Bakıətrafı qəsəbələrin yol infrastrukturu yenidən qurulur

 

Son illər yalnız Bakının yox, ətraf qəsəbə və kəndlərinin də görkəmi əsaslı şəkildə dəyişir. 10-15 il əvvəl bu qəsəbələrdən sosial problemlər ucbatından Bakının mərkəzinə və ya başqa yerlərə yaşamağa gedənlər artıq öz ata-baba yurdlarına dönürlər. İndi Bakı qəsəbələrinin hansından söhbət açsan, hansını gəzib-dolaşsan görərsən ki,  əvvəlki yaşayış məntəqələrindən əsər-əlamət qalmayıb, qalan yalnız onların adlarıdır.

"2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın uğurlu icrası nəticəsində bu qədim yaşayış yerləri Bakının şimal istiqamətindən tutmuş cənub qapısınadək müasirləşib, yeniləşib.

Bu yeniliklər arasında müasir yol infrastrukturunun yaradılması xüsusi yer tutur. Son 3 il ərzində Bakıətrafı 22 qəsəbənin 420 mindən çox sakininin istifadə etdiyi 62 kilometr qəsəbələrarası yollar təmir olunub, rayon və qəsəbədaxili yollara 3 milyon kvadratmetrdən çox asfalt örtük salınıb, 41 körpü, tunelpiyada keçidi istifadəyə verilib. Bu yeniliyin, bu inkişafın başlıca səbəbi isə həyata keçirilən  məqsədyönlü siyasət, onun davamlı xarakter alması və bu yöndə qəbul olunmuş dövlət proqramlarının uğurlu icrasıdır.

Paytaxtın şimal giriş qapısından - Binəqədi rayonunun ərazisindən paytaxta gələn yol, burada aparılan əsaslı tikinti, quruculuq və abadlıq işləri şəhərə gələn hər kəsi heyran edir. Bu yolun Biləcəri qəsəbəsinin yaxınlığından keçən hissəsi və Beynəlxalq Avtovağzal kompleksində aparılan yenidənqurma və yaşıllaşdırma  işləri göz oxşayır.   Bununla belə səhər və axşam saatlarında burada avtomobillərin yaratdığı tıxac insanlarda narahatlıq yaradır, nəqliyyatın hərəkətini bir qədər çətinləşdirir. Odur ki, dövlət başçısının sərəncamı ilə bu problemi aradan qaldırmaq üçün ərazidə yeni yol çəkilir - Biləcəri-Xocasən avtomobil yolunun Sulutəpə-Biləcəri hissəsi genişləndirilir. İşlər başa çatdıqdan sonra yol 8 hərəkət (4 gediş, 4 gəliş) zolağından ibarət olacaq. Uzunluğu 1,5 kilometr olacaq yeni yolun istifadəyə verilməsi Bakı-Sumqayıt yolunda tıxacların aradan qaldırılmasına imkan yaradacaq, həmçinin bir neçə istiqamətdə avtomobillərin rahat və təhlükəsiz hərəkətini təmin edəcək. Yenidənqurma işləri çərçivəsində Xocasən istiqamətində yeni dairə də yaradılacaq. Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri 4 zolağın hesabına həm Xocasən, həm də Bakı-Sumqayıt-Yevlax avtomobil yoluna sərbəst çıxa biləcəklər. Hazırda yeni yolun müxtəlif istiqamətlərində torpaqbərkitmə işləri aparılır. Ötən ilin dekabr ayından başlanan bu işlərin cari ilin sonunadək tamamlanması nəzərdə tutulur.

Dövlət başçısının ötən ilin iyun ayında imzaladığı sərəncama əsasən, Prezidentin Etiyat Fondundan Sabunçu rayonunun Zabrat, NardaranMaştağa qəsəbələrindəki avtomobil yollarının tikintisi və yenidən qurulması üçün ayrılmış 2 milyon manat vəsait hesabına Zabrat qəsəbəsində 14 küçədə 106 min, Nardaranda  13,5 min, Maştağada 17,5 min kvadratmetr yol tikintisi və keyfiyyətli asfaltlama işləri aparılıb. Maştağa qəsəbəsinin bir sıra küçələrində 65 min kvadratmetrə yaxın yolda təmir işləri görülüb. Ümumiyyətlə, bu və digər mənbələr hesabına rayonun qəsəbədaxili yollarına il ərzində 380 min kvadratmetrdən çox asfalt döşənib, yolqırağı zolaqlar səliqəyə salınıb. O cümlədən Bakıxanov qəsəbəsindəki mərkəzi küçələrdən birində genişləndirmə işləri aparılıb, oradakı kommunikasiya xətlərinin yeri dəyişdirilib, yüksək gərginlikli hava xətti yerin altı ilə çəkilib, küçədə müasir işıqlandırma sistemi qurulub. Həmçinin Sabunçu qəsəbəsindəki Elşən Mehdiyev küçəsindən Bakıxanov körpüsünə qədər olan yolun hər iki tərəfindəki hasar və tikililər aqlay daşı ilə üzlənib, yolun ətrafında yaşıllaşdırma və abadlıq işləri aparılıb.

Paytaxtın Qaradağ rayonunun şimal-şərqində - Bakı-Astara (Qazax) magistral avtomobil yolunun Sahil qəsəbəsindən keçən hissəsinin 2 hektar ərazisində abadlıq işləri görülüb, yeni yaşıllıq zolaqları salınıb. Binə Ticarət Mərkəzinin qarşısından keçən yol da əsaslı təmir edilib, onun hər iki zolağına asfalt döşənib. Sahil qəsəbəsinin ərazisində yerləşən Qaradağ dəmir yolu stansiyası ərazisində isə istinad divarları hörülüb, ərazidə səliqə-sahman işləri aparılıb. Bunlardan əlavə, Bakı-Astara magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsinin solsağ kənarlarına istinad divarları tikilib, yol boyu 2 mindən çox ağac və bəzək kolları əkilib. Rayon ərazisindəki kəndarası yollara və məhəllədaxili həyətlərə isə 241 min kvadratmetr asfalt döşənib.

Suraxanı rayonunda da bir sıra qəsəbələri və yaşayış sahələrini paytaxtın mərkəzi ilə birləşdirən avtomobil yolu əsaslı təmir edilib. Zıg dairəsi - aeroport yolunun  çəkilməsi rayonun yol infrastrukturunu xeyli yaxşılaşdırıb. Ümumiyyətlə, rayon ərazisində 250 min kvadratmetr asfalt örtüyü salınıb. Hövsanda isə yeni qəsəbə salınacaq. Tikinti-quruculuq işləri zamanı yeni yol şəbəkəsi, yaşıllaşdırma zonası, geniş yerüstü dayanacaq yaradılacaq.

Bakıətrafi kənd və qəsəbə yollarının əsaslı təmiri və yenidən qurulması paytaxtın özünə də uyarlılıq gətirir. Coğrafi relyefə uyğun Bakıda və onun ətraf qəsəbələrində paralel yaradılan yeni yol infrastrukturu  sakinlərin və bölgələrdən şəhərimizə yolu düşən vətəndaşlarımızın rahatlığına səbəb olur. Son illər Bakıda yol şəbəkəsinin inkişafı məqsədilə 379 kilometr yol çəkilib, müxtəlif səviyyəli 40 yol qovşağı, körpütunel tikilibya yenidən qurulub, vətəndaşların təhlükəsizliyini təmin edən 37 piyada keçidi inşa edilib.

Bakıda və onun ətraf qəsəbələrində istər şəhərlərarası magistral yolların, istərsə də qəsəbə və kəndarası yolların əsaslı təmiri və yenidən qurulması növbəti illərdə də  davam etdiriləcək. Gündən-günə abadlaşan Bakı kəndlərinin yolları, küçələri bundan da rahat və gözəl olacaq. Çünki Prezident İlham Əliyevin sərəncamı ilə əvvəlki dövlət proqramlarının davamı olaraq "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" qəbul edilmişdir. Yeni proqramın icrası ilə əlaqədar dövlət başçısı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafında dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda demişdir: "...Üçüncü proqramın həyata keçirilməsi nəticəsində bütün infrastruktur layihələri artıq tam şəkildə icra ediləcəkdir".

 

Rəhman SALMANLI,

Azərbaycan.-2014.- 22 aprel.- S.5.