Azərbaycan Prezidenti İlham Əliyev Kamboca
Krallığının
Baş nazirinin rəhbərlik etdiyi
nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də
Kamboca Krallığının Baş naziri Hun Senin rəhbərlik
etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Kamboca
Krallığının Baş nazirinin Azərbaycana ilk səfərinin
əlaqələrimizin inkişafı baxımından tarixi əhəmiyyət
daşıdığını bildirən dövlətimizin
başçısı səfərin uğurlu olacağına
əminliyini ifadə etdi. Prezident İlham Əliyev ölkələrimiz
arasında əməkdaşlığın inkişaf etdirilməsi
və güclü tərəfdaşlıq əlaqələri
qurulması üçün yaxşı imkanların
olduğunu vurğuladı. Dövlətimizin
başçısı Kamboca Krallığının Baş
naziri Hun Senin başçılıq etdiyi nümayəndə
heyətinin ölkəmizə səfərinin təkcə
siyasi sahədə deyil, iqtisadi sahədə də əməkdaşlıq
imkanlarını müzakirə etmək üçün
yaxşı fürsət yaradacağına ümidvar
olduğunu bildirdi.
Baş
nazir Hun Sen Kamboca Kralı Norodom Sihamoninin salamlarını
Prezident İlham Əliyevə çatdırdı. Azərbaycana
səfərindən məmnunluğunu ifadə edən Baş
nazir xalqımızın ümummilli lideri Heydər Əliyev
ilə iki dəfə görüşdüyünü
böyük ehtiramla xatırladı. Baş nazir Azərbaycanda
gedən sürətli iqtisadi inkişaf proseslərinin onda dərin
təəssürat yaratdığını dedi. Bu il Azərbaycan
ilə Kamboca arasında diplomatik əlaqələrin
qurulmasının 20 illik yubileyinin olacağını
vurğulayan Hun Sen ölkəsinin Azərbaycanla ikitərəfli
əlaqələri genişləndirməkdə maraqlı
olduğunu dedi. Baş nazir ölkələrimizin beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlığının
genişləndirilməsinin əhəmiyyətini
vurğuladı. Kamboca Krallığının Baş naziri
Hun Sen Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə
səfərə dəvət etdi.
Dövlətimizin
başçısı Kral Norodom Sihamoninin salamlarına
görə minnətdarlığını bildirdi, onun da
salamlarını Kamboca Kralına çatdırmağı
xahiş etdi.
Azərbaycan.-2014.- 22 aprel.- S.1.