Iqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirilmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında dövlətimizin başçısı tərəfindən
verilmiş tapşırıqların icrası ilə əlaqədar
İqtisadiyyat və Sənaye Nazirliyində geniş
müşavirə keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, İqtisadiyyat və Sənaye Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 2014-cü ilin birinci rübündə qazanılmış sosial-iqtisadi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti proqram xarakterli çıxışında əldə edilmiş uğurların daha da möhkəmləndirilməsi üçün gələcək inkişafın əsas prioritetlərini müəyyənləşdirmiş və hər bir sahə üzrə konkret tapşırıqlar vermişdir. Belə ki, Nazirlər Kabinetinin iclasında dövlətimizin başçısı aidiyyəti qurumlar, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsinin və qeyri-neft sektorunun inkişafının davam etdirilməsi, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, Dövlət İnvestisiya Proqramının tam icrası, xarici borcun ümumi daxili məhsulda payının birrəqəmli səviyyədə saxlanılması, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının uğurlu icrası və 2018-ci ilədək regionlarda əsas sosial infrastruktur və iqtisadi məsələlərin həlli, Bakı və onun qəsəbələrində infrastruktur layihələrinin icrası, qazlaşdırmanın başa çatdırılması, elektrik enerjisi ilə təminatın daha da yaxşılaşdırılması, içməli su, kanalizasiya, magistral və kənd yollarının inşası, məktəblərin, səhiyyə obyektlərinin tikilməsi, yeni iş yerlərinin açılması, yeni tikilən beynəlxalq dəniz limanının birinci mərhələsinin bu il tamamlanması, Gəmiqayırma Zavodunun fəaliyyətinin genişləndirilməsi, “Şahdəniz-2”, TANAP və TAP layihələrinin icrası, sahibkarlığın inkişafı, kənd təsərrüfatının, emal sənayesinin inkişafında güzəştli kreditlərdən daha səmərəli istifadə olunması, sosial proqramların icrası, orta aylıq əmək haqqı və pensiyaların artırılması, xarici investisiyaların ölkənin inkişafı üçün prioritet sahələrə cəlb edilməsi, Avropa Oyunlarına hazırlıq işlərinin davam etdirilməsi və s. mühüm tapşırıqlar müəyyənləşdirmişdir.
2014-cü ilin “Sənaye ili” elan edilməsinin dövlətimizin başçısının ölkəmizdə sənayeləşməyə verdiyi böyük əhəmiyyətin göstəricisi olduğunu vurğulayan Şahin Mustafayev Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidenti tərəfindən sənayenin inkişafına xüsusi diqqət göstərilməsi, hər bir rayonda sənaye məhəllələrinin, xüsusilə Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdə sənaye zonalarının təşkili istiqamətində tapşırıqlar verildiyini demişdir.
Bildirilmişdir ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq, qarşıdakı dövrdə də kənd təsərrüfatının inkişafı prioritet istiqamətlərdən biri kimi qalacaqdır. Bu sahədə aparılan islahatların dərinləşdirilməsi, məhsuldarlığın artırılması, kənd təsərrüfatının texniki təminatının daha da yaxşılaşdırılması və digər tədbirlər nəticəsində daha böyük ixrac potensialının yaradılması, kənd təsərrüfatının inkişafının müsbət demoqrafik dinamika ilə uzlaşdırılması barədə konkret tapşırıqlar verilmişdir. Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini, istehsalı mümkün olan bütün məhsulların Azərbaycanda istehsal edilməsini və idxaldan asılılığın azaldılmasını da vəzifə olaraq müəyyənləşdirmişdir.
Nazirlər Kabinetinin iclasında ekoloji məsələlər də Azərbaycan Prezidentinin diqqətində olmuş, ətraf mühitin qorunması, ağacların kəsilməsi ilə bağlı daha ciddi məsuliyyət tədbirlərinin görülməsi, ərazilərin yaşıllaşdırılması, eləcə də Bakıda mövcud olan göllərin, o cümlədən Böyükşor gölünün təmizlənməsi və gölün ətrafında bulvarın yaradılması istiqamətində müvafiq tapşırıqlar verilmişdir.
Nazir Şahin Mustafayev dövlətimizin başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdiyi çıxışından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar vermişdir.
Müşavirədə dövlət investisiyalarının səmərəli istifadəsinə və infrastruktur layihələrinin icrasına nəzarətin gücləndirilməsi, bu sahədə mütəmadi monitorinqlərin keçirilməsinin vacibliyi qeyd olunmuş, nazirliyin müvafiq strukturlarına 2014-cü ildə sahibkarlığın dəstəklənməsi tədbirlərinin daha da gücləndirilməsi, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, maarifləndirmə, biznes forumların, işgüzar görüşlərin davam etdirilməsi, regionların və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası barədə tapşırıqlar verilmişdir.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2014-cü ilin ölkədə “Sənaye ili” elan edilməsinə dair Tədbirlər Planının təsdiq edildiyini diqqətə çatdıran Şahin Mustafayev sənəddə nəzərdə tutulan tədbirlərin də keyfiyyətli icrasına dair göstəriş vermişdir.
Müşavirədə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinin, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasının mühüm vəzifə kimi qarşıya qoyulduğu və bu sahədə işlərin sürətləndirilməsinin vacibliyi vurğulanmış, qeyri-neft ixrac potensialının gücləndirilməsi, yeni ixrac bazarlarına çıxış imkanlarının araşdırılması, ixrac məhsullarının beynəlxalq standartlara uyğunlaşdırılması, iri taxılçılıq təsərrüfatlarının yaradılmasının davam etdirilməsi, logistik mərkəzlərin yaradılması işlərinin sürətləndirilməsi ilə əlaqədar nazirliyin müvafiq struktur bölmələri qarşısında vəzifələr müəyyənləşdirilmişdir.
Nazirliyin müşavirəsində ekoloji tədbirlərin davam etdirilməsi, göllərin, xüsusilə Böyükşor gölünün təmizlənməsi sahəsində işlərin sürətləndirilməsi və 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına qədər layihənin birinci mərhələsinin tam başa çatdırılmasının, bu sahədə işlərin sürətləndirilməsinin vacibliyi vurğulanmışdır.
Müşavirədə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
qarşıya qoyulmuş vəzifələrin
icrası ilə bağlı Tədbirlər Planının
hazırlanması qərara alınmışdır.
Azərbaycan.-2014.- 22 aprel.- S.4.