Bakıda bədii gimnastika üzrə XXI Azərbaycan çempionatı keçirilmişdir

 

Aprelin 19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə XXI Azərbaycan çempionatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, yarışlarda 25 senior gimnast, həmçinin 1999-2001-ci illər təvəllüdlü idmançılar iştirak etmişlər. Çempionata Respublika Kompleks İdman Məktəbinin və “Baku Flames” klubunun gimnastları ilə yanaşı, “Neftçi”, Bakı Gimnastika Məktəbi, “Spartak”, Şağan Olimpiya İdman Kompleksi və “Ocaq Sport Klubu”nun idmançıları da qatılmışlar.

Gimnastlar mütləq çoxnövçülükdə, o cümlədən ayrı-ayrı növlər üzrə medallar uğrunda yarışmışlar.

Qazaxıstan, Macarıstan və digər ölkələrdən dəvət olunmuş müsabiqədənkənar gimnastların çıxışları ilə əvvəlki birinciliklərdən fərqlənən çempionat gərgin idman mübarizəsi şəraitində keçmişdir.

Çempionatın nəticələrinə görə, yuniorlar arasında halqa və gürzlərlə yarışda Jalə Piriyeva, top və lentlə yarışlarda isə Züleyxa İsmayılova birinci yerləri tutmuşlar.

 Yuniorlar arasında çoxnövçülük yarışları üzrə ölkə çempionatının qalibi Züleyxa İsmayılova olmuşdur.

Böyüklər arasında topla və  gürzlərlə yarışlarda Marina Durunda birinci olmuşdur. Halqa ilə yarışlarda Lalə Yusifova, lentlə yarışlarda isə Gülsüm Şərifzadə qızıl medal qazanmışlar.

Böyüklər arasında  gimnastika üzrə XXI Azərbaycan çempionatının çoxnövcülük yarışlarının qalibi isə Marina Durunda olmuşdur.

Qeyd edək ki, yarış iyunun 13-dən 15-dək keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı ərəfəsində test turniri xarakteri daşımışdır.

Çempionatın bağlanış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, idmançılarımızın göstərdikləri yüksək nəticələr respublikamızın təkcə idman sahəsində potensial imkanlara malik olmasını nümayiş etdirmir. Bu, həm də Azərbaycanda idmana dövlət qayğısını əks etdirən göstəricilərdir. Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda ümummilli liderin siyasəti Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra çıxış edən Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov demişdir ki, Azərbaycanda gimnastika müasirinkişaf etmiş infrastrukturu olan ən sevimli idman növlərindən biridir.

Federasiyanın vitse-prezidenti qeyd etmişdir ki, ölkəmizin gimnastika məktəbinin nailiyyətləri artıq dünyanın idman ictimaiyyəti tərəfindən təqdir edilir. Bütün bunlar ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbərliyi sayəsində mümkün olmuşdur.

 Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən idman siyasətinin uğurlarından danışan A.Həsənov  bildirmişdir ki, hazırda ölkəmizdə idmançı olmaq sözün əsl mənasında şərəfli işdir. Bu, hər şeydən əvvəl bədii gimnastikada nəzərə çarpır.

Dövlət himninin səsləndirilməsindən sonra ölkə çempionatı bağlı elan olunmuşdur.

 

Azərbaycan.-2014.- 20 aprel.- S.7.