Müdafiə Sənayesi Nazirliyinin
XIV Asiya Müdafiə Xidmətləri Sərgisində
nümayiş etdirdiyi
məmulatlar böyük maraqla
qarşılanmışdır
Müdafiə
Sənayesi Nazirliyinin (MSN) müəssisələrində
yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar
Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən
XIV Asiya Müdafiə Xidmətləri Sərgisində
(DSA-2014) nümayiş etdirilmişdir.
MSN-in
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
bununla bağlı müdafiə sənayesi naziri Yavər
Camalovun başçılıq etdiyi geniş tərkibli
nümayəndə heyəti Malayziyada səfərdə
olmuşdur.
Dünyanın
ən böyük beş müdafiə sənayesi sərgisindən
biri olan “DSA-2014”də Azərbaycan Respublikasının
Müdafiə Sənayesi Nazirliyi 132 adda müdafiə təyinatlı
məmulatla təmsil olunmuşdur.
Müdafiə
Sənayesi Nazirliyi bu sərgidə nazirliyin müəssisələrində
yaradılan və istehsal olunan “İstiqlal”, “Mübariz”,
“Yalquzaq” snayper tüfənglərini, tank və zirehli texnikalar
üçün pulemyotu, hücum pulemyotunu, ilk dəfə
olaraq universal pulemyotu, “Zəfər”, “Zəfər-K” və
“İnam” tapançalarını, pilotsuz uçuş
aparatlarını, aviasiya təlim bombasını, müxtəlif
çaplı sursatları, əleyhqazları və s. məmulatları
nümayiş etdirmişdir.
Bu məmulatlar
sərginin iştirakçıları və qonaq qismində
iştirak edən ölkələrin nümayəndə heyətləri
tərəfindən böyük maraqla
qarşılanmışdır.
MSN-in
stendində cari ilin sentyabrında Bakıda keçiriləcək
“ADEX-2014” Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin təqdimatı
da keçirilmişdir.
“DSA-2014” sərgisinin açılışından sonra iştirakçı və bu tədbirə qonaq qismində qatılan ölkələrin nümayəndələri MSN-in stendini ziyarət etmişlər. Nümayiş etdirilən məmulatlar barədə nazirliyin mütəxəssisləri tərəfindən ziyarətçilərə geniş məlumat verilmişdir. Sərgi zamanı Azərbaycanda keçiriləcək “ADEX-2014” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi ilə bağlı da ətrafı məlumatlar verilmiş və dəvətlər çatdırılmışdır.
Səfər çərçivəsində nazir Yavər Camalovun MSN-in stendini ziyarət edən Malayziyanın müdafiə naziri Hişammuddin Tun Hüseyni və Türkiyənin müdafiə nazirinin müavini Hasan Kamal Yardımçı, Əmniyyət Baş İdarəsinin rəhbəri Mehmet Kılınclar, Pakistanın böyük müdafiə şirkətlərindən olan GİDS Korporasiyası idarə heyətinin sədri Zübeyir İqbal Malikin və Tailandın Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşləri olmuşdur.
Görüşlərdə nazir Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə məlumatlar vermişdir.
Görüşlərdə müdafiə sənayesi
üzrə qarşılıqlı əməkdaşlıq məsələləri
müzakirə edilmişdir. Bu sahədə əlaqələrin inkişaf etdirilməsi üçün
birgə tədbirlərin həyata keçirilməsinə dair ümumi razılıq
əldə olunmuşdur. Eyni
zamanda, görüş
iştirakçıları sentyabrda
Bakıda keçiriləcək “ADEX-2014” Beynəlxalq
Müdafiə Sənayesi Sərgisinə dəvət edilmişlər.
Azərbaycan.-2014.- 22 aprel.- S.2.