Azərbaycan və Pakistan arasında rabitə və informasiya-kommunikasiya

 texnologiyaları sahəsində əməkdaşlıq genişlənir

 

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Xalid Usman Qayser ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazir Əli Abbasov ölkələrimiz arasındakı yüksəksəviyyəli əlaqələrdən, o cümlədən rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafından söz açmışdır.

Nazir, həmçinin rəhbərlik etdiyi sahədə yeni istiqamətlər, o cümlədən yüksək texnologiyalar üzrə əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırmışdır.

İki dost ölkə arasında müxtəlif sahələr üzrə münasibətlərin inkişafında maraqlı olduqlarını bildirən Xalid Usman Qayser yeni əlaqələrin qurulması, qarşılıqlı mütəxəssis hazırlığı və s. istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsini vacib saymışdır.

Pakistanlı diplomat dostluq müstəvisində təməli qoyulan münasibətlərin daha da inkişaf etdirilməsi üçün Azərbaycandakı diplomatik fəaliyyəti dövründə səylərini əsirgəməyəcəyini bildirmişdir.

Nazir də öz növbəsində səfirin fəaliyyətinin iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulamış və ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.

 

Azərbaycan.-2014.- 22 aprel.- S.2.