Azərbaycan-ABŞ hərbi əlaqələri
müxtəlif proqramlar çərçivəsində
uğurla davam edir
Aprelin
19-da Azərbaycan Respublikasının müdafiə naziri,
general-polkovnik Zakir Həsənov ABŞ Nümayəndələr
Palatasının xarici əlaqələr komitəsinin sədri,
konqresmen Ed Roysun rəhbərlik etdiyi konqresmenlərdən ibarət
nümayəndə heyəti ilə
görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Zakir Həsənov Azərbaycan-ABŞ hərbi əlaqələrinin müxtəlif proqramlar çərçivəsində uğurla davam etdiyini, terrorizmə qarşı mübarizə və NATO-nun Əfqanıstanda həyata keçirdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üzrə əməliyyatlarına Azərbaycan Respublikası sülhməramlı qüvvələrinin verdiyi töhfəni xüsusi vurğulamışdır.
Müdafiə naziri qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini bildirmişdir.
Görüşdən məmnun qalan konqresmenlər ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə və Əfqanıstan ilə bağlı uğurlu əməkdaşlığı yüksək qiymətləndirmişlər.
Sonda qarşılıqlı maraq doğuran regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşdə ABŞ-ın Azərbaycandakı
səfiri Riçard Morninqstar
iştirak etmişdir.
Azərbaycan.-2014.- 20 aprel.- S.2.