Ətraf mühitin mühafizəsi həm də gələcəyin qarantıdır

 

Bu gün əksər ölkələrdə, o cümlədən Azərbaycanda Beynəlxalq Yer Kürəsi Günü kimi qeyd olunur. İlk dəfə bu gün 1882-ci il aprelin 22-də rəsmi şəkildə qeyd edilib. 2009-cu il aprelin 22-də BMT 63-cü sessiyasında Beynəlxalq Yer Kürəsi Gününün həm də "Ana Torpaq Günü" kimi qeyd edilməsi tövsiyə edilmişdi. Məqsəd ətraf mühitin qorunması, flora və faunanın zənginləşdirilməsi, ekoloji problemlərin həll olunması üçün cəmiyyətin bütün təbəqələrini maarifləndirmək, hər kəsi bu işdə fəallığa istiqamətləndirmək idi.

1972-ci il iyunun 5-də BMT-nin "Ətraf mühitin mühafizəsi problemlərinə dair" Stokholmda keçirdiyi konfransda "Ətraf mühit haqqında Proqramı", 6 il sonra isə təbiətin mühafizəsinin ümumdünya strategiyası qəbul edildi. Hər bir dövlətin ətraf mühitin mühafizəsi istiqamətində üzərinə düşən ekoloji öhdəliklərin yerinə yetirilməsi ilə bağlı ayrı-ayrı proqramlar təsbit olundu.

Belə zəruri tədbirlər görülməsi, həyəcan təbili çalınması heç də təsadüfi deyil.  Meşələrin qırılması, çirkab tullantıların axar sulara və dənizlərə axıdılması, havanın  və torpaqların həddən artıq çirklənməsi  hələ də davam edir. Eyni zamanda sənayenin sürətli inkişafı, urbanizasiyanın artması və əhalinin çoxalması, təbii resursların, torpaqların aramsız istismarı çox böyük problemlər yaradıb.

Təkcə bu faktı qeyd etmək kifayətdir ki, XVIII əsrdən müasir dövrə qədər Yer kürəsində olan meşə örtükləri iki dəfədən artıq azalmışdır. Ölkəmizə  gəldikdə isə Ermənistanın təcavüzü nəticəsində işğal altında qalan torpaqlarımızda ekoloji terror  vəhşicəsinə davam etdirilir. Həmin ərazilərdə  246 min hektar meşə sahəsi, 460 növdən çox yabanı ağackol bitkiləri, 70-ə yaxın endemik növ ağac və bitkiləri 20 ildir məhv edilir. Bəsitçay Dövlət Təbiət Qoruğu, Arazboyu Dövlət Təbiət Yasaqlığı, Qaragöl Dövlət Təbiət Qoruğu, Laçın Rayon Dövlət Təbiət Yasaqlığı, Qubadlı Rayon Dövlət Təbiət Yasaqlığı və Daşaltı Dövlət Təbiət Yasaqlığının ərazilərində olan qiymətli ağac və biomüxtəlifliyin vəhşicəsinə talan edilməsi buna sübutdur.

Azərbaycan dövləti ekoloji problemlərin aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirir. Müstəqillik bərpa ediləndən sonra bununla bağlı bir sıra qanun  qərarlar qəbul edildi. Ekoloji mühitin qorunması, bərpası istiqamətində yeni mərhələ başladı. Qoruqlar, yasaqlıqlar yaradıldı. Yeni meşə zolaqları salınmağa başladı. Hazırda ümumilikdə respublika ərazisinin 8 faizindən çoxunu xüsusi mühafizə olunan təbiət əraziləri təşkil edir.

"Ətraf muhitin muhafizəsi haqqında", "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" qanunların qəbulu, ekoloji təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsi, tədris müəssisələrində ekoloji təhsilə daha geniş yer ayrılması və bu sahə üzrə kadrların hazırlanması böyük əhəmiyyət kəsb etdi. Ortaali təhsil ocaqlarında, hətta məktəbəqədər tədris müəssisələrində ətraf mühitin mühafizəsinə dair təbliğat və tədris proqramları genişləndirildi. Artıq şagirdlərlə, tələbələrlə təşkil olunan görüşlər və təcrübəli ekoloqların apardığı təbliğat işləri öz effektini verməkdədir. Ali məktəblərdə yaradılan Ekologiya klubunun yaranmasından qısa vaxt keçməsinə baxmayarq bu gün 1000-dən artıq tələbə bu kluba könüllü üzv olub və onların sayı artır.

Bəli, ətraf aləmi qorumaqla özümüzü, gələcəyimizi müdafiə edirik. Ona görə hər bir vətəndaş daima onun keşiyində durmalıdır. Bu, həm bizim, bəm də gələcək nəslin sağlamlığı deməkdir.

 

Elnur HADIYEV,

Azərbaycan.-2014.- 22 aprel.- S.6.