Kamboca Krallığı Azərbaycan
ilə əlaqələrin genişlənməsində
maraqlıdır
Aprelin
21-də Azərbaycan Respublikası Milli Məclisinin sədri
Oqtay Əsədov Kamboca Krallığının Baş naziri
Hun Senin rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşmüşdür.
AzərTAc
xəbər verir ki, görüşdə Oqtay Əsədov Azərbaycan
ilə Kamboca arasında əlaqələrin genişlənməsinin
önəmini qeyd etmişdir. O, Azərbaycanın Kamboca ilə
bütün sahələrdə əməkdaşlığa
hazır olduğunu diqqətə
çatdırmışdır. Milli Məclisin sədri əmin
olduğunu bildirmişdir ki, bu səfər ölkələrimiz
arasında əlaqələrin daha da genişləndirilməsinə
töhfə verəcəkdir.
Oqtay
Əsədov dünyada parlament diplomatiyasının aktual
olduğu bir vaxtda hər iki ölkənin qanunverici
orqanlarında dostluq qrupunun yaradılmasının vacibliyini
vurğulamışdır.
Son
10 ildə ölkəmizin sürətli tərəqqisindən
və əldə etdiyi nailiyyətlərdən danışan
Oqtay Əsədov bildirmişdir ki, Azərbaycan iqtisadi
inkişafına görə qabaqcıl dövlətlər
sırasındadır. Cənubi Qafqazın iqtisadi
potensialının 80 faizi Azərbaycanın payına
düşür.
Azərbaycanda
32 il əvvəl səfərdə olduğunu deyən Hun Sen
iki ölkə arasında diplomatik əlaqələrin
qurulmasının 20 illik yubileyinin qeyd olunduğu il yenidən
respublikamıza gəlməsini əlamətdar hadisə kimi dəyərləndirmişdir.
O, Kambocanın Azərbaycan ilə ikitərəfli əlaqələri
genişləndirməkdə maraqlı olduğunu
vurğulamışdır. Qonaq iki ölkə arasında
investisiya qoyuluşu ilə bağlı imzalanması nəzərdə
tutulan sənədin əhəmiyyətindən
danışmışdır. Hun Sen Azərbaycanın Kambocaya
investisiya yatırmasında maraqlı olduqlarını və
neft-qaz mütəxəssislərinin hazırlanmasında
ölkəmizin təcrübəsini öyrənmək istədiklərini
bildirmişdir.
Söhbət
zamanı qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2014.- 22 aprel.- S.2.