İnsan və vətəndaş hüquq və azadlıqlarına etibarlı təminat yaratmış lider

 

İstənilən yeni müstəqil dövlətin milli inkişaf yolunun başlanğıcdan düzgün müəyyənləşdirilməsi onun mövcudluğunun qorunub saxlanılması və gələcək tərəqqisi baxımından vacib amildir. Dövlətçiliyin ideoloji-siyasiiqtisadi əsaslarının elmi təməl üzərində qurulması, cəmiyyətin potensial imkanlarının milli intibah prosesinə məqsədyönlü şəkildə cəlb olunması son nəticədə xalqları davamlı, sabit inkişaf yoluna çıxararaq dövrün ağır sınaqlarından, təbəddülatlarından qoruyur. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında dövlətçiliyin iqtisadi, siyasi, hüquqiideoloji əsaslarını sarsıdan bir çox sosial-mənəvi problemlər də məhz milli strategiyanın olmaması üzündən meydana çıxmışdı.

1991-ci ildən 1993-cü ilin iyun ayınadək respublikanın üzləşdiyi böyük problemlər, ilk növbədə xalqın dəstəklədiyi legitim hakimiyyətin, eyni zamanda yeni ictimai-iqtisadi formasiyada dövlətin gələcək inkişaf yolunu düzgün müəyyənləşdirə biləcək qətiyyətli və müdrik siyasi rəhbərin olmaması ilə bağlı idi. Hələ 1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın 12-ci maddəsində Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik, hüquqiunitar dövlət yaratma yolunu tutması fikri əksini tapmışdı. Konstitusiya Aktında hakimiyyətin və bütün təbii sərvətlərin xalqa mənsubluğu, mülkiyyətin bütün formalarının bərabərliyi, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təminatı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi prinsipləri də rəsmən elan edilmişdi. Lakin 1991-1993-cü illərdə bir tərəfdən ictimai-siyasi sabitliyin, qanunçuluğun kövrək xarakter daşıması, xalqla hakimiyyət arasında mənəvi-siyasi böhranın dərinləşməsi, qanunsuz silahlı qüvvələrin baş alıb getməsi, digər tərəfdənsə iqtisadi tənəzzülün dərinləşməsi bu məqsədlərin praktik surətdə gerçəkləşməsinə imkan verməmişdi.

İstiqlaliyyətini bərpa etmiş Azərbaycanın ilk iki ildə üzləşdiyi fəlakət və sarsıntılar, sosial-iqtisadi böhran, xaosanarxiya mühiti təsdiqlədi ki, müstəqilliyin qorunub saxlanması onun qazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə respublikamız de-yure müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdi. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğunhüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı.

1993-cü ilin iyununda, kifayət qədər mürəkkəb siyasi şəraitdə xalqın təkidli çağırışına biganə qalmayaraq Naxçıvandan Bakıya dönən, vəziyyəti sabitləşdirərək ölkəyə rəhbərlik missiyasını inamla həyata keçirməyə başlayan ulu öndər Heydər Əliyev qısa müddətdə ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsinə nail olmuş, sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyəti istiqamətində mühüm addımlar atmışdır. 1993-cü ilin 15 iyununda Heydər Əliyevin Azərbaycan Ali Sovetinin - parlamentinin Sədri seçilməsi isə qanunverici orqanın cəmiyyətdəki nüfuzunu qaldırmış, onun fəaliyyətinin təkmilləşməsinə, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə, habelə milli parlamentarizm ənənələrinin inkişafına böyük zəmin yaratmışdır.

1993-cü ilin 10 oktyabrında xalqın böyük dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən ulu öndər Heydər Əliyev qanunvericilik təşəbbüsü hüququndan istifadə etməklə, bu istiqamətdə əlavə tədbirlərin həyata keçirilməsini də təmin etmişdir. Ümummilli liderin ölkədə hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində ilk addımlardan biri də məhz 9 avqust 1994-cü il tarixli "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğunhüquq qaydasının möhkəmləndirilməsi haqqında" fərman olmuşdur. Həmin fərmanla cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir.

Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına doğru uzanan mürəkkəb prosesin məhz 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyaya əsaslandığını xüsusi vurğulamağa ehtiyac yoxdur. Konstitusiyanın 158 maddəsindən 48-nin, yəni üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması ulu öndər Heydər Əliyevin demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləyir. Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında BMT-nin 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları tam və əhatəli şəkildə təsbit olunmuşdur. Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan etmişdir. Konstitusiya bu deklarativ norma ilə kifayətlənməyərək, başqa bir maddədə insan və vətəndaş hüquqlarını, azadlıqlarını gözləməyi və qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə vəzifə olaraq qoymuşdur.

Konstitusiyanın qəbulundan sonra ümummilli lider Heydər Əliyev hüquq-mühafizə orqanlarının fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılması üçün bir sıra mükəmməl qanunvericilik aktlarının qəbulunu təmin etmişdir. Bu məqsədlə 21 fevral 1996-cı il tarixdə Hüquq İslahat Komissiyası yaradılmış, Avropa Şurasının tövsiyələri nəzərə alınmaqla hazırlanmış "Konstitusiya məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Notariat haqqında" və s. qanunların qəbulu məhkəmə-hüquq islahatlarının məntiqi yekunu olmuşdur.

Ötən əsrin 90-cı illərinin sonlarına doğru ulu öndər Heydər Əliyevin ən prinsipial addımlarından biri də ölkədə söz, fikir və mətbuat azadlığının tam təmin edilməsidir. Ümummilli liderin 1998-ci il 6 avqust tarixli "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı ilə kütləvi informasiya vasitələri üzərində senzura ləğv olunmuş, bu sahənin inkişafını stimullaşdıran bir sıra zəruri tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Avropa Şurasında "xüsusi qonaq statusu"nda iştirakının 1996-cı il iyunun 28-dən etibarən təmin olunması milli qanunvericiliyin Avropa standartlarına yüksəlməsinə, təşkilatla əlaqə və dialoqun intensivləşməsinə zəmin yaratmışdır. Eyni zamanda ulu öndər Heydər Əliyevin 8 iyul 1996-cı il tarixli "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında", 20 yanvar 1998-ci il tarixli "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında", habelə 14 may 1999-cu il tarixli "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin təmin edilməsi haqqında" sərəncamları Avropa Şurasına üzvlük üçün tələb olunan hüquqi-siyasi prosedurların sürətlə keçilməsinin işlək mexanizmlərini hazırlamağa imkan vermişdir.

Ulu öndər Heydər Əliyev Avropa Şurasına üzvlük naminə riskliprinsipial addımlar atmaqdan belə çəkinməmişdir. Ulu öndərin 4 may 1995-ci il tarixli fərmanı ilə Əfvetmə institutunun bərpası və Prezident yanında Əfv komissiyasının yaradılması, 1995-ci ildən ölüm hökmü cəzası üzərində moratoriumun qoyulması, 1998-ci ilin 10 fevralında isə bu cəzanın tam ləğv edilməsi deyilənləri bir daha təsdiqləyir.

1995-2003-cü illərdə ümummilli lider Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanmış, bu fərmanlar 3104 məhkuma şamil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-ci illərdə 8 amnistiya haqqında qanun imzalamış, 21325 məhkum azadlığa buraxılmış, bu amnistiya aktları 77 mindən artıq məhkuma şamil edilmişdir.

Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin 22 fevral tarixli "Azərbaycan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" imzaladığı fərmanda insan hüquqlarının təminatı yönümündə həyata keçirilən islahatların konsepsiyası müəyyən edilmişdir. Azərbaycanın yeni inkişaf mərhələsinə adekvat olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti 18 iyun 1998-ci il tarixli sərəncamla "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nı təsdiq etmişdir.

Həyata keçirilən mütərəqqi-məhkəmə hüquq islahatlarının məntiqi nəticəsi olaraq Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv seçilmiş, təşkilat qarşısında götürdüyü öhdəlikləri vaxtında icra etmişdir. İmzalanmış çoxsaylı əfv fərmanları nəticəsində qondarma "siyasi məhbuslar" problemi qapanmış, insan hüquqlarının təminatına xidmət edən yeni qanunlar qəbul olunmuş, o cümlədən İctimai televiziya fəaliyyətə başlamışdır. Rəsmi Bakı təşkilatın ölkənin demokratik inkişafına xidmət edən bütün mütərəqqi təklif və tövsiyələrini nəzərə alaraq AŞ PA həmməruzəçilərinin respublikada müntəzəm monitorinq aparmasına şərait yaratmışdır. 28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun qəbulu, 2002-ci ildə Ombudsman institutunun fəaliyyətə başlaması üçün maddi-texniki bazanın təşkili insan və vətəndaş hüquqlarının təmini istiqamətində respublikada həyata keçirilən hüquqi islahatların məntiqi davamı olmuşdur.

1998-ci il 1 dekabr tarixli "Məhkəmələr və hakimlər haqqında" qanunla ölkədə üçpilləli məhkəmə hakimiyyəti formalaşdırılmışdır. Aparılan məhkəmə-hüquq islahatı nəticəsində keçmiş sovetlər birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuş, birinci instansiya, apelyasiyakassasiya instansiyalarından ibarət yeni üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır.

Bu islahatlara adekvat olaraq məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının da cəmiyyətdə roluna yenidən baxılmış, onun fəaliyyəti beynəlxalq normalarademokratik institutların tələblərinə uyğunlaşdırılmışdır.

Tarixi təcrübə sübut edir ki, dövlət idarəetmə sistemində davamlı uğur və nailiyyətlərə yol açan vacib amillərdən biri məhz siyasi varislik ənənələrinin təmin olunmasıdır. Müstəqil Azərbaycanın son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub saxlaması da məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış mükəmməl mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində gerçəkləşmişdir. 2004-cü ildən Azərbaycan-Avropa Şurası birgə işçi qrupları yaradılaraq onun tərkibinə nüfuzlu beynəlxalq ekspertlər daxil edilmiş, çoxşaxəli fəaliyyət planı hazırlanıb həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində "Məhkəmələr və hakimlər haqqında" qanun əsaslı şəkildə yenilənmiş, "Məhkəmə-Hüquq Şurası haqqında" yeni qanun, "Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə", "Hakim vəzifələrinə namizədlərin seçimi Qaydaları", Hakimlərin Etik Davranış Kodeksi, məhkəmələrdə işin şəffaf təşkili ilə bağlı digər mühüm sənədlər qəbul edilmişdir və hazırda uğurla tətbiq olunur.

19 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərman respublikanın məhkəmə sisteminin əsaslı şəkildə müasirləşdirilməsi və təkmilləşdirilməsi prosesində ən mühüm addımlardan biri olmuşdur. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələn həmin fərman əsasında bölgələrdə yeni apelyasiyaiqtisad məhkəmələrinin yaradılması təmin edilmişdir. Fərman əsasında, həmçinin Ədliyyə Akademiyası yaradılmış, Hakimlərin Etik Davranış Kodeksi hazırlanaraq təsdiqlənmiş, məhkəmələrdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, məhkəmə təcrübəsində nəzərə alınması təmin olunmuşdur.

Son illər Avropada ən mütərəqqi və şəffaf hesab edilən bu qaydalar əsasında 2200 namizəd sırasından seçilmiş 311 nəfər yüksək hazırlıqlı hüquqşünas müxtəlif hakim vəzifələrinə təyin edilmişdir. Bundan başqa, korrupsiya hallarının qarşısının alınması üçün hakimlər tərəfindən vətəndaşların qəbulu qadağan edilmiş, məhkəmə qərarlarının dərci nəzərdə tutulmuş, məhkəmələrdə kargüzarlığın aparılmasının yeni, demokratik qaydaları müəyyən olunmuşdur.

Ümumiyyətlə, son illər ölkədə 20-dək yeni regional məhkəmələr, o cümlədən apelyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələr fəaliyyətə başlamışdır. 2011-ci il yanvarın 1-dən inzibati xarakterli işlərə ümumi yurisdiksiyalı məhkəmələrdə deyil, inzibati-iqtisadi məhkəmələrdə baxılır. Bu isə inzibati xarakterli mübahisələrin ixtisaslaşmış birinci məhkəmə instansiyasında tam, ədalətli, obyektiv araşdırılmasına, qanunamüvafiq şəkildə baxılmasına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir. Hakimlərin maddi təminatının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmış, 2000-ci illə müqayisədə onların əməkhaqqı orta hesabla 30 dəfə artırılmış, şəraitinin müasir tələblərə uyğun qurulması üçün onlarca yeni, müasir məhkəmə binaları istifadəyə verilmişdir. Müasir texnologiya və avadanlıqlarla təchiz olunmaqla istifadəyə verilmiş yeni məhkəmə binalarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün bütün zəruri infrastruktur quraşdırılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamında isə Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğuinsan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi diqqətə çəkilmişdir. Bundan əlavə, dövlət başçısının müvafiq fərman və sərəncamları ilə 18 iyun tarixinin İnsan Hüquqları Günü elan olunması, eyni zamanda Azərbaycan Respublikasının Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının imzalanması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi demokratikhüquqi dövlət quruculuğu sahəsində əldə etdiyimiz mühüm nailiyyətlərdəndir. 

Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı" da məhz "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının tələblərindən irəli gələn mükəmməl sənəddir. Xatırlatmaq vacibdir ki, bu, dövlət başçısının insan hüquqları sahəsində imzaladığı ilk proqram deyil. Cənab İlham Əliyev hələ 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nı təsdiq etmiş, həmin sənədə əsasən, Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları, məhkəmələri və Baş Prokurorluğu normativ hüquqi aktların tətbiqi zamanı insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti gücləndirmişlər. Həmçinin Fəaliyyət Planının II hissəsində nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə BMT-nin insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış müvafiq qurumları, həmçinin Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumlarla əməkdaşlıq sahəsində tədbirlər görülmüş, çoxsaylı birgə proqramlar uğurla reallaşdırılmışdır.

Yaşadığı zaman və məkandan asılı olmayaraq vicdanının səsi ilə hərəkət edən, bütün varlığı ilə düzgünlüyə, ədalətə can atan böyük liderlər bütün cəmiyyətlərdə sevilib-seçiliblər. Parlaq şəxsiyyəti, yüksək mənəvi idealları ilə tanınan ulu öndər Heydər Əliyevin həyat amalı da, ilk növbədə onun cəmiyyətə fayda verməyə haqq-ədaləti, qanunçuluğu təmin etməyə hesablanmış fəaliyyətində təcəssümünü tapmışdır. Ulu öndərin əsasını qoyduğu mütərəqqi hüquq islahatlarının uğurla davam etdirilməsi isə keyfiyyətcə yeni mərhələdə məhkəmə hakimiyyətinin müstəqilliyinə, ədalət mühakiməsinin səmərəliliyinə etibarlı təminatdır.

 

Elməddin İBRAHİMOV,

Neftçala rayon məhkəməsinin sədri

Azərbaycan.-2014.- 22 aprel.- S.3.