peyğəmbər” dramı tədqiqatçı Əkbər Əlyar Həmidinin tərcüməsində Hüseyn Cavidin fars dilində çap olunan ilk əsəridir.

Yerli mətbuat təqdimatdan ətraflı məlumatlar yaymışdır.

 

Oqtay Bayramov

AzərTAc-ın xüsusi müxbiri

Tehran

Azərbaycan.-2014.- 20 aprel.- S.7.